Kiprin AEK (Larnaka) klubunun fransalı sağ vingeri İmad Faraj karyerasını “Neftçi”də davam etdirməyə yaxındır.
Arena.az saytının əldə etdiyi məlumata görə, əslən Mərakeşdən olan 26 yaşlı futbolçu Azərbaycan klubu ilə razılığa gəlib.
Transferin qısa zamanda rəsmiləşməsi gözlənilir. Paytaxt klubu yaxın günlərdə bu transferi rəsmən açıqlaya bilər.
Fransada dünyaya göz açmış İmad Faraj bu ölkənin “Lill” klubunnu yetirməsidir. O, karyerası ərzində “Belenenseş” və “Muskron” komandalarında da forma geyinib. 2021-ci ildən AEK-də çıxış edən vinger bu komandada 158 oyuna 23 qol vurub, 23 məhsuldar ötürmə müəllifi olub.
Fransanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynamış Faraja sonradan əsas millidə ehtiyac duyulmayıb.
Farajın AEK ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi mövcuddur. Bu üzdən “Neftçi”nin bu transfer üçün nə qədər xərcə düşəcəyi maraq doğurur. “Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.