BAKI, 6 iyul. TELEQRAF
Livan İsrail ilə sərhəddə hərbçilərinin sayını 10 min nəfərə çatdıracaq.
Teleqraf xəbər verir ki, bunu Livanın Prezidenti general Cozef Aun bildirib.
"Ölkənin cənubunda Livan ordusu və BMT sülhməramlı kontingentindən başqa heç bir silahlı qüvvə olmayacaq", - o, Baabda sarayında Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşü zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, İsrail regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına mane olur.
"Müasir hərbi texnologiyalar dövründə beş təpənin davam edən işğalının heç bir strateji əhəmiyyəti yoxdur, buna görə də biz Böyük Britaniya və digər dövlətləri İsrailə təzyiq göstərməyə çağırırıq ki, o, öz qoşunlarını Livandan çıxarsın, bizə qarşı hücumları dayandırsın və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin bütün müddəalarına əməl etsin", - siyasətçi qeyd edib.
Prezident rəsmi Londonun BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) 31 avqust 2025-ci ildə başa çatacaq mandatının uzadılmasına dəstək verəcəyinə ümid etdiyini vurğulayıb.
"Hazırkı vəziyyət sülhməramlı qüvvələrin BMT Təhlükəsizlik Şurasının (TŞ) 1701 saylı qətnaməsi tam yerinə yetirilənə qədər regionda qalmasını tələb edir", - o söyləyib.
Qeyd edək ki, hazırda Livanın cənubunda yerləşən 5 bölgə İsrail qoşunlarının nəzarətindədir.