Xatırlayırsınızsa, ABŞ Prezidenti cənab Donald Tramp öz sosial şəbəkəsində böyük hərflərlə yazdı:
“İSRAİL, BU BOMBALARI ATMA. BUNU ETSƏN, BU CİDDİ POZUNTU OLACAQ. PİLOTLARINIZI EVƏ QAYTARIN, HƏMƏN!
DONALD CEY TRAMP, ABŞ PREZİDENTİ”.
Wao – sanki “Netflix” serialını yarıda saxladılar…
Sözün düzü, bu heç də İsraili dəstəkləyən bir adamın və ya siyasətçinin, eləcə də birmənalı olaraq dost mesajı deyildi…
Zəmanə ciddi şəkildə dəyişib, vallah. Bizim dövrümüzdə dövlət başçılarının arasında sirli danışıqlar, üstəlik, tənbeh xarakterli əmrlər şifrlənmiş, kodlanmış və göz-qulaqdan uzaq rabitə ilə, “göyərçinlərin dimdiyində” ötürülürdü…
İndi isə bu “məxfiyyat” bütün dünyanın gözü qarşısında baş verir. “Bütün dünya” deyəndə mən, doğrudan da bütün dünya əhalisini nəzərdə tuturam.
Bəs niyə cənab Tramp bu rabitə növünü seçdi?
1. Bu mesajı İran oxusun və ABŞ-ın İslam Respublikasına dəstək verdiyini qəbul etsin. Niyə? Çünki söz verildiyi kimi, Ayətullah Xamenei hökuməti dağılmadı.
2. Bu mesajı İsrail oxusun və ABŞ-ın Yəhudi Dövlətinə artıq dəstək olmadığını qəbul etsin. Niyə? Çünki söz verildiyi kimi, Ayətullah Xamenei hökuməti dağılmadı.
3. Bu mesajı dünya oxusun və ABŞ-ın yeni yol xəritəsini qəbul etsin. Niyə? Çünki söz verildiyi kimi, Ayətullah Xamenei hökuməti dağılmadı.
Beləliklə, 12 günlük müharibə növbəti dayanacaqda istehkam qurdu. Nəticələri kimin üçünsə arzuların iflası, kimin üçünsə arzuların təntənəsi, kimin üçünsə arzuların arzulanması kimi qiymətləndirilir.
1. ABŞ biznesi
ABŞ, ibtidai sinif müəllimi kimi, şagirdlərinin vədlərinə inandı.
Lakin verilən sözlərin tam əksi ilə qarşılaşdı. Bu şirin vədlər əsasında ilkin dövrdə cənab Trampın İranı hədələməsinə baxmayaraq, sonda acı nəticələrlə üzləşən ABŞ Prezidenti lütfikar məşqçi kimi rinqə ağ mələfəni atdı ki, savaş dayansın.
Niyə belə bir ağ mələfə İsrail–Fələstin döyüşü zamanı atılmamışdı – yəqin ki, ağıllı oxucu özü anlayacaq...
Donald Tramp başda olmaqla ABŞ establişmenti İran əhalisinin – nə olursa olsun – vətən təhlükə ilə üzləşən kimi səfərbər olub bir yumruq kimi bərkiyəcəyini bilməli idi.
Şərq çox incə məsələdir, cənab Tramp, ora kor-təbii və ya təbii-kor müdaxilə etmək olmaz.
Nəticədə:
a. Donald Tramp İrana qarşı sanksiyaları ləğv etməyə hazır olduğunu bildirdi;
b. ABŞ Prezidenti İranın Çinlə neft ticarətinə icazə verəcəyini söylədi;
c. Cənab Tramp Netanyahuya “hücum” etdi, onu jurnalistlərin qarşısında “fakt”la təhqir etdi və İsrail Baş nazirinin verdiyi “İranda inqilab başlayacaq və bir həftəyə İran hökuməti çökəcək” vədlərinin baş tutmamasını, görünür, ona hələ uzun müddət bağışlamayacaq.
Heç nəyə baxmayaraq, cənab Tramp hakimiyyətdə qaldı.
2. İsrail arzuları
İsrail illərlə arzuladığı İrana qarşı hərbi əməliyyatını həyata keçirdi.
Lakin təməl məqsədinə – İranda hakimiyyəti dəyişmək arzusuna – çatmadı, bəlkə də çata bilmədi.
İsrail İranın bir sıra yüksək vəzifəli hərbi və elmi elita nümayəndələrini zərərsizləşdirməyə müvəffəq oldu. Amma bildiyimiz kimi, növbəti gün həmin vəzifələrə artıq yeni adamlar təyin olunmuşdu. Yəni, strukturlar boşalmadı – sadəcə, dəyişdi.
“Mossad”ın hesablamaları və kəşfiyyat məlumatları ya səhv idi, ya da etibar etdiyi “Tsaxal” hərbçiləri lazımi hədəfləri kifayət qədər dəqiq məhv edə bilmədilər.
Əks halda, İran raketləri qarşısında İsrailin hava hücumundan müdafiə sistemləri bu qədər aciz qalmazdı.
Atəşkəsin əsas səbəblərindən biri də İrandan İsrailin gözləmədiyi miqdarda raketlərin Tel-Əviv, Xayfa və Beer-Şevaya səpələnməsi oldu.
Üstəlik, İranın yeni nəsil “Fəttah” raketləri səmada “rəqs edərək”, bütün müasir hava müdafiə sistemlərini ustalıqla keçərək aşkar olunduqdan cəmi 60 saniyə sonra istənilən hədəfi vurmaqla fərqləndi.
“Mossad”ın bu səhvi onların İran ərazisində yerləşən və illərlə fəaliyyət göstərmiş bütün agent şəbəkəsinin inanılmaz sürətlə məhv edilməsi ilə nəticələndi.
Bu cür şəbəkəni bu regionda yenidən qurmaq mümkün olacaqmı? Bu nə qədər vaxt aparacaq? Buna artıq bu sxemlərdən xəbərdar olan İran kəşfiyyatı imkan verəcəkmi?
Və nəhayət: bu İsrailə “neçəyə” başa gələcək?
Bütün bu suallar bu gün İsrail hərbi dairələrinin masası üzərində açıq qalır.
Heç nəyə baxmayaraq, cənab Netanyahu hakimiyyətdə qaldı.
3. İran təranələri
“Fəttah”ların öz musiqilərinin sədası altında səmada master-klass nümayiş etdirməsinə baxmayaraq, düşünürəm ki, İran bu savaşa hazır deyildi. Və bu hücumu, sözün əsl mənasında, deyəsən, gözləmirdi. Bu – həyatlarını itirən generalların ən böyük səhvi idi.
İsrailin İran ərazisində ciddi əməliyyat və kəşfiyyat şəbəkəsi qurduğuna dair mesajlar hələ 2020-ci ildə çəkilən “Tehran” adlı 24 seriyalı serialda açıq şəkildə verilmişdi.
Ay kişi, serialın IMDb reytinqi 7.6-dır – ola bilərmi ki, “Tehran” serialına Tehranın özü baxmasın?
Düşmənləriniz sizə hələ 5 il əvvəl bütün məlumatları açıq şəkildə vermişdilər ki, hazırlıq görün. Amma hər şey elə o serialdakı kimi oldu – “müsəlmanın sonrakı ağlı”.
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard 25 iyunda rəsmi and altında çıxış edərək “İranda nüvə silahı yoxdur” demişdi.
Bundan əlavə, xanım Qabbardın məruzəsində yer almışdı ki, “Ayətullah Xamenei 2003-cü ildə bu proqramı bağladıqdan sonra bu məsələyə hələ də qayıtmayıb”.
O zaman bu ifadə yəqin ki, doğrudan da həqiqət idi. Amma indi mən belə düşünürəm: bu boyda aqressiyadan sonra İran üçün nüvə silahı hazırlamaq artıq milli proqramın birinci bəndinə çevriləcək.
İsraildən fərqli olaraq İran nə İsraildə, nə də ABŞ-da öz agentlərini itirdi. Əksinə, onlar bu 12 günlük müharibə ərzində ciddi şəkildə gücləndilər və bir sıra məqamlarda öz tarixi rollarını çox peşəkarcasına oynadılar.
İran hakimiyyəti daha da gücləndi. Son 10 il ərzində ilk dəfə bütün milləti ətrafında səfərbər edərək, İsrail və ABŞ haqqında illərlə “onlar İranı dağıtmaq istəyirlər” dediklərini praktik şəkildə sübut etdi. Dünən “Niyə bizim pullarımızı İran hakimiyyəti silaha xərcləyir?” deyən vətəndaşlar bu gün müxalifətdən çıxıb hökumətin dəstəkçisinə çevrildilər. İsrailin bəyan etdiyi “Molla rejimi”nin süqutu baş tutmadı. Əksinə, düşünürəm ki, bu hökumət növbəti Kərbəla döyüşünə qədər daha da bərkidi.
Heç nəyə baxmayaraq, cənab Xamenei də hakimiyyətdə qaldı.
4. Azərbaycan partiturası
Ukraynaya verilən “Bayraktar” dronlarının səliqəsiz və bir sıra hallarda uğursuz işləməsi, İsrailin “Harop” dronlarının isə qələbə qazandıra bilmədiyini müşahidə edəndə, bir hərbi ekspert kimi mən bir daha əmin oldum ki, müharibələri silah yox, mərd ürəklər udur.
Bununla əlaqədar olaraq bir daha iftixar hissi ilə qeyd etmək istərdim ki, həmin “Bayraktar” və “Harop”u istifadə edən Azərbaycan 44 günlük müharibəni uddu. Və bu zəfəri müasir silahlar yox, “Döyüş alnına yazılan” Azərbaycan Kişisi qazandı! Bu Kişilər öz doğma torpaqları uğrunda vuruşdular və azad etdilər Vətəni.
Azərbaycana bu müharibədə, deyilənlər kimi, kimsə kömək edibsə, Allah onların ürəyincə versin, təşəkkür edirik.
Amma tarix göstərir ki, nədənsə öz savaşlarında eyni silahlarla onlar Azərbaycan qədər müvəffəqiyyət qazana bilmədilər.
Lakin bu 12 günlük savaşı azərbaycanlılar böyük həyəcanla yaşadılar.
- Bir tərəfdə müharibənin ilk günlərində Təbrizdə, Urmiyada vurulan qan qardaşlarımız,
- Digər tərəfdə isə müharibənin sonunda Tel-Əviv, Xayfa və Beer-Şevada vurulan azərbaycanlı yəhudilərin qohumları və dostları.
Müharibələrdən xirtdəyədək doymuş Azərbaycan xalqı bu savaşın dərhal dayanmasını istəyirdi. Azərbaycanlılar qorxurdu ki, bizim regionda da, Fələstində olduğu kimi, 50 mindən çox günahsız mülki adam qətlə yetiriləcək.
Şükür Allaha ki, bu baş vermədi!
Amma bu savaş bitər-bitməz, azərbaycanlıların başına başqa bir “dava” düşdü. Mənim anlamadığım şəkildə - Rusiya ilə münasibətlər kəskin və sürətlə korlanmağa başladı…
Azərbaycanla Rusiya arasında hər səviyyədə yüksək münasibətlər olduğu bir dövrdə, polis “bespredel”i zəminində gündən-günə alovlanan “razborka”...
Hamıya məlumdur ki, Yekaterinburqda baş verən hadisə sadəcə fürsətdir — səbəb, həmişə olduğu kimi, bir azdan açılacaq. Tələsməyin... Hamı hər şeyi anlayacaq.
Azərbaycan xalqının səbrinin tükənməz olduğu bir dövrdə, belə bir səbirsizlik nümayişi mənim üçün şəxsən gözlənilməz oldu. Yenə də səhər xoruzların hürməyi ilə açılmağa başlayır və gecə çaqqalların boğazlarının gücünə düşür…
Bu iki xalqı dava yoluna çıxaran relsləri quranlar qatarların harada toqquşacağını yaxşı bilirlər. Mən isə anlamıram: sərnişinlər niyə bu paravozların “kotyol”larına kömür atırlar?
Amma çox da ürəyinizə salmayın, İnşallah, hər şey yaxşı olacaq...
Ev yiyələrinin mövqeyini gözləyin.
5. Rusiya skipetri
Bu arada Rusiya çox maraqlı və bu marağı doğuran səbəblərin müəllifi rolunu məharətlə oynayır.
Stanislavski və Meyerholdun vətəni olan Rusiya eyni zamanda marketinqin də banisidir. İlk marketinq və PR plakatları Rusiyada hələ XX əsrin əvvəllərində yaranmışdı.
“Sus! Düşmən qulaq asır!”
“Hər yerdə sosiska tələb edin!”
Bu plakatlar öz rolunu məharətlə yerinə yetirdi - millət susdu və yalnız sosiska tələb etməyə başladı…
Məhşur rus yazıçısı Fyodor Tyutçev vaxtı ilə yazmışdı: “Ağılla Rusiyanı dərk etmək və arşınla Rusiyanı ölçmək olmaz!”. Bu səbəbdən vaxt itirməmək üçün mülahizələrimi dayandırıram.
ANS-də yayımlanan “Qulp” verilişində maraqlı bir personajımız vardı. Qoca kişi idi. “Hipertonik kriz”in iki addımlığında olan bu daydayın maraqlı bir ifadəsi vardı. Kişi deyərdi: “Eh, nədəndü, nədəndü... Hər şey zəmanədəndü!”.
Zəmanəmiz isə belədir: Sosiskanın kilosu 8 manat 60 qəpikdir (ən ucuzu). Və iş, əziz dostlar, heç də sosiskada deyil. İş “vnimatelnı” olmaqdadır.
6. Müşahidəedici epiloq və ya sadəcə “Sputnik”
Çox yaxşı yadımdadır, 2015-ci ilin iyun ayının əvvəlində Bakıda "Sputnik Azərbaycan" adlı xarici media qurumu fəaliyyətə başladı. Bu xəbər mənə çatanda, əvvəlcə inanmadım. Lakin o zamanlar “MTRŞ” adlanan qurumun rəhbəri Nuşirovan Məhərrəmli və onun 12 həvaridən ibarət Şurası "Sputnik" adlı Rusiya ağır çaplı media divizionuna Azərbaycanda yayım icazəsi verəndə mən bir sıra məsələləri anladım.
Meteoroloji nöqteyi-nəzərdən küləyin haradan gəldiyi artıq aydın idi. Bununla əlaqədar, təhsilini Moskva şəhərində almış Nuşirovan Məhərrəmli ilə danışmağı yersiz hesab etdim — o sadəcə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin o vaxtkı rəhbəri Əli Həsənovun ləhcə ilə danışan ruporu idi. Baxmayaraq ki, Əli Həsənov da Moskvada təhsil almışdı, mən birbaşa üz tutdum ona. Noraşen rayonunda anadan olmuş bu vəzifəli şəxsə mən Marqarita Simonyanın kim olduğu barədə ətraflı danışdım.
1996–2001-ci illər arasında Azərbaycanda açıq yayımda olan və millətimizi “mavi işıq”la şüalandıran RTR və ORT TV kanallarının bağlanması üçün canımı, malımı və hətta qanımı qoyduğum barədə də söz açdım. Dedim ki, “15 il əvvəl bu kanalları buradan mən çətinliklə, dava, savaş və hətta terrorçuluqda ittiham olunmağıma baxmayaraq çıxartmağa müvəffəq olmuşam. Onları yenidən ölkəyə buraxmaq — ciddi səhvdir”.
Anlaşılan... Сavab vermədi. Həmişəki kimi. Əvəzində “Sputnik Azərbaycan”ın təntənəli açılışı baş tutdu və bu qara bayramın üzünü məhz Məhərrəmov və Həsənov cütlüyü ağartdı.
Mən isə o vaxt dayanmadan “Sputnik”ə qarşı çox sərt materiallar edirdim “Xəbərçi” proqramında. Ermənistan Respublikası ilə müharibə gedən bir vaxtda ermənilərə məxsus medianın və eyni zamanda millətə Rusiyanın mikrofon “şnurunun” qamçısı ilə Azərbaycana yenidən ağalıq etməsinə imkanım daxilində kəskin etiraz edirdim. Çığırırdım: “Bu qamçını millətin onsuz da yaralı belinə vurmağa imkan verməyin!”.
Yəqin, hörmətli oxucuya bu savaşın nəticəsi də maraqlıdır... Nəticə:
Heç bir il keçməmiş, 2016-cı ildə həmin Moskvada təhsil almış Məhərrəmov və Həsənov cütlüyü Azərbaycanın müasir tarixini yazan ANS TV və ANS ÇM Radiosunun yayım lisenziyalarını ləğv edərək ölkədə fəaliyyətlərini dayandırdı… Amma “Sputnik” işləməyə davam etdi… Düz, 2025-ci ilədək.