AZ

Xankəndi Zirvə görüşü

Prezident İlham Əliyevin yaratdığı növbəti nümunə

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən XVII sammiti, əslində, dünya siyasətində müəllifi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin olduğu növbəti presedentdir. 

Milli Məclisin deputatı Sahib Alıyev qəzetimizə açıqlamasında bildirib ki, birinci presedent əgər BMT yaranandan bəri onun Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ünün açıq şəkildə qarşı çıxmalarına rəğmən Azərbaycanın həmin qurumun qətnamələrini yerinə yetirən tək dövlət olması idisə, ikincisi, son 30 ildə terror yuvasına, ondan xeyli əvvəl çar Rusiyasının regiona gəlişi ilə Qafqazda qarşıdurma ştilxanasına çevrilmiş Xankəndidə Şimali Kipr liderinin Mərkəzi Asiya ölkələrinin rəhbərləri ilə birgə qatıldığı, həm də türk dünyasının birliyinə, onun güc mərkəzi olaraq formalaşmasına öz töhfəsini verən, sözün hər anlamında yüksəksəviyyəli beynəlxalq tədbirin keçirilməsidir. 

Deputat qeyd edib ki, Qarabağın necə dəyişdiyini, onun adı çəkiləndə göz önünə görünməmiş quruculuq, sülh və dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlıq, kooperasiya platforması gəldiyini görmək çox qürurvericidir: "Demək ki, dövlətin böyüklüyü torpaq ələ keçirməsi ilə yox, bu qəbildən olan addımlar nəticəsində xarabalığa çevrilən yerləri çox qısa müddətdə  yaşayış, turizm, təhsil  üçün  cəlbedici edə bilməsi ilə ölçülməlidir. Elə bu Zirvə görüşü həm də onu  göstərir ki, Azərbaycana imperiya stereotiplərindən yanaşanlar nə qədər yanlış yoldadırlar və etdikləri Danninq-Krüqer hipotetik effektinin bütövlükdə dövlət səviyyəsində təzahürüdür. Ona görə ki, imperiya mərəzindən qurtula bilməyənlər özləri düşündükləri kimi ağıllı olsaydılar, sadəcə Özbəkistanın Bakıda yeni səfirliyinin açılışı zamanı cənab İlham Əliyevin bir xatırlatmasına diqqət yetirmələri bəs edərdi. Prezident İlham Əliyev Ulu Öndərin hələ 2001-ci ildə Özbəkistana səfirlik üçün yer ayırdığını, 20 ildən artıq orada heç bir tikinti aparılmadığı və ora göz tikənlərin çox olduğu halda səbirlə qardaş ölkənin gəlib işə başlayacağı günün gözlənildiyini bildirdi". 

S.Alıyev deyib ki, Heydər Əliyev yolundan bir addım da kənara çıxmayan, onun irsinə, qərar, istək və nəsihətinə son dərəcə həssaslıqla yanaşan iradəli bir liderin kimlərinsə təzyiqlərinə, imperiyanı bərpa cəhdlərinə boyun əyəcəyini düşünmək mümkündürmü? Dövlət başçımız hələ SSRİ mövcudkən 1991-ci il martın 7-də Milli Məclisdə Ulu Öndərin "əgər digər respublikalar ittifaqda qalsalar belə Azərbaycan oradan çıxmalı, onlarla ikitərəfli əlaqələr qurmalıdır" sözlərini unuda bilərmi? Bu gün baş verənlər də təsdiqləyir ki, əsla!  

Deputat vurğulayıb ki, bu gün baş verənlər, yəni imperiya təkəbbürü göstərənlərin qətiyyətlə yerlərində oturdulması, əslində, Heydər Əliyevin bütün riskləri öz üzərinə götürərək Mərkəzi Asiyadakı qardaş ölkələrin karbohidrogen ehtiyatlarından ancaq öz milli çıxarlarına uyğun şəkildə faydalanmalarının yolunu açması və onların dünya bazarına çıxarılması üzərindəki inhisarı darmadağın etməsinin başqa bir müstəvidə təkrarlanmasıdır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
17
25
azerbaijan-news.az

10Mənbələr