2025-ci il FIFA Klub Dünya Kubokunun Dortmund “Borussiya”sı ilə 1/4 final oyunu (3:2) İspaniya nəhəngi “Real” üçün rekordla əlamətdar olub.
Arena.az məlumat verir ki, Madrid nəhəngi 2024/2025-ci illər mövsümündə 67-ci oyununu keçirib ki, bu da İspaniya klubları arasında milli rekorddur.
Maraqlıdır ki, paytaxt klubu özünün 66 oyundan ibarət əvvəlki şəxsi rekordunu yeniləyib. “Qaymaqlılar” müvafiq nəticəyə 2001/2002-ci illər mövsümündə müvəffəq olmuşdular. Bu göstəricidə 3-cü nəticə də “Real”a məxsusdur. İspaniya nəhəngi 1999/2000-ci illər mövsümündə 65 oyun keçirib.
4-cü nəticəni isə 2009/2010-cu və 2011/2012-ci illər mövsümlərində müvafiq olaraq Madrid “Atletiko”su və “Barselona” əldə ediblər – 64 oyun.
Klublararası dünya çempionatının yarımfinalına yüksəlmiş “Real” bu mərhələdə Fransa nəhəngi PSJ ilə qarşılaşacaq. Göründüyü kimi, finala yüksələcəyi halda, “Kral klubu” müvafiq mütləq rekordunu bir daha yeniləmiş olacaq.