Hindistanda "Reuters" informasiya agentliyinin sosial şəbəkə platforması X-dəki hesabı bloklanıb.
Far.Az xəbər verir ki, bu barədə "PTI" agentliyi məlumat yayıb.
X saytında qeyd olunub ki, səhifə "qanuni tələblərə cavab olaraq" bloklanıb. Lakin Hindistan hökuməti belə bir göstəriş vermədiklərini bildirib və hesabın açılması üçün məsələni araşdırdıqlarını açıqlayıb.
PTI-nin mənbəsi hesabın bloklanmasını Hindistanın Pakistanla münasibətlərin gərginləşməsi fonunda həyata keçirdiyi "Sindur" əməliyyatı zamanı irəli sürdüyü tələblərlə əlaqələndirib.
Mənbəyə görə, bu barədə göstəriş mayın 7-də verilsə də, icra edilməyib və görünür ki, X bu qərarı indi yerinə yetirib. Hökumət isə məsələni tezliklə həll etmələri üçün X rəhbərliyinə müraciət edib.
Qeyd edək ki, bundan əvvəl "Reuters" Hindistanın Pakistanla atəşkəsə baxmayaraq tədbirlərini davam etdirdiyini yazmışdı.
Eyni zamanda, Kiyevdə "Reuters" müxbirlərinin birbaşa yayımı dayandırmağa məcbur edildiyi də bildirilmişdi.