AZ

Eltun Süleymanov: "İqtisadi Əməkdaşlıq Təşkilatının tarixi missiyası və Azərbaycanın lider rolu"



İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) XX əsrin ikinci yarısında region ölkələrinin iqtisadi və siyasi potensialını birləşdirmək, regional inkişafı gücləndirmək məqsədilə yaranmış nüfuzlu beynəlxalq qurumdur. Rəsmi olaraq 1985-ci ildə təsis edilən təşkilat hazırda 10 üzv dövləti – Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstanı əhatə edir. ECO üzvlərinin ümumi əhalisi 500 milyondan çoxdur və təşkilat geosiyasi baxımdan mühüm regionda yerləşir.

Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, Azərbaycan ECO-nun işində həmişə fəal mövqe nümayiş etdirib. 2006 və 2012-ci illərdə Bakıda keçirilmiş Zirvə görüşləri Azərbaycanın bu təşkilat daxilində nüfuzunu, diplomatik çevikliyini və təşəbbüskar mövqeyini göstərdi. Üstəlik, keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 kimi qlobal əhəmiyyətli beynəlxalq tədbir keçirildi. Bu konfrans həm iştirakçıların sayına, həm də qəbul edilən mühüm qərarlara görə xüsusi əlamətdar oldu. Cənab Prezident İlham Əliyev Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə Azərbaycanın ECO-nun fəaliyyətindəki fəal rolunu bir daha təsdiqlədi. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən ECO Həftəsi, Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu kimi tədbirlər regionda həm iqtisadi, həm də ictimai inteqrasiyanı gücləndirən yeni nümunə oldu. Bu fəaliyyətlər göstərir ki, Azərbaycan təkcə regionda deyil, həm də İslam aləmində və Avrasiya məkanında iqtisadi əməkdaşlığın lokomotivinə çevrilir. Azərbaycanın yerləşdiyi strateji mövqe – Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində olması, güclü enerji infrastrukturu və dayanıqlı iqtisadi inkişafı ECO-nun strateji hədəflərinə mühüm dəstək verir. Xankəndidə keçirilən Zirvə görüşünün siyasi və tarixi əhəmiyyəti isə daha dəyərlidir. 2025-ci ilin iyulunda ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi, təkcə regional əməkdaşlıq baxımından deyil, həm də Azərbaycanın müasir tarixində, suverenlik və dövlətçilik kontekstində xüsusi önəm kəsb edir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: "Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var." Bu, həm də beynəlxalq ictimaiyyətə bir mesaj idi: Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və indi azad edilmiş torpaqlarda sülh, inkişaf, quruculuq dövrü başlayıb. Xankəndi görüşündən əvvəl də bir sıra mühüm tədbirlər – Şuşada ECO-nun Nazirlər Şurasının iclası, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü – məhz bu regionda təşkil olunmuşdu. Bütün bunlar Qarabağın regionun diplomatik və iqtisadi mərkəzinə çevrildiyini göstərir. Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində Qarabağda şəhərlər, kəndlər, dini və mədəni abidələr dağıdılıb. 67 məsciddən 65-i yerlə-yeksan olunub, qalanları təhqiramiz şəkildə istifadə edilib. İşğalın Azərbaycan iqtisadiyyatına vurduğu ziyan isə təxminən 150 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bütün bunlar Xankəndidə keçirilən Zirvə görüşünün mənəvi dəyərini daha da artırır – çünki bu, dağıdılmış torpaqlarda həyatın bərpasının, beynəlxalq əməkdaşlığın və ədalətin rəmzidir. Bu Zirvə görüşü həm də Ermənistan və onun havadarlarına bir siqnal idi: Azərbaycanın suverenliyi müzakirə mövzusu deyil və regionun gələcəyi əməkdaşlıq, inkişaf və qarşılıqlı hörmət üzərində qurulacaq. İqtisadi inkişaf, yeni təşəbbüslər və Azərbaycanın quruculuq modeli də göz önündədir. Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərindən ətraflı bəhs etdi. “Böyük Qayıdış” proqramı artıq həyata keçir, 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, 50 mindən çox insan yeni evlərində yaşayır. Eyni zamanda Ermənistan tərəfindən basdırılmış minalar hələ də böyük təhlükə mənbəyidir. İndiyədək 400-ə yaxın insan mina partlayışlarından həlak olub və ya xəsarət alıb. Bu, bərpa prosesini ləngidən ciddi maneələrdəndir. Zirvə görüşündə bildirilib ki, Azərbaycan iqtisadiyyatı dayanıqlılığını qoruyur. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir, regionda enerji təhlükəsizliyinin təminatçısı kimi mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycanın tranzit potensialını artırır və region ölkələrini daha sıx birləşdirir-deyə E. Süleymanov fikrini tamamlayıb



Seçilən
6
29
aia.az

10Mənbələr