AZ

Almaniya bu göstəriciyə görə LİDERLİYİNİ itirdi - SİYAHI, DETALLAR

2025-ci ilin ilk yarısında Almaniya Avropa İttifaqında sığınacaq üçün müraciətlərin sayına görə liderliyini itirib.

Musavat.com xəbər verir ki, “Bild”in məlumatına əsasən, ilin ilk 6 ayında Almaniyada 61 300 ilkin sığınacaq müraciəti qeydə alınıb.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə azdır (121 426 müraciət).

Təkcə iyun ayında təqdim olunan müraciətlərin sayı 7000-dən az olub. Bu qədər aşağı göstərici Almaniyada sonuncu dəfə 2013-cü ildə qeydə alınıb.

Sığınacaq müraciətlərinin kəskin azalmasının əsas səbəbi ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi olub. Belə ki, əlavə sərhəd nəzarətləri tətbiq edilib, ailə birləşməsi proqramı dayandırılıb, vətəndaşlığın sürətli əldə olunması imkanları ləğv edilib. Bundan əlavə, “təhlükəsiz ölkələr” siyahısı genişləndirilib ki, bu da həmin ölkələrdən gələnlərin sığınacaq statusu almasını çətinləşdirir.

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bu tendensiyanı BILD-ə verdiyi açıqlamada belə şərh edib:

“Bu, miqrasiyanın istiqamətini dəyişməkdə əldə olunan açıq nailiyyətlərdir. Biz miqrasiyanı tərsinə çevirmək yolunda ardıcıl şəkildə irəliləyirik”.

Avropa Komissiyasının hesabatına görə, hazırda Almaniya sığınacaq müraciətlərinin sayına görə Aİ-də üçüncü yerdədir. Birinci yerdə İspaniya (76 020 müraciət), ikinci yerdə isə Fransa (75 428 müraciət) qərarlaşıb. İtaliya və Yunanıstan da ilk beşlikdə yer alır. Ən az müraciət isə Macarıstan (47 müraciət), Slovakiya (84) və Litvada (152) qeydə alınıb.

Almaniyada sığınacaq axtaranlar arasında əsasən Əfqanıstan (22%), Suriya (20%) və Türkiyə (11%) vətəndaşları üstünlük təşkil edir. İlk beşlikdə İraq və Rusiya vətəndaşları da yer alır. Rusiyadan olan müraciətlərin payı 3,1% təşkil edir.

Musavat.com

Seçilən
2
50
musavat.com

10Mənbələr