"Tramp üçün döyüş, güc və qalibiyyət yalnız siyasətdə deyil, arenada da nümayiş olunmalıdır..."
ABŞ prezidenti Donald Tramp Amerikanın müstəqilliyinin 250 illiyi münasibətilə 2026-cı ildə Ağ Evdə UFC (Ultimate Fighting Championship) döyüşünün keçiriləcəyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Nəşr yazır ki, bu qərar həm ABŞ siyasətində, həm də idman dünyasında böyük rezonans doğurub. Trampın sözlərinə görə, bu "çempionlar döyüşü" olacaq və minlərlə insan - təxminən 20-25 min nəfər bu tarixi anın şahidi olmaq üçün toplaşacaq.
"Ağ Evdə yetərincə yerimiz var"
Tramp bu sensasiyalı açıqlamanı cümə axşamı Ayovada mitinqdə verib. O, izdihamlı auditoriyaya səslənərək soruşub: "UFC izləyən varmı aranızda? Böyük Deyna Uaytı tanıyırsınız? Biz UFC döyüşü keçirəcəyik. Harada? Ağ Evdə! Sadəcə təsəvvür edin - bu möhtəşəm döyüş prezident iqamətgahının ərazisində baş tutacaq. Orada yerimiz boldur". Bu sözlərdən dərhal sonra Ağ Evin mətbuat katibi Karolina Livitt "X" sosial şəbəkəsində bu planı təsdiqləyərək həyəcanla yazıb: "Bu əfsanəvi döyüş olacaq!"
Tramp və UFC: iyirmi illik dostluq və dəstək
Donald Trampın UFC ilə əlaqələri yeni deyil. Onun təşkilatın rəhbəri Deyna Uaytla dostluğu artıq 20 ildən çoxdur davam edir. 2001-ci ildə UFC ABŞ-da tanınmağa başlayanda və tədbir məkanları tapmaqda çətinlik çəkəndə, Tramp ona qapılarını açaraq "Trump Taj Mahal" kazino kompleksində döyüş keçirməyə icazə verib.
Bu dostluq siyasi səhnəyə də keçib: Deyna Uayt Trampın 2016-cı ildə prezidentliyə namizədliyini ilk dəstəkləyən tanınmış şəxslərdən biri olub və onu "əsl döyüşçü" adlandırıb. Trampa qarşı 2024-cü ildəki uğursuz sui-qəsd cəhdindən sonra isə Uayt onu "Amerika tarixinin ən cəsarətli insanı" kimi səciyyələndirib.
UFC artıq rəsmi tədbirlər sırasındadır
Tramp UFC döyüşünü Amerikanın 250 illik yubiley tədbirlərinə daxil etməklə həm idmana olan şəxsi marağını nümayiş etdirir, həm də bu məşhur idman növünü rəsmi dövlət tədbirlərinin bir hissəsinə çevirir. O, bildirib ki, 4 iyul 2026-cı ildə ABŞ-da təşkil olunacaq "Amerika-250" bayram tədbirləri çox geniş miqyasda keçiriləcək:
"Yubiley münasibətilə xüsusi tədbirlər ölkənin bütün milli parklarında, döyüş meydanlarında və tarixi məkanlarında baş tutacaq. Bu, təkcə keçmişə qayıdış yox, həm də Amerikanın gücünü və birliyini nümayiş etdirəcək bir bayram olacaq".
UFC döyüşünün Ağ Evə gətirilməsi nə deməkdir?
Trampın bu qərarı həm də bir rəmzi jestdir. Onun prezidentliyi dövründə tez-tez göstərdiyi bir məqam var: siyasəti populyar mədəniyyətlə birləşdirmək. UFC kimi aqressiv və kütləvi idman növünü Ağ Evə gətirmək həm onun baza elektoratına mesajdır, həm də müasir Amerika ruhunun nümayişi kimi təqdim olunur.
Ekspertlərə görə, bu təşəbbüs Trampın "Amerika yenidən böyük olacaq" şüarını qeyri-ənənəvi yollarla həyata keçirməyə çalışdığının daha bir nümunəsidir. Onun üçün döyüş, güc və qalibiyyət yalnız siyasətdə deyil, arenada da nümayiş olunmalıdır.