Berlin Vaşinqtonla yeni razılaşma axtarışındadır
Almaniya Ukraynaya ən azı iki əlavə “Patriot” hava hücumundan müdafiə sistemi tədarük etmək üçün ABŞ-la danışıqlar aparır. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin çatdırılması məsələsini xüsusi olaraq müzakirə edib. Məsələ ilə tanış olan rəsmi qeyd edib ki, Almaniya hökuməti iki əlavə “Patriot” sistemi və onlara uyğun raketləri təqdim etməyə və bununla bağlı bütün xərcləri ödəməyə hazırdır.
Rəsmi əlavə edib ki, sözügedən tədarük Almaniya və ABŞ arasında ikitərəfli razılaşma əsasında həyata keçiriləcək. Qeyd olunur ki, Berlin bu təklifi bir neçə həftə əvvəl Vaşinqtona təqdim edib və qərar Pentaqon rəhbəri Pit Heqsetin səlahiyyətindədir.
Məqalədə vurğulanır ki, Almaniya uzun müddətdir ABŞ-dan Ukraynanın hava hücumundan müdafiə sistemlərindəki boşluğu doldurmaq üçün ən azı bir “Patriot” sistemi ayırmasını tələb edir. Rusiya tərəfindən həyata keçirilən intensiv raket hücumları fonunda ABŞ prezidenti Tramp NATO ölkələrini yalnız öz müdafiələrinə daha çox sərmayə yatırmağa deyil, həm də Ukraynaya hərbi dəstək yükünü daha çox bölüşməyə çağırır.
Almaniya hökumətinin sözçüsü Stefan Kornelius jurnalistlərin suallarını cavablandırarkən danışıqların mövcudluğunu birbaşa təsdiqləməsə də, Ukraynanın ehtiyaclarını ödəmək üçün “müxtəlif yolların” müzakirə edildiyini bildirib: “Deyə bilərəm ki, bu məsələ ilə bağlı gərgin müzakirələr gedir”.
“Bloomberg” qeyd edir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius iyulun 14-15-də Vaşinqtona səfər edəcək və ABŞ-dakı həmkarı ilə görüşündə “Patriot” sistemləri danışıqların əsas mövzularından biri olacaq.
Hazırkı vəziyyətə qədər Almaniya Ukraynaya öz ehtiyatlarından üç “Patriot” sistemi göndərib. Bu, Berlinin ümumi arsenalının təxminən dörddə birini təşkil edir və bu sistemlərin sayı ABŞ-ın Ukraynaya göndərdiyi analoji texnikadan çoxdur. Almaniya, həmçinin Avropa İttifaqı çərçivəsində hava hücumundan müdafiə, həmçinin quru və dəniz sistemləri üzrə birgə layihələrin təşkili və rəhbərliyi ilə bağlı təşəbbüs irəli sürüb.
Beləliklə, Almaniyanın bu addımı yalnız Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından deyil, həm də Avropanın öz kollektiv təhlükəsizliyini möhkəmləndirməsi istiqamətində strateji əhəmiyyət daşıyır.
S.ELAY
XQ