AZ

İqtisadi Əməkdaşlıq Təşkilatı üçün yeni, mühüm mərhələ Qarabağdan başladı

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17–ci Zirvə görüşü təşkilatda təmsil olunan 10 dövlətin siyasi iradəsinin ifadəsi olmaqla, ölkəmizin dünya siyasətində XXI əsrin mühüm strateji oyunçularından olmasının təsdiqidir.
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi qurum daxilində həyata keçirilən tədbirlərdə təşəbbüsləri ilə seçilən, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verən Azərbaycan mədəni, elmi və humanitar islahatlarda təşəbbüskarlıq göstərir.
ECO-nun IX və XII Zirvə görüşlərinin keçirildiyi Azərbaycan hazırda təşkilatın 17-ci Zirvə görüşünə də ev sahibliyi edib. Əvvəlkilərdən fərqli olaraq bu görüşün Ermənistanın işğalından azad edilən Qarabağın cənnəti sayılan Xankəndidə təşkili xüsusi önəmi ilə fərqlənir. Azərbaycanın beynəlxalq aləmdə möhkəmələnən nüfuzunun ifadəsi olan bu Zirvə görüşü İslam həmrəyliyinin uğuru, turançılığa gedən yolun başlanğıcı kimi də dəyərləndirilir. Azərbaycanın Orta Asiya, Yaxın Şərq və Cənubi Qafqazı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzi kimi ECO-nun əsas məqsədlərinə töhfə verdiyi təsdiqlənir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi kimi layihələr təşkilata üzv ölkələrin birgə səyi ilə beynəlxalq terimin kimi qəbul olunur.
Təbii ki, bu cür mühüm tədbirlər ölkəmizə təkcə siyasi-diplomatik nüfuz deyil, eyni zamanda iqtisadi əməkdaşlıq və investisiya cəlbediciliyi baxımından da yeni imkanlar qazandırır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin modeli beynəlxalq ictimaiyyətə təqdim olunur. ECO-nun 17-ci Zirvə görüşü Azərbaycanın regional və qlobal siyasətdə yüksələn xətt üzrə irəlilədiyini, əməkdaşlıq və tərəfdaşlıq platformalarında mühüm rol oynadığını nümayiş etdirir. Ölkəmizin dünya siyasətində XXI əsrin mühüm strateji oyunçularından olması təsdiqlənir.
İyulun 3-də Azərbaycan Özbəkistan, Qırğız, Şimali Kipr Türk Cümhuriyyətinin prezidentləri İlham Əliyevin, Şavkat Mirziyoyevin, Sadır Japarovun, Ersin Tatarın və ECO-nun 17-ci Zirvə görüşünün digər iştirakçılarının Ağdamdakı «İmarət” Tarix-Memarlıq Muzey Kompleksi»ndə Qarabağ atlarının «Zəfər” şousu»nu birgə izləmələri türkçülüyün zəfəri, birlik və həmrəyliyin ifadəsidir.
Həmin gün prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan «Businesstex JV”» tikiş fabrikinin fəaliyyəti ilə tanışlığı qardaşlıq töhfəsinin ifadəsidir. 2024-cü ilin aprelində Ağdam rayonunun Xıdırlı kəndində təməli dövlət başçımız İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulan 528 şagird yerlik tam orta məktəbin 1-ci mərhələsinin açılışının Zirvə görünə təsadüf etməsi də tarixi hadisədir.
İyulun 4-də Xankəndidə yenicə istifadəyə verilən Konqres Mərkəzində ECO-nun 17-ci Zirvə görüşünün açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini ev sahibi kimi qarşılayan Prezident İlham Əliyevin sammitdəki çıxışı maraqla qarşılandı. Bu günkü görüşün xüsusi məna daşıdığını diqqətə çatdıran dövlət başçımızın bildirdiyi kimi, Ermənistanın işğalından azad edilmiş Qarabağda keçirilən mühüm əhəmiyyətli beynəlxalq tədirlərin hər biri türk dünyası üçün də əhəmiyyətlidir. Ötən il mədəniyyət paytaxtı Şuşada keçirilən Türk Dövlət Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü, bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşlərini tarixi hadisə kimi qeyd etmək olar. ECO-nun Xankəndidə təşkil olunan ECO-nun 17-ci Zirvə görüşü isə türk dövlətlərinin, İslam ölkələrinin birgə toplandıqları növbəti görüşdür.
«Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim» söyləyən Prezident İlham Əliyev Ermənistanın işğalından azad edilən Şərqi Zəngəzurda və Qarabağda aparılan bərpa-quruculuq işlərində iştirak edən türk dövlətlərinin dəstəyini qardaşlıq köməyi kimi dəyərləndirdi. Bildirildi, Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.
«İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə edilib. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb» sözləri ilə Ermənistanın etnik təmizləmə və islamofob siyasətinin mənfur nəticələrini diqqətə çatdıran dövlət başçımız İlham Əliyev bildirdi ki, işğal nəticəsində Azərbaycana 150 milyard ABŞ dolları məbləğində ziyan vurulmuş, Ermənistan vəhşilərinin torpaqlarımızda basdırdıqları minaların partlaması nəticəsində 400-ə yaxın soydaşımız həlak olmuş və ya ağır yaralanmışdır.
«İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. «Böyük Qayıdış»” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır» soyləyən Prezident İlham Əliyev Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi ilə bağlı görülən işləri də diqqətə çatdırdı. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin qurumun bütün 57 üzv ölkəsinin yekdil qərarı, «İstanbul Bəyannaməsi»nin qəbulu türkçülüyün birlik rəmzidir. 17-ci Zirvə görüşünün proqramına uyğun olaraq təşkil edilən «ECO Həftəsi» çərçivəsində Şuşada ECO-nun Biznes, Ağdamda Gənclər, Laçında Qadınlar forumlarının təşkili, aparılan müzakirələr, dünya ictimaiyyətinə ünvanlanan çağırışlar Azərbaycanın humanist siyasətinin daha bir nümunəsi kimi dəstəkləndi. 2026-cı ilin Şuşa şəhərinin «ECO-nun Turizm paytaxtı”» elan olunması türkçülüyün qalibiyyət rəmzi, turançılığın zəfər yoludur.
Zirvə görüşündəki çıxışlarda Azərbaycanın siyasi, iqtisadi. diplomatik uğurları, dövlətimizin, xalqımızın türk həmrəyliyinin möhkəmlənməsində göstərdiyi qətiyyət yüksək dəyərləndirilmişdir. ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında keçirilməsindən məmnunluğunu «Səmimi olaraq əminliyimi bildirirəm ki, qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən mövqeyi sayəsində qədim Xankəndi şəhəri Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcək» sözləri ilə ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Bu görüşün işğaldan azad edilmiş Xankəndidə təşkil olunması tədbirə xüsusi əhəmiyyət və məna verir» kəlmələri Azərbaycan haqqında deyilən ürək sözlərindən yalnız bir nümunədir. Təşkilat üçün yeni, mühüm mərhələ Qarabağdan başladı.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

Seçilən
10
50
moderator.az

10Mənbələr