AZ

Netanyahu və Zamir arasında Qəzza mübahisəsi

BAKI, TurkicWorld

İsrail kabinetində Qəzza mübahisəsi - Netanyahu və Baş Qərargah rəisi arasında gərginlik yaşanıb.

TurkicWorld xəbər verir ki, İsrail Nazirlər Kabinetinin Qəzza məsələsini müzakirə etdiyi iclasda baş nazir Benyamin Netanyahu ilə İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir arasında ciddi fikir ayrılığı yaşanıb.

İsrail mətbuatı həmin qapalı iclasın təfərrüatlarını ictimaiyyətə açıqlayıb.

Məlumata görə, Zamir Qəzzanın şimalının mühasirəyə alınması və fələstinlilərin cənuba zorla köçürülməsi planına qarşı çıxıb və bu yanaşmanın risklərini vurğulayıb. “Qəzzədə hərbi hökumət istəyirsiniz? 2 milyon insanı kim idarə edəcək?” sualı ilə çıxış edən Zamir, bu planın bölgədə nəzarətin itirilməsi və ordunun çətin duruma düşməsi ilə nəticələnə biləcəyini bildirib.

Qəzzadakı vəziyyətə dair sərt ritorikası ilə tanınan ifrat sağçı nazirlər – Milli Təhlükəsizlik naziri Itamar Ben Gvir və Maliyyə naziri Bezalel Smotriç – Zamiri əmrlərə tabe olmamaqda və HƏMAS-a qarşı uğursuzluqda günahlandırıblar. Zamir isə bu ittihamları rədd edərək bildirib: “Biz sizdən gələn tapşırıqları icra edirik. Ordu üzərinə düşəni edir.”

Netanyahu isə cavabında Qəzzadan geniş miqyaslı təxliyə planının zəruriliyini vurğulayıb. Baş nazir bildirib ki, HƏMAS-ı geridə qoymadan Qəzzadan əhali çıxarılmalı, əks halda alternativ yol bütün zolağın işğalı və girovların həyatının risk altına düşməsi ola bilər.

İclasın sonunda Netanyahu ordudan təxliyə planını Vaşinqton səfərindən dönənə qədər hazırlamasını tələb edib.

Qeyd edək ki, baş nazir Netanyahu 7 iyulda ABŞ prezidenti Donald Tramp ilə görüşmək üçün ABŞ-a səfər edəcək. Görüşdə Qəzza məsələsinin və girov razılaşmalarının əsas müzakirə mövzularından biri olacağı gözlənilir.

Seçilən
11
50
turkic.world

10Mənbələr