AZ

Şagirdin çantası ağır, nəşriyyatın kassası doludur Əmrah Həsənli AÇIQLADI

ain.az, Redaktor.az saytına istinadən bildirir.

"Ölkəmizdə təhsillə bağlı nəşriyyat fəaliyyəti son illər ciddi şəkildə genişlənib. Hər gün bir yeni dərs vəsaiti, test toplusu, müəllim tövsiyəli kitab və ya hazırlıq materialı bazara çıxarılır. Bu, ilk baxışda maarifçiliyin və elmin yayılması kimi görünə bilər. Amma məsələyə daha dərindən baxanda görünür ki, bu prosesin arxasında təkcə maarifçilik yox, ciddi kommersiya maraqları dayanır. Təəssüf ki, bu maraqların mərkəzində şagirdlər dayanır – özü də uduzan tərəf kimi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli təhsildə nəşriyyatın problemlərindən danışarkən bildirdi.

"Hazırda müəllimlər arasında kitab yazmaq və onu şagirdlərə “məsləhət” adı altında aldırmaq tendensiyası geniş yayılıb. Bir müəllim kitab yazır və dərsdə bildirir ki, bu vəsait olmadan mövzunu tam mənimsəmək mümkün deyil. Həmin müəllim eyni zamanda həm müəllif, həm satıcı, həm də sinifdə qərar verən şəxsdir. Şagird isə qarşısında seçim haqqı olmayan tərəf kimi, həmin kitabı almağa məcbur qalır. Valideyn istəsə də, istəməsə də, övladının dərsdən geri qalmasından çəkinərək kitabı almağa üstünlük verir.

Burada bir məsələ aydın görünür: kitablar artıq təhsilin deyil, ticarətin vasitəsinə çevrilib. Hətta elə hallar var ki, bir fənn üzrə eyni şagirdə müxtəlif müəllimlər tərəfindən bir neçə fərqli kitab məcbur edilir. Və bunların arasında nə uyğunluq var, nə də elmi əsaslandırılmış üstünlük. Sadəcə müəllimin kitabı bazardadır, vəssalam.

Ən təəssüf doğuran məqam isə odur ki, bu prosesin nəzarətsiz və sistemsiz baş verməsi ümumi təhsil mühitinə mənfi təsir edir. Bu gün Azərbaycan məktəblərində istifadə olunan əlavə vəsaitlərin heç biri ciddi ekspertizadan keçirilmir. Hər kəs istədiyi mətnləri çap etdirib bazara çıxara bilir. Bəzən bu kitabların məzmunu da, dili də ciddi qüsurlarla doludur. Amma bu halda belə həmin vəsaitlər şagirdin çantasına girməyə davam edir. Çünki müəllim deyib".

Ə. Həsənli qeyd etdi ki, əgər bu proses davam edərsə, biz yaxın illərdə müəllimlərin pedaqoji nüfuzunun satış menecerinə çevrildiyini, şagirdlərin isə elmi öyrənmək yerinə sadəcə kitab yığan alıcılara döndüyünü görəcəyik.

"Bu mənzərədə yalnız bir tərəf qazanır – nəşriyyatlar və müəllif müəllimlər. Uduzan isə təəssüf ki, şagirdlərdir. Təhsil isə bu oyunun sadəcə fon dekorasiyasına çevrilir.

Bu səbəbdən də təhsil sistemi dərhal bu məsələni gündəmə gətirməli və kitab bazarına dair ictimai və hüquqi nəzarət mexanizmlərini aktivləşdirməlidir. Əks halda, gələcəyimiz olan şagirdlərin çiynində qurulan bu kommersiya sistemi həm sosial narazılığa, həm də təhsildə bərabərsizlik hissinin dərinləşməsinə səbəb olacaq",- deyə, təhsil eksperti vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
24
redaktor.az

10Mənbələr