AZ

Bir ayın kirayəsi bir günə - Bağ evləri "od tutub yanır"

Yay gəlişi ilə Bakı və ətraf kəndlərdə, rayonlarda bağ evlərinin qiymətləri yenə “alışıb-yanır”. Şəhərdən uzaqlaşıb sakitlik tapmaq istəyənlər hər il olduğu kimi bu yay da kirayə bağ evlərinə üz tuturlar. Amma qiymətlərə baxanda çoxlarının nəfəsi kəsilir: bir günlük kirayə bəzən şəhərdə bir ayın kirayəsinə bərabər olur.

Artıq paytaxt sakinləri ailəvi istirahət üçün Bakının Bilgəh, Şüvəlan, Mərdəkan, Buzovna kimi kəndlərində, eləcə də Quba, Qəbələ, Şəki və Lənkəran kimi rayonlarda qiymətlərlə maraqlanırlar. Əlverişli yer, təmiz hava və dənizə yaxınlıq istəyənlərin sayı artdıqca bağ evlərinin qiymətləri də “uçur”.

Araşdırma göstərir ki, bu mövsüm bağ evlərinin qiymətləri ötən illə müqayisədə yenə artıb. Bakı kəndlərində adi hovuzlu bağ evlərinin bir günlük kirayəsi hazırda 250-300 manat civarındadır. Villa tipli, daha böyük və zəngin imkanlı evlərdə isə qiymətlər 350-400 manatdan başlayır. Bu isə deməkdir ki, şəhərdə orta kirayə mənzil üçün ödədiyiniz pulu, bağ evində cəmi bir günə xərcləməlisiniz.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bağ evlərinin kirayəsi mövsümi xarakter daşıyır və bu səbəbdən qiymətləri ciddi şəkildə artan tələb müəyyən edir: “Hər yay əvvəlki ilə nisbətən qiymətlərdə 10-15 faiz artım müşahidə olunur. Çünki əhalinin bir qismi yay aylarını bağ evlərində keçirmək istəyir və bu da tələbatı artırır”. Onun sözlərinə görə, pandemiyadan əvvəl bağ evlərinin bir aylıq kirayəsi orta hesabla 1500-2000 manat idisə, sonrakı illərdə bu rəqəm 20-25 faiz yüksəlib.

Onun sözlərinə görə, kirayə təklif edilən daşınmaz əmlakın qiymətini inzibati yolla tənzimləmək  mümkün deyil: “Hər hansısa alət yoxdur ki, dövlət və ya hansısa qurum bunu tənzimləsin.  Bu yalnız bazar münasibətləri nəticəsində, tələb və təklif arasındakı asılılığa uyğun olaraq  qiymətlər tənzimlənir. Təklif qiymətlərinin yüksək olması onu göstərir ki, təklifə qarşı tələbat mövzudur. İnsanlarımız bir günə 250-300 manat ödəyib istirahət etməyi üstün hesab edirlər.  Bu onunla əlaqəlidir ki, hazırda quru sərhədlər bağlıdır və vətəndaşlar ölkə xaricində deyil, ölkə daxilində istirahət etməli olurlar. Əvvəllər insanlar daha çox Türkiyə və Gürcüstana gedirdilər. İndi isə əhalinin müəyyən qismi təyyarə ilə səyahət edir. Digər qismi isə ölkədə eyni istirahət şəraitini yaratmağa üstünlük verirlər. Bu da daşınmaz əmlakın ölkədə qiymətini yüksəldir”.     

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirir ki, hər il may və iyun ayının əvvəli iş adamları əmlaklarını bazara çıxarır və qiymətlərlə bağlı ilkin fikirləri öyrənirlər: “Qiymətləri müraciətlərin sayına uyğun olaraq tənzimləyirlər. Yəni qiymət tələbata uyğunlaşdırılır. Sahibkar artıq bilir ki, evini neçəyə kirayə verə bilər. Əmlak vətəndaşın şəxsi mülkiyyətidir, onun özü tərəfindən tənzimlənir. Qanunvericilikdə heç bir təsir mexanizmi ola bilməz. 

Elə insanlar var ki, fantastik üslubda bağ evi tikdirirlər. Onlar bir neçə il qaldıqdan sonra yorulurlar və məcburən həmin evləri baha qiymətə kirayə verirlər. Elə şəxslər də var ki, məhz kirayə vermək məqsədi ilə bağ evi tikir. Çox da bahalı bağ evlərinə tələbat yüksək deyil. Günü 100-150 manata olan evlərə istər regionlarda, istərsə də Bakı və Abşeronda daha çox tələbat var".    

Azadov bildirir ki, Mərdəkan, Şüvəlan, Bilgəh və Naradaran kimi yerlərə tələbat həmişə yüksək olur. Onun sözlərinə görə, dənizə yaxınlıq, infrastrukturun yaxşılığı, hovuzun olması artıq üstünlük deməkdir.

İqtisadçılar deyirlər ki, qiymətlərin yüksək olması həm də təklifin məhdudluğu ilə bağlıdır. Çünki yaxşı vəziyyətdə olan bağ evlərinin sayı çox deyil və onların da sahibləri fürsətdən istifadə edib daha yüksək qiymət tələb edirlər.

Elə müştərilər də var ki, bir neçə ailə birləşib evi kirayələyirlər və xərcləri bölürlər. Qubada, Qəbələdə və digər bölgələrdə sadə bağ evləri üçün 80-150 manat, hovuzlu və orta səviyyəli evlər üçün isə 150-250 manat, lüks evlər üçün isə 300-400 manat tələb olunur. O deməkdir ki, şəhərdə bir ay üçün ödədiyiniz pulu bağ evində cəmi bir günə xərcləyə bilərsiniz.

Mənbə: "Yeni Müsavat"

Seçilən
12
20
hit.az

10Mənbələr