AZ

“Sumqayıt”dakı partizan

Futbolçuluq karyerası haqda uzun-uzadı yazmağa ehtiyac yoxdu, hər şeyi özünüz yaxşı bilirsiz. Azərbaycanlı futbolsevərlər onu daha çox “Qalatasaray”dakı çıxışı ilə tanıyırlar. Yaxşı futbolçu, getdiyi yerlərdə azarkeşlərin sevgisini qazanmağı bacarıb. Xüsusilə də “Partizan”da. İliç hər imkanda bu kluba olan sevgisini dilə gətirir, bununla fəxr edir. Bu da təsadüfi deyil. Bir dəfə stadionun cənub tribunasında - məşhur “Qrobari”lərin olduğu tribunada belə bir pankart açılmışdı: “Vise volim Saleta od keve i caleta!” Tərcüməsi belədi: “Biz Saleni (İliçin ləqəbi) ata və anamızdan çox sevirik!”

Oyunçuluğunu sonra yenidən xatırlamaq imkanımız olacaq. Hazırda bizi bu adamın məşqçi işi – “Sumqayıt”da nələr edəcəyi maraqlandırır. Qeydlərimi çatdırım, oxuyaq, müzakirə edək, qərarımızı verək.

***

Başlayaq ondan ki, Saşa İliç karyerasını bitirən kimi Serbiyanın aşağı yaş qrupları yığmalarında çalışmağa başlayıb. U-16-da baş, U-17, U-19 və əsas yığmada isə köməkçi məşqçi olub. Sonra klub karyerası başlayıb. Əvvəlcə yerli “Çukariçki”də, sonra Sofiya ÇSKA-sında, sonra yunan “Atromitos”unda işləyib. Son klubu isə Rusiya “Pari NN”-i olub.

İlk cümlədə qeyd etdiyim kimi, adam çox maraqlı personadır, məşqçiliyi də maraqlı məqamlarla yadda qalıb. Əvvəlcə onu deyim ki, İliç 4 klubun heç birində 1 ildən artıq işləyə bilməyib. Ancaq bu ona ciddi müsbət statistika toplamağa mane olmayıb. “Çukariçki”də keçirdiyi 9 ay ərzində 27 oyunda cəmi 4 məğlubiyyət yaşayıb, burdakı qələbə faizi 44 olub. Kiçik rəqəm deyil. Sonra Bolqarıstana gedib. Orda işlədiyi 1 il ərzində 47 matçda 31 qələbə qazanıb, cəmi 7 oyunda uduzub, qələbə faizi 66 olub. Super statistikadır. Ardından Afinaya yol salıb, orada 7 ay işləyib, 29 oyunda cəmi 8 dəfə məğlub olub, qələbə faizi 35 olub. Son olaraq Nijni Novqorodda çalışıb, amma burdakı statistikası zəifdir: 22 oyunda 4 qələbə, 18 qələbə faizi.

Yuxarıdakı abzasda qeyd olunanlar rəqəmlərdi. Futbolda nəticə xüsusi əhəmiyyət daşıyır, ona görə də onu gözardı etmək olmaz. Sırf rəqəmlərə inansaq, İliçi normal məşqçi saymaq olar. Getdiyi yerlərdə (Rusiya istisnadır) komandasını daha da yaxşılaşdırıb, götürdüyü yerdən daha yuxarıda təhvil verərək ayrılıb. Oynatdığı futbolun hücum futbolu, əlinin altındakı kollektivi baxımlı, rəngarəng oyun oynatmağa meylli olduğunu söyləmək olar. Bu da futbolsevərlərin rəğbətini qazanmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Yaxşı bəs İliç niyə bir komandada uzun müddət işləyə bilməyib? Hətta işlərin yaxşı getdiyi bir vaxtda belə klubunu tərk edib. Səbəb?

***

Hər komandasına gəliş-gedişinin öz hekayəsi var. Başlayaq “Çukariçki”dən. Burada işlədiyi vaxt yaxşı nəticələr qazanıb. Ancaq bir hadisə yolların ayrılmasına səbəb olub. “Partizan”la qolsuz bitən derbidən sonra klub rəhbərliyi Saşadan narazılığı açıq şəkildə dilə gətirərək onu yola salıb. Hər şey oyundan əvvəl başlayıb. Deyilənə görə, İliç klub rəhbərliyinin onun sevimli “Partizan”ına qarşı əsas heyət üzvləri olan oyunçulardan bir neçəsini buraxmamaq niyyətində olduğunu düşünməsi və bunu ona bildirməsindən inciyib. Oyundan sonra isə gənc mütəxəssis öz qapıçısı Kovaçeviçə qırmızı verilməsinin gərəkdiyini və “Partizan”ın TƏƏSSÜF Kİ uduzduğunu deməklə “odun üstünə benzin töküb”. Mətbuat yazır ki, hətta İliç o qədər üzgün olub ki, “Çukariçki”nin ənənəvi oyunsonrası şam yeməyinə də gəlməyib. Klub rəhbərliyi dərhal reaksiya verərək məşqçini ofisə çağırıb və istefaya göndərib. Həddindən artıq “Partizan” sevgisi məşqçiyə baha başa gəlib.

***

İliçin Bolqarıstandakı iş daha uğurlu alınıb. Onun rəhbərliyi altında komanda son illərin dəyişməz çempionu “Ludoqorets”lə sona qədər mübarizə aparıb və cəmi 1 xal fərqlə çempionluğu əldən verib. Onun ÇSKA-sı 16 matç məğlub olmadan oynayaraq liqanın rekorduna imza atıb, 35 oyuna cəmi 17 top buraxmaqla bu statistikada da hamıdan yaxşı olub, hücumla yanaşı etibarlı müdafiə qura bildiyini də təsdiqləyib. Çempionluq isə çox ağır ssenariylə əldən gedib. Sona iki tur qalmış, komandasının “adaş”ı - ÇSKA 1948 ilə matçında (oyun 1:1 hesabı ilə bitib) futbolçusu İvan Turitsovun 90+12-ci dəqiqədə qaçırdığı penalti İliçi qızıl medallarsız qoyub. Bir ay sonra, avrokubokdakı məğlubiyyətdən sonra mütəxəssis komandanı tərk edib.

***

Yunanıstana pənah gətirən İliç “Atromitos”u çətin dövrdə təhvil alıb. Həmin zaman komanda ilk 7 turda 3 bərabərlik və 4 məğlubiyyətlə qələbəsiz idi. Saşa çox qısa vaxtda heyəti və imkanları o qədər də geniş olmayan komandanı toparlamağı bacarıb, ilk 10 oyunda məğlubiyyət üzü görməyib – 5 qələbə, 5 bərabərlik. Toplam 29 matçda cəmi 8 yenilgisi olub, nəhənglərdən “Olimpiakos”la bərabərə qalıb, “Panatinaikos”a qalib gəlib. Sırf İliçin oradakı fəaliyyəti barədə danışması üçün müraciət etdiyim yunan həmkarım Vlassis Kambanis deyir ki, “İliç çox yaxşı başlamış, uğurlu nəticələrlə yadda qalmışdı. Cəmi 6 ayda komandanı toparladı, yaxşı, balanslı mövsüm keçirdi. Ancaq sonra Rusiyadan, “Pari NN”-dən təklif gələndə getmək qərarı verdi”.

İliç serbdir. Onların isə ruslarla münasibətləri tarixən yaxın olub. Milli, dini, bir çox digər bağların möhkəmliyi və yaxınlığı öz rolunu oynayıb. Odu ki, şimal qonşumuzdan gələn təklifi anında dəyərləndirməsi bizim üçün qəribə olsa da, onun üçün deyil.

İliçin Rusiyadakı fəaliyyəti barədə birmənalı mövqe yoxdur. Ümumi fikir belədir ki, o, komandanı yenicə düzəltməyə, sistemin oturuşmağa başladığı vaxtda göndərildi. Müəmmalı qərar idi. Sırf nəticə baxımından isə Nijnidə uğursuz olduğu şübhəsizdi. Rəqəmlərlə mübahisə etmək olmur.

***

Belə... Məşhur futbolçu Saşa İliçi oyunçu olaraq ölkəmizdə çıxış etməsini görməsək də, məşqçi kimi işinə şahidlik edəcəyik. Düşünürəm ki, yuxarıda qeyd olunanlarla bu mütəxəssisin karyerasına qısa nəzər sala bildik. Proqnoz vermək çətindir, amma ümumilikdə məqbul seçim adlandırmaq olar. İliç yaxşı futbol oynada, nəticə verə, qələbələr qazana bilir, ancaq 3 aydan sonra nələr edəcəyini, hansı spontan qərarları qəbul edəcəyini yəqin ki özü də bilmir.

Bir şey dəqiqdir ki, onu izləmək çox maraqlı olacaq.

Seçilən
3
19
vaxt.az

10Mənbələr