İsrail İranla 12 günlük müharibə zamanı ölkə ərazisinə endirilmiş raket zərbələrinin bəzi detallarını ictimaiyyətdən gizlədib. "Daily Telegraph" qəzetinin yaydığı məlumata görə, ABŞ-ın Oregon Dövlət Universitetinin alimləri tərəfindən təqdim olunmuş peyk radarı görüntüləri göstərir ki, İranın raketləri azı beş strateji hərbi obyektə tuş gəlib.
Musavat.com xəbər verir ki, bu məlumatlar İsraildə hərbi senzura səbəbindən rəsmi şəkildə açıqlanmayıb.
Zərbələr ölkənin şimal, cənub və mərkəz bölgələrində yerləşən əsas hərbi obyektlərə – iri aviabaza, radioelektron kəşfiyyat mərkəzi və logistik baza da daxil olmaqla – dəyib. İlkin hesablamalara görə, bu obyektlərə ümumilikdə altı raket atılıb.
İsrail Ordusu zərbələrin nəticələri, ziyan dərəcəsi və raketlərin qarşılanma effektivliyi ilə bağlı açıqlama verməkdən imtina edib. Rəsmi olaraq yalnız bu bildirilib ki, bütün bölmələr döyüş qabiliyyətini saxlayıb.
Musavat.com