AZ

ABŞ institutu: Rusiya Pokrovsku mühasirəyə almağa hazırlaşır

BAKI, 6 iyul. TELEQRAF

Rusiya qoşunları yaxın aylarda Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş müdafiə xəttini qərbdən keçərək Pokrovsk və Mirnoqrad şəhərlərini mühasirəyə almağa çalışa bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Son geolokasiya məlumatlarına əsasən, rus qüvvələri Koptevo, Şevçenko Pervoye kəndlərini ələ keçirib və Razino kəndinin cənub-şərqinə doğru irəliləyiblər. Hazırda onların əsas hücum istiqaməti Pokrovsk-Konstantinovka T-0504 magistralına paralel bölgələrdir.

Ukraynalı hərbi müşahidəçilər bildirirlər ki, Malinovka və ətraf kəndlərdə mövqe tutan rus bölmələri Pokrovskun ətrafında hərbi təzyiqi artırır. Hücumlar motosiklet və baggi texnikaları ilə həyata keçirilir.

ISW qeyd edir ki, Rusiya ordusu Razino yaxınlığında yerləşən Kazennıy Torets çayını keçmədən qərbə doğru irəliləyə bilməz. Bu isə əməliyyatın tempini zəiflədə bilər.

Ekspertlərə görə, rus komandanlığı müdafiə xəttini birbaşa yarmaq əvəzinə onu dolanaraq Ukrayna qoşunlarını geri çəkilməyə məcbur etməyə çalışır. Lakin Rusiya ordusunun uzunmüddətli hücumlardan sonra ciddi yorğunluq yaşadığı və bu prosesin ləng və itkilərlə müşayiət olunacağı da istisna edilmir.

Bununla yanaşı, Ukrayna tərəfi Sumı və Xarkov vilayətlərinə də təzyiqlərin artacağını gözləyir. Ekspertlər hesab edir ki, bu genişlənmə Moskvanın hərbi-siyasi təzyiq mexanizminin tərkib hissəsidir və müharibənin dayandırılması ilə bağlı mümkün İstanbul danışıqları ərəfəsində Kiyevə təzyiq göstərmək məqsədi daşıyır.

Seçilən
5
25
teleqraf.com

10Mənbələr