BAKI, 6 iyul. TELEQRAF
Bir neçə il öncə Cəlil Mustafa oğlu Xəlilov adlı azərbaycanlı alimə aid qovluq şəxsi arxivimizə daxil oldu. Qovluqda Cəlil bəyin diplomu, bir neçə sənəd, Krımda və Bakıda təhsil aldığı illərə aid fotoşəkillər mövcuddu. Təəssüf ki, alim haqqında əlimizdə yetərli məlumat yoxdu və bu yaxınlarda onun 100 illiyinə ithaf olunmuş bir məcmuəni əldə etdikdən sonra mühüm məlumatlar öyrənə bildik.
Ağməscid və Bakıda təhsil həyatı
Professor Cəlil Xəlilov 20 dekabr 1900-cü ildə Krımda doğulub. 1914-cü ildə ibtidai məktəbi bitirib, bir müddət ziraət sahəsində çalışıb. 1919-1921-ci illərdə Bağçasaray şəhərinin müəllimlər məktəbində, 1921-1924-cü illərdə Ağməscid (Simferopol) Pedaqoji Texnikumunda oxuyub. Bu dövrə aid qovluqdakı fotoşəklin arxasına Cəlil Xəlilov bu qeydi yazıb: “1924 sənəsi Ağməscid şəhərində Krım-Tatar Pedaqoji Texnikumu bitirərkən arkadaşlarım ilə bir yerdə aldırdığımız şəkildir”.
Texnikumu bitirdikdən sonra müəllim və məktəb müdiri vəzifələrində çalışıb. Doğulduğu yerin türkcəsini unutmayıb. Tələbələrindən əməkdar geoloq Çingiz Xəlifəzadə onun rus dilini özünəməxsus tatar aksentində danışdığını yazıb.
Cəlil bəy 1925-ci ildə Bakıya gəlib, Azərbaycan Dövlət Universitetinə daxil olub. 1929-cu ildə bu universitetin təbiət şöbəsini bitirib. Universitet dövrünə aid qovluqdakı bir fotoşəklin arxasında əski əlifbada bu qeydi yazıb: “24.12.1928. Bakı Hökumət Darülfünununda okurkən üzvi kimya laboratoriyasında çalışdığımız vaxtda kəndi kursumuz talibələri ilə aldırdığımız fotoğrafdır”.
Arxivimizdə Azərbaycan Dövlət Darülfünununun 15 aprel 1931-ci ildə verilmiş 195 nömrəli diplom mövcuddur. Diplom köhnə latın qrafikalı Azərbaycan türkcəsində və rus dilindədir. Sənəddə C. Xəlilovun darülfünunun pedaqoji şöbəsindəki bütün elmlərin kursunu tamamilə bitirdiyi, istehsal təcrübəsini keçdiyi, buna görə də ikinci dərəcəli və ali tipli məktəblərin müəllimi adını daşımasına layiq görüldüyü yazılıb. Diplomda rektor Maqsud Məmmədovun, eləcə də fakültə dekanı və katibinin imzaları mövcuddur.
Cəlil bəy 1929-1931-ci illərdə Azərbaycan Dövlət Muzeyində çalışıb. Arxivimizdəki bir fotoşəklin arxasına köhnə latın qrafikası ilə bu şəkildə yazıb: “Baku Devlet Müzesinde işlerken. Muzey işçilerile aldırdıqımız fotoqraf şekilidir. 8/V-30 sene. İmza”.
Azərbaycanda ilk “Paleontologiya” dərsliyi
Cəlil bəy 1932-1945-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Həmin ildən etibarən stratiqrafiya və paleontologiya sahəsində geniş tədqiqatlar aparıb. Azərbaycan və Türkmənistanın mezo-kaynozoy çöküntülərinin mikrofaunasını öyrənərək mərtəbə və horizontlar ayırıb və onların geoloji yaşını əsaslandırıb. Bu mövzuda 1940-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. O, 1945-ci ildən etibarən Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunun “Mikrofauna və stratiqrafiya” laboratoriyasına rəhbərlik edib, bir sıra əsərlər qələmə alıb. Onlar arasında “Azərbaycanın paleogen çöküntülərinin mikrofauna və stratiqrafiyası”, “Azərbaycanın paleogen çöküntülərinin zona bölgüsü” kimi elmi əsərlərini göstərmək olar. Qeyd etdiyimiz ilk əsər onun elmlər doktoru alimlik dərəcəsinə yiyələnmək üçün yazdığı tədqiqat əsəridir və 1958-ci ildə müdafiə edib. 1969-cu ildə isə professor dərəcəsini qazanıb. O, 1931-1956-cı illərdə müxtəlif elm ocaqlarında ixtisası üzrə dərslər verib. C. Xəlilov “Mikrofauna” adlı sorğu kitabının da həmmüəllifi olub. Ümumilikdə 150-dən çox elmi məqalə qələmə alıb.
1962-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Paleontologiya” dərsliyi çap olunub, bu kitabın həmmüəlliflərindən biri də Cəlil Xəlilov olub. Ümumiyyətlə, C. Xəlilovun əsərləri Azərbaycandan kənarda da böyük rəğbət qazanıb. Professor Məmməd Ağabəyov bu barədə deyib: “Mən Mərakeşdə (1962-1963) neft və qaz üzrə BMT-nin eksperti işləyəndə bir çox xarici mütəxəssislərlə təmasda olurdum. Onların əksəriyyəti (Avropa ölkələrindən olanlar) bizim Cəlil Mustafa oğlunun çap olunmuş əsərləri ilə çox yaxşı tanış idilər və onu görkəmli Sovet alimlərindən biri hesab edirdilər”.
Təsadüfi deyil ki, XIX Beynəlxalq Geoloji Konqresində Azərbaycan mikropaleontoloqlarını Cəlil bəy təmsil edib. Onu tanınmış rus alimləri olan akademik Menner, professor Keller və digərləri yaxından tanıyıblar.
Cəlil Xəlilov xatirələrdə
Tələbələrindən geologiya-mineralogiya elmləri doktoru Ş. Babayev onun haqqında yazırdı: “O, çox danışmağı sevməzdi, məsələnin məğzini qısa və aydın şəkildə ona çatdırmağı xahiş edərdi və o cür də məsləhət və tövsiyələrini verərdi. Çox vaxt o gətirdiyimiz mikrofauna qalıqları olan kameranı elə bizim yanımızda mikroskop altına qoyub baxar və nümunənin yaşı barədə öz mülahizəsini elə orada müsahibinə deyərdi. Bəzən mübahisəli məqamlar olanda da o, öz təmkinliyini pozmaz və tutarlı dəlillərlə fikrini əsaslandırardı”.
Geologiya-mineralogiya elmləri doktoru M. Bağmanov onun məhsuldar fəaliyyəti barədə maraqlı məlumatlar yazıb: “Moskva, Sankt-Peterburq şəhərlərinə elmi ezamiyyətə gedəndə mikropaleontoloqlarla bütün görüşlərdə Cəlil müəllimdən söhbət düşərdi, onun haqqında çox gözəl sözlər eşidərdim. Hətta ən aparıcı mikropaleontoloqlar deyərdilər ki, Cəlil müəllimin bir jurnalda çap olunan növlərini öyrənməmiş, o jurnalın növbəti nömrəsində yeni növlər çap etdirir; onun təyin etdiyi yeni növləri öyrənməyə macal tapmırıq”.
Paleontoloq Ş. Seyidova xatirəsində müəllimini bu şəkildə yada salıb: “O, çox tələbkar olmaqla bərabər çox da qayğıkeş bir insan idi. Tələbələrin hərtərəfli qayğısına qalırdı. Bütün tələbələr onun xatirini çox istəyirdilər. Olduqca sakit təbiətli, təvazökar idi. Tərifi heç sevməzdi. Olduqca səmimi idi. Tənəffüs zamanı bütün qrupun tələbələri onun başına yığışıb ona cürbəcür suallar verirdilər. Sadə qəlbli, mehriban müəllimimiz tələbələri dinləyib, izahat verməkdən yorulmaq bilməzdi”.
Geologiya-mineralogiya elmləri doktoru T. Həsənov xatirəsində Cəlil Xəlilovun ömrünün son illərində doğulduğu yerlərə elmi sessiyaya getməsinə sevindiyini yazıb: “1975-ci ilin bahar aylarının birində Ümumittifaq Mikropaleontoloqlar Cəmiyyətinin elmi sessiyası çağırılmışdı. Sessiyanın Krımda keçirilməsi və bir neçə geoloji kəsilişlərə ekskursiya təşkil olunacağı barədə professor C.M. Xəlilova dəvətnamə gəlmişdi. Dəvətnamə ilə əlaqədar Cəlil müəllimin sevincinin həddi-hüdudu yox idi. Həmkarlarına Krımın 20-ci illərdə olan vəziyyətindən, valideynlərinin həyat tərzindən, uşaqlıq illərindən maraqlı söhbətlər edərdi. Xoşbəxtlikdən Cəlil Mustafa oğluna uzun müddətdən sonra ana vətəninə, doğulduğu yurda, obaya getmək qismət oldu. Özü dediyi kimi, həyatının uşaqlıq dövrünü ikinci dəfə yaşadı”.
Azərbaycan EA-nın müxbir üzvü Ə. Məmmədov Cəlil Xəlilovun işgüzar alim, zəhmətsevər şəxs olduğunu yazıb: “O, demək olar ki, bütün gününü mikroskop arxasında keçirərdi. İş otağı da qaranlıq, həm də olduqca darısqal idi. Onun ev şəraiti də qənaətbəxş deyildi. Lakin o, heç vaxt bu şəraitlərdən gileylənməzdi. O, əsl elm fədaisi idi. İş vaxtı qurtardıqdan sonra da institutda qalıb işləyərdi... O, Azərbaycanda mikropaleontologiya elminin əsasını qoydu və bu sahədə güclü elmi məktəb yaratdı”.
Cəlil Xəlilov elmi və pedaqoji fəaliyyətinə görə Şərəf Nişanı, Qırmızı Əmək Bayrağı ordenlərinə layiq görülüb.
Görkəmli alim 1976-cı ilin yanvar ayında vəfat edib.
Arxivimizdəki qovluqda Cəlil Xəlilovun maşın sürərkən bir fotoşəkli, akademik Mirəli Qaşqayın onun elmi dərəcə alması münasibətilə təbriki də mövcuddur.