AZ

Emin Hüseynovdan növbəti qələbə 

Azərbaycanın MMA üzrə döyüşçüsü Emin Hüseynov Qazaxıstanda keçirilən döyüşdə növbəti qələbəsi ilə azarkeşlərimizi sevindirib. "RM İdman Klubu"nun döyüşçüsü yerli idmançı Bahdur Askerovla üz-üzə gəlib. Maraqlı və gərgin keçən döyüşün yekununda idmançımız qalib gələrək böyük uğura imza atıb. Belə ki, möhtəşəm nəticə Eminin növbəti kəmər döyüşünə vəsiqə qazanmasına yol açıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançımızın möhtəşəm qarşılanma mərasimi keçirilib.  Emin Hüseynov qələbəni Azərbaycan xalqına ərməğan etdiyini bildirib: "Çətin və maraqlı döyüş oldu. Rəqibimin kifayət qədər güclü tərəfləri var idi. Şükürlər olsun ki, qələbə qazanmağı bacardım. Azərbaycana ancaq zəfər yaraşır. Dövlətimizə və xalqımıza həsr edirəm".

"RM İdman Klubu"nun icraçı direktoru Tural Cavadov deyib ki, döyüş üçün hazırlıq prosesi gərgin məşqlərlə yadda qalıb: "Klub olaraq döyüşçümüzlə fəxr edirik və yeni zəfərlərə doğru birlikdə irəliləyirik.  Emindən qələbə gözləyirdik. Proqnozlarımız özünü doğrultdu. Bizi qarşıda daha çətin döyüş gözləyir. Emin qarşıdan gələn döyüşə ciddi hazırlaşacaq".

Emin Hüseynovun məşqçisi Ruslan Məmmədhəsənov da qazanılan qələbəyə görə çox sevincli olduqlarını bildirdi. O deyib ki, zəfərdən sonra daha çox çəkilən əziyyətin yerdə qalmamasına görə fəxr edirsən: "Çətin hazırlıq dövrü oldu. Taktiki tərəfdən rəqibi təhlil etmişdik. Eminin döyüşlərdə xüsusi üstünlükləri var. O, istənilən rəqibə qarşı favoritdir. Hələ heç nə bitməyib. Daha maraqlı döyüşlər və zəfərlər irəlidədir".

Hazırladı:

Elçin CƏFƏROV,

"Azərbaycan"

Seçilən
0
36
azerbaijan-news.az

10Mənbələr