"Əlimizdəki futbolçuların daha yaxşı yetişməsinə çalışacağıq".
Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Qarabağ” klubunun əvəzedicilərdən ibarət komandasına baş məşqçi təyin olunan Maksim Medvedev deyib.
Peşəkar futbolçu karyerasını 2024-cü ildə bitirən M.Medvedev dərhal məşqçiliyə başlayıb. "Qarabağ"ın U-14 komandasına çempionluq qazandıran 35 yaşlı çalışdırııcı bir neçə gün öncə daha böyük məsuliyyəti öz üzərinə götürüb: “Hazırda iş çox olduğu üçün konkret olaraq nəyə fokuslandığımı demək çətindir. Çünki həm məşq prosesi, həm komandanı yığmaq, həm də rəhbərliklə daimi ünsiyyət mühüm məsələlərdir. Biz bunların hamısını nəzərə almalıyıq. Komanda formalaşandan sonra oyun planına keçəcəyik. “Qarabağ-2”yə rəhbərlik tərəfindən qoyulan əsas hədəf yaxşı komanda formalaşdırmaqdır. Ötən ildən söhbət gedirdi ki, əvəzedicilər komandası dağılacaq. Son anda bu qərarın üstündən xətt çəkib məni baş məşqçi təyin etdilər. Demək olar, hazırda sıfırdan komanda yığırıq. Çünki yaxşı və istedadlı futbolçuların çoxu I Liqada oynamağa gediblər. Ora həm maddi, həm də səviyyə tərəfdən bir qədər üstündür. Buna görə də, əlimizdə çox futbolçu yoxdur. İndiki mərhələdə əsas üstünlüyü nisbətən gənc futbolçulara verəcəyik. Çalışırıq ki, yaxşı komanda formalaşdıraq. Gələcəkdə seçilən oyunçuları əsas komandaya göndərmək istəyirik. Bəlkə də onların içərisindən Toral Bayramov, Nəriman Axundzadə kimi “Qarabağ”a kömək edə biləcək futbolçular çıxacaqlar”.
M.Medvedev “Qarabağ” U-14 komandasındakı fəaliyyətindən də söz açıb:
“Uşaqlarla tez dil tapa bildim, futbolda qazandığım təcrübəni onlarla bölüşdüm. Uşaqlardan nə istədiyimizi ən qısa zamanda izah etməyə çalışdıq. Düzdür, çətin idi, bəziləri tam olaraq nə istədiyimizi anlamırdılar. Təbii ki, burada yaş amili də rol oynayır. Tələblərimiz də çox idi. Ancaq işlədikcə uşaqlara doğru şəkildə özümüzü izah etdik. Nəticədə çempion olduq. Uşaqlarla işləmək çətin olsa da, mənim üçün böyük təcrübə idi. Fikrimcə, "Qarabağ"ın U-14 komandasındakı fəaliyyətim uğurlu oldu”.
Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Medvedev futbolçu karyerası ərzində - 2006-2024-cü illərdə yalnız bu klubun formasını geyinib. O, 376 rəsmi matça çıxmaqla, Ağdam təmailçisinin heyətində ən çox oyun keçirən futbolçu rekorduna sahibdir.