Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının İnsan hüquqları sahəsində beynəlxalq əməkdaşlıq daimi komissiyası Azərbaycan tərəfinə Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması təklifi ilə müraciət edib.
Musavat.com xəbər verir ki, müvafiq müraciət Şuranın Telegram kanalında yerləşdirilib: “Biz Azərbaycan tərəfinə ikitərəfli münasibətlərdə gərginliyin azaldılması və Rusiya vətəndaşlarına qarşı insan hüquqlarının pozulması faktlarının ədalətli araşdırılmasına şərait yaradılması təklifi ilə müraciət edirik”.
Komissiya həmçinin Azərbaycanın bütün maraqlı nazirlik və idarələrinə rusiyalı jurnalistlərin həbsdən azad edilməsinə köməklik göstərmələri üçün müraciət edib.
Şura yaranmış parçalanmanın aradan qaldırılmasının və əməkdaşlıq, humanizm, ədalət və beynəlxalq humanitar hüququn aliliyi prinsiplərinə əsaslanan strateji dövlətlərarası tərəfdaşlıq yoluna qayıtmağın vacibliyini vurğulayıb.
P.S. Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurası və onun komissiyasının Rusiyadakı azərbaycanlılara qarşı kütləvi təzyiqləri, qanunsuz reydləri, hüquq-mühafizə orqanlarının iki nəfərin öldürülməsi ilə nəticələnən qeyri-qanuni basqınını görməzdən gələn bəyanatı bir daha Moskvanın qonşu xalqlara, dövlətlərə qarşı ağalıq davranışını sərgilədiyini göstərir. Bu davranışın qarşılığında yüzlərlə azərbaycanlının qanunsuz, kobud və cinayətkarcasına hücumlara məruz qoyulmasına rəsmi Bakının sükutla yanacağını gözləmək də Rusiyanın özünü regionun qoçusu kimi aparmasının nəticəsidir.
Musavat.com