ABŞ-nin Nyu-York şəhərində yaşayan Maruf Hossein adlı şəxs 2017-ci ildə metro relslərinə yıxıldıqdan sonra 5 ayaq barmağını itirib. O, şəhərin nəqliyyat idarəsini məhkəməyə verib və 8 il sonra qalib gəlib. Məhkəmə, ona 22,75 milyon dollar təzminat ödənilməsinə qərar verib.
BAKU.WS xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb.
Hadisə 5 iyun 2017-ci ildə "Parkçester-avenyu" stansiyasında baş verib. O zaman 24 yaşında olan Hossein platformanın qırıq və bərabər olmadığını, bu səbəbdən yıxıldığını bildirib. Yıxıldıqdan sonra onu qatar vurub.
Təcili yardım həkimi Kaşaul Şahın məhkəməyə təqdim etdiyi tibbi hesabatda bildirilir ki, Hossein boyun, baş, bel, ayaq və daxili orqanlarından ciddi xəsarətlər alıb. Sol ayağı parçalanıb, bütün barmaqları və bir hissə sümük kəsilib. Zərbə o qədər güclü olub ki, onun bud sümüyü yerindən çıxıb.
Başlanğıcda təcili yardım hesabatında yazılmışdı ki, Hosseinin qatar altına düşməsi təsadüfi deyil. Lakin o, sonradan psixiatra bildirib ki, hadisə qəsdən olmayıb.
Zərərçəkənin vəkili Nik Liakas bildirib ki, Nyu-York Nəqliyyat İdarəsi (MTA) əvvəllər Hosseinə cəmi 100 min dollarlıq razılaşma təklif edib. Lakin 2025-ci il iyunun 30-da məhkəmə istintaqı başa çatıb və münsiflər heyəti iddiaçının xeyrinə qərar çıxarıb.
Vəkil deyib ki, bu qərar təkcə Hosseinin deyil, həm də MTA kimi böyük qurumlara xəbərdarlıqdır. O, əlavə edib ki, təşkilat illərlə təhlükəsizlik məsələlərini görməzdən gəlib.
MTA nümayəndəsi isə bildirib ki, onlar məhkəmə qərarını nəzərdən keçirir və hüquqi addımlar barədə düşünürlər.