ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Amerikada yaşayan tanınmış jurnalist Qənirə Ataşova son günlər 32 saatlıq əməliyyatla gündəmə gələn doktor Pərvin Mirzəliyevdən yazıb.
4 gün öncə həkim-neyrocərrah Pərvin Mirzəliyev 32 saat fasiləsiz davam edən və tibbdə nadir sayılan “Gigant beyin arteriovenoz malformasiya” əməliyyatını uğurla icra edib. Bu haqqda sosial şəbəkədə məlumat verilib.
“Cebheinfo.az” xəbər verir ki, jurnalist Qənirə Ataşova isə “Instagram” hesabında 32 saatlıq əməliyyatla bağlı araşdırma apardığını və bunun həqiqətəuyğun gəlmədiyini bildirib.
“Sosial şəbəkələrdə beyin cərrahı Pərvin Mirzəliyevin 32 saat davam edən əməliyyatla bağlı paylaşdığı məlumatlar geniş yayılıb. Araşdırmalar göstərir ki, beyin əməliyyatlarının müddəti maksimum 12–14 saat qəbul edilir. Əməliyyat vaxtı bu limiti keçdikdə mərhələli əməliyyatların aparılması daha məqsədəuyğun sayılır. Burada iki əsas faktor nəzərə alınmalıdır.
*Birinci faktor – pasiyentin uzun müddət əməliyyatda qalması zamanı anestezioloji və cərrahi risklərin artmasıdır.
*İkinci və daha həlledici faktor cərrahın fiziki və emosional yorğunluğu, tükənməsidir. Xüsusilə nəzərə alsaq ki, mürəkkəb beyin əməliyyatlarının ən çətin mərhələləri əməliyyatın sonuna yaxın baş verir, bu zaman yorğun cərrahın səhv etmə riski xeyli artır”.
Jurnalist əlavə olaraq qeyd edib ki, beynəlxalq səviyyədə məşhur amerikalı neyrocərrah MayklT. Lavton (1000-dən çox AVM əməliyyatı icra edib) müsahibəsində ən böyük AVM əməliyyatını maksimum 14 saatda tamamladığını bildirib:
“Sevimli “ChatGPT”-dən soruşsanız ki, AVM əməliyyatı nə qədər çəkir, cavab olaraq orta hesabla 4–8 saat, bəzi mürəkkəb hallarda isə 12 saata qədər uzana bildiyi qeyd olunur”.
Daha sonra jurnalist Səhiyyə Nazirliyinə və Respublika Diaqnostik Mərkəzinin rəhbərliyinə sual yönləndirib:
“Zəhmət olmasa, cəmiyyətin marağını nəzərə alaraq, bir sualımızı cavablandırarsınız:
- 32 saat ərzində həkim otaqda konkret olaraq nə ilə məşğul olub? Çünki beynəlxalq tibbi protokollara əsasən, ən mürəkkəb AVM əməliyyatlarında belə cərrahiyyə müddəti maksimum 12 saatla məhdudlaşır.
- Belə olan halda, həkimimizin 32 saatlıq fəaliyyətini necə əsaslandırırsınız və niyə bu qədər riskli və şübhəli bir müddətdə həkimə müdaxilə etməmisiniz?
- Daha bir xahişimiz budur. Cəmiyyətə addım-addım, detallı şəkildə izah edəsiniz ki, bu 32 saat hansı mərhələlərdən ibarət olub, hansı prosedurlar aparılıb, fasilələr necə təşkil olunub, pasiyentin həyati göstəriciləri necə izlənib və ən əsası, bu proses hansı tibbi meyarlara əsaslanıb? Çünki şübhəsiz ki, belə “unikal” əməliyyat tibbin inkişafında yeni səhifə açır və belə də Guinness Rekordlar Kitabına düşməyiniz üçün əla fürsətdir. Əlbəttə, məqsədiniz şan-şöhrət üçün xalqı aldatmaq deyildisə…”
O bildirilir ki, 32 saatlıq AVM əməliyyatı ilə bağlı Azərbaycan Neyrocərrahlar Assosiasiyasının rəsmi açıqlaması olacaq.
Xəzər
“Cebheinfo.az”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.