AZ

Xankəndidən dünyaya

Qlobal tədbirlərin keçirildiyi unikal ünvana çevrilən Qarabağdan sülh və əməkdaşlıq mesajları verilir

Uzun işğal illərində, münaqişənin guya sülh yolu ilə tənzimlənməsi üçün missiyalandırılmış yarıtmaz qurumun mənasız və sonsuz danışıqlar apardığı dövrdə belə heç zaman inamımızı, ümidimizi itirmədik, əmin olduq ki, bir gün mütləq Qarabağ və Şərqi Zəngəzur azadlığına qovuşacaq, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olunacaq. Bu da həqiqətdir ki, bəlkə də bir çoxumuz bu xoşbəxt günləri görə biləcəyimizi düşünmürdük. Amma Tanrının xoşbəxt bəndələriyik ki, biz müasir dövrün azərbaycanlıları bu fəxrli günlərin şahidi olduq...

Bu il Azərbaycan xalqı ərazilərimizin bütövlüyünün təsvirəgəlməz qürur hissi ilə "Konstitusiya və Suverenlik İli"ni qeyd edir. Cəmi beş ilə yaxın müddət ərzində əzəli sakinlərinə qovuşan Qarabağ və Şərqi Zəngəzur dirçəliş günlərini, quruculuq, qayıdış zəfərlərini yaşayır. Düz üç onillik boyu ölkəmizin müstəqilliyini hədəf alan separatçıların, təcavüzkarların məkrli yuvasına çevrilən Qarabağ və Şərqi Zəngəzur indi yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin, forumların, konfransların keçirildiyi unikal məkan kimi dünyanın diqqətini çəkir. 

Bu, ədalətin təntənəsidir ki, cəmi beş il əvvələ qədər silah səslərinin yüksəldiyi, qan-qada qoxusunun gəldiyi, viranəyə, xarabazara çevrilmiş Qarabağ və Şərqi Zəngəzur indi əməkdaşlıq, inkişaf, tərəqqi ünvanı kimi beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə və həll edildiyi məkana çevrilib. Haqq işini döyüş meydanında öz gücünə təmin edən və bölgədə reallıqları tamamilə dəyişən Azərbaycan bu gün məhz işğaldan azad etdiyi torpaqlardan - Şuşadan, Laçından, Xankəndidən, Ağdamdan... dünyaya sülh, əmin-amanlıq mesajları verir, "Qarabağ Azərbaycandır!" deyir.

İyulun 3-4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü ilə əlaqədar üzv ölkələrin dövlət və hökumət başçılarının Qarabağa səfər etmələri də bir daha göstərdi ki, bu torpaqlar artıq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi qlobal platformaya çevrilib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, İran Prezidenti Məsud Pezeşkianın, Qırğızıstan Prezidenti Sadır Japarovun, Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirak etdiyi tarixi Zirvə görüşündə Prezident İlham Əliyev söylədi ki, bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var: "Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim".

Beynəlxalq tədbirlərin baş ünvanı

Hazırda dünyanın dörd bir yanında, o cümlədən sərhədlərimizin bir addımlığında qanlı toqquşmalar, müharibələr gedir. Dünyanın bu qarmaqarışıq dövründə dövlətimiz tərəfindən həyata keçirilən düşünülmüş və uzaqgörən siyasət sayəsində Azərbaycanda sabitlik, inkişaf və sülh mühiti formalaşdırılıb, ölkəmiz sözün əsl mənasında təhlükəsizlik adasına çevrilib. Azərbaycanın Qarabağ zəfəri ölkəmizin dünyadakı nüfuzunu, gücünü birə min artırıb, regiondakı lider mövqeyini sarsılmaz edib. İstənilən sahədə - iqtisadi, sosial, hərbi sahələrdə  sürətli inkişaf əldə edən, dünyanın enerji, nəqliyyat qovşağına çevrilən ölkəmizin qlobal miqyaslı problemlərin həll edildiyi platformaya çevrilməsi, sivilizasiyalararası dialoqların aparıldığı ünvan kimi adından söz etdirməsi də təsadüfi deyil. Vətən müharibəsinəqədərki dövrdə biz adətən beynəlxalq əhəmiyyətli konfransların, forumların Bakıda keçirilməsinə şahidlik etmişdik. Lakin Şuşa zəfərindən sonra bu cür tədbirlərin paytaxtımızla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda da keçirilməsi ənənə halını alıb. Dünyanın dörd bir yanından gələn ali qonaqlar işğaldan azad edilən torpaqlarda toplaşaraq beynəlxalq aləmi narahat edən məsələləri, bəşəriyyətin gələcək çağırışlarını müzakirə edirlər. 

Təbii ki, 30 il boyu düşmən vandalizminə məruz qalan, həyata dair bir nişanə belə tapmaq mümkün olmayan bu ərazilərimizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin, bu tədbirlərdə iştirak üçün gələn ali qonaqların layiqincə qarşılanıb yola salınmasının elə də asan iş olmadığı hər kəsə bəllidir. Məhz dövlətimizin öz gücü hesabına Böyük qayıdış üçün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq və bərpa işləri, gördüyü kompleks tədbirlər sayəsində bunları gerçəkləşdirmək mümkün olub. 

"Ağıllı şəhər və kəndlər" salınıb, yollar, tunellər çəkilib, enerji infrastrukturu qurulub, məktəblər, xəstəxanalar, uşaq bağçaları, müasir standartlara cavab verən hotellər, biznes, konqres, mədəniyyət mərkəzləri və sair  tikilib istifadəyə verilib.  

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə görülən işləri şəxsən nəzarətində saxlayır, mütəmadi olaraq həmin yerlərə səfərlər edərək yeni bünövrələr qoyur, açılışlar edir. 

Təkcə Zəngilan, Füzuli və Laçında istifadəyə verilən üç möhtəşəm beynəlxalq hava limanı işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq işlərinin hansı səviyyədə olduğunu gözlər önünə gətirir. 

Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinin mütəmadi hal alması da elə görülən kompleks işlərin, yaradılan hər cür şəraitin nəticəsində mümkün olur. 

Zəfər ünvanımızın şan-şöhrətli çağları 

2021-ci ilin mayında qələbəmizin rəmzi Şuşada keçirilən və bu torpaqların mədəni ruhunun da özünə qaytarıldığının rəmzi sayılan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı Qarabağ və Şərqi Zəngəzurda baş tutan tədbirlərin ilki, qaranquşu oldu. 

Ötən beş il ərzində mədəniyyət paytaxtımızda çoxsaylı mühüm beynəlxalq tədbir, festival, forum və konfrans keçirilib. Şuşanın tarixindəki ən əlamətdar hadisələrdən biri 2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Prezident İlham Əliyevlə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalamaları olub.

Parlaq Zəfərimizdən sonra ilk dəfə 2022-ci ilin aprelində dünya azərbaycanlıları azad Şuşada toplaşdı, Zəfər qurultaylarını keçirdilər. Öz sarsılmaz və əbədi həmrəyliklərini bir daha Şuşadan bütün dünyaya nümayiş etdirdilər. 

2022-ci ildə "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq" adlı beynəlxalq forumun iştirakçılarının, həmçinin Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edən dövlətlərin parlament nümayəndə heyətlərinin, eləcə də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin Şuşaya səfər etmələri qədim şəhərimizin qlobal əməkdaşlıq platformasına çevrilməsini nümayiş etdirdi. 

2022-ci ildə Şuşada keçirilən tədbirlərdən biri isə Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası oldu. 

 2023-cü ildə Şuşa bütün türk dünyasının qürur ünvanı olaraq "Türk dünyasının mədəniyyət paytaxtı" kimi şərəfli missiyanı yerinə yetirdi. 

Həmin il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfrans da Şuşada keçirildi.

Çoxsaylı beynəlxalq tədbirin keçirildiyi Şuşa şəhəri 2023-cü il iyulun 21-də müstəqil Azərbaycanın tarixində ilk dəfə dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya topladı. Prezident İlham Əliyevin tapşırığına əsasən, "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan milli mətbuatının 148-ci ildönümü ilə bağlı "4-cü Sənaye İnqilabı dövründə yeni media" mövzusunda Şuşada Qlobal Media Forumu keçirildi. 

Azərbaycanın Qarabağ zəfəri ümumilikdə türk dünyası adına qazanılan qələbə kimi tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra ötən ilin elə bu günündə - 6 iyulda Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin və Qarabağ Bəyannaməsinin imzalanmasının öz rəmzi mənası vardı.

5 oktyabr 2023-cü ildə İranın Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilib. Ötən il bununla bağlı Prezident "Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam" imzalayıb.  

Laçın Zirvəsi 

Bu il 28 May - Müstəqillik Günündə strateji baxımdan mühüm əhəmiyyət kəsb edən və açılışı Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilən Laçın Beynəlxalq Hava Limanı ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi. 

Həmçinin qardaş ölkələrin - Azərbaycan, Türkiyə və Pakistanın liderlərinin ölkəmizin Müstəqillik Günündə Şərqi Zəngəzurun bu dağlar qoynundakı şəhərində Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin  Zirvə görüşü keçirmələri dünyaya üç qardaş ölkə - Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyini göstərdi. 

Zirvə görüşündə Prezident İlham Əliyev söylədi ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var: "Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq".

MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub.

Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi işğaldan azad edilən torpaqlarımızın mədəni ruhunun özünə qaytarılmasını əks etdirməklə yanaşı, Azərbaycanın Vətən savaşında qazandığı tarixi qələbəsinin, suverenliyinin təmininin MDB məkanında, ümumiyyətlə, dünyada qəbul olunmasının və dəstəklənməsinin növbəti nümunəsidir. 

Xankəndiyə xoş gəlmisiniz!

"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz".

İyulun 4-də Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü zamanı dövlət və hökumət başçılarını, tədbir iştirakçılarını Qarabağ torpağında bu sözlərlə salamladı. Bununla bir daha qalib lider İlham Əliyev Azərbaycanın tarixə, haqqa, ədalətə dayanan qətiyyətli zəfərinin yaratdığı gerçəklikləri dünyaya bəyan etdi.  

Bu il ECO-nun 17-ci sammitinə Azərbaycanın evsahibliyi etməsi özlüyündə mühüm əhəmiyyət kəsb edir və bu, ölkəmizin təşkilatın fəaliyyətində böyük rolu olduğunu göstərir. Bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağ torpağında - Xankəndidə keçirilməsi və tədbirdə ECO-ya üzv ölkələrin  dövlət və hökumət başçılarının iştirakı həm də ərazi bütövlüyümüzə göstərilən ciddi dəstək kimi xarakterizə olunmalıdır. Azadlığından sonra ilk dəfədir ki, Xankəndidə bu cür yüksəksəviyyəli beynəlxalq tədbir keçirilir. Türkiyə, Pakistan, Özbəkistan, İran, Qırğızıstan, Tacikistan liderlərinin və digər üzv ölkələrin hökumət nümayəndələrinin iştirak etdiyi mötəbər tədbirdə bir daha Azərbaycanla həmrəylik nümayiş olundu. 

ECO-nun Zirvə görüşü çərçivəsində Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu, Laçında ECO Qadınlar Forumu da keçirildi ki, bütün bu tədbirlərlə əlaqədar Qarabağa və Şərqi Zəngəzura səfər edən əcnəbi iştirakçılar, eyni zamanda təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları işğal dövründə Ermənistan tərəfindən burada törədilən vandalizm aktlarını gözləri ilə gördülər. Həmçinin onlar Azərbaycan dövlətinin qısa vaxt ərzində bu yerlərdə həyata keçirdiyi mühüm quruculuq işlərinin şahidi oldular. 

Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana Şuşadakı məscidlərin dağıdılması barədə məlumat verdi, işğal vaxtı məscidlərin viran olunduğunu vurğuladı. 

Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidəki "Businesstex ÆV" tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər, Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında oldular. ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı "İmarət" Kompleksində Qarabağ atlarının "Zəfər" şousunu izlədilər.

Xankəndinin ECO-nun Zirvə görüşünə evsahibliyi etməsi həm ölkəmizin Şuşa Zəfərini, həm də regionda yaratdığı sülh və əməkdaşlıq mühitini bir daha parlaqlığı ilə gözlər önünə sərdi. 

Eyni zamanda bu mühüm tədbir göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur yalnız Azərbaycanın deyil, regionun, türk və islam aləminin, ümumilikdə dünyanın siyasi, iqtisadi, mədəni və diplomatik ünvanına çevrilməkdədir. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
0
18
azerbaijan-news.az

10Mənbələr