AZ

İslam İnkişaf Bankı Türkiyəyə 200 milyon avro maliyyə ayıracaq

Qahirə, 6 iyul, AZƏRTAC

İslam İnkişaf Bankı Türkiyəyə 200 milyon avro məbləğində maliyyə paketi ayıracaq.

AZƏRTAC Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə imzalanmış razılaşma 2023-cü ilin fevralında baş verən zəlzələlərdən zərər çəkmiş vilayətlərdə, böyük şəhərlərdə bələdiyyə infrastrukturunun davamlı inkişafını dəstəkləmək məqsədi güdür.

Razılaşmaya əsasən, maliyyə iki tranşla təqdim ediləcək. Zəlzələdən zərər çəkmiş bölgələrdə infrastrukturun yenidən qurulması üçün 150 milyon avro, ikinci tranşda isə şəhərdaxili nəqliyyat sistemlərinin yaxşılaşdırılması üçün 50 milyon avro məbləğində maliyyə ayrılacaq.

İslam İnkişaf Bankı Qrupunun Türkiyədəki Regional Mərkəzinin rəhbəri Valid Əbdül Vəhhab bildirib ki, bu layihə zəlzələdən sonra Türkiyənin bərpa səylərini sürətləndirməyə xidmət edəcək və ölkənin gələcək çağırışlara qarşı dayanıqlılığını və hazırlığını təmin edəcək. Layihə “Bərpa və dayanıqlılıq üçün bələdiyyə infrastrukturu” proqramı çərçivəsində icra olunacaq və şəhərlərdə iqlim dəyişikliyi ilə mübarizədə bələdiyyə xidmətlərinin gücləndirilməsini hədəfləyir.

O əlavə edib ki, layihə içməli su təchizatı, çirkab suların təmizlənməsi, bərk tullantıların idarə olunması və şəhər nəqliyyatı infrastrukturu sahələrində investisiyaları maliyyələşdirəcək. Həmçinin, bu addım son təbii fəlakətlərdən sonra infrastrukturun bərpası və xidmət sistemlərinin yenidən qurulmasında Türkiyənin səylərini dəstəkləyəcək və bələdiyyələrin dayanıqlı inkişaf istiqamətində irəliləməsinə kömək edəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
6
8
azertag.az

10Mənbələr