AZ

ABŞ-ın inkişaf etdirdiyi yeni “Blackbeard GL” raketinə baxış – TƏHLİL

Pentaqon yenidən M270 MLRS (M270 Multiple Launch Rocket System) və M142 HIMARS (M142 High Mobility Artillery Rocket System) yaylım atəşli reaktiv sistemlər (YARS) üçün döyüş dəsti ehtiyatını genişləndirməyi planlaşdırır.

“Poliqon”un məlumatına görə, mövcud və perspektiv döyüş sursatlarına əlavə olaraq hazırda “Blackbeard GL” raketi inkişaf etdirilir.

Bu, yüzlərlə kilometr məsafədə yerüstü hədəflərə hücum edə bilən nisbətən sadə və ucuz hipersəsli döyüş sursatı olacaq.

Xarici mətbuatın bildirdiyinə görə, ABŞ Ordusu HX3 layihəsi çərçivəsində M270 MLRS və M142 HIMARS YARS üçün “Blackbeard GL” (“Blackbeard Ground Launch”) qabaqcıl yüksək dəqiqlikli ucuz hipersəs operativ-taktiki (faktiki olaraq isə orta mənzilli) “yer-yer” sinif raketin inteqrasiyası üçün 2026-cı maliyyə ili büdcəsində 25 milyon ABŞ dolları tələb edib.

MLRS və HIMARS üçün təkmilləşdirilmiş xüsusiyyətlərə malik yeni raketin yaradılması ideyası 2022-2023-cü illərdən gec olmayaraq ortaya çıxıb və formalaşıb. Pentaqon tezliklə podratçı seçmiş və lazımi işlərin görülməsi üçün sifariş vermiş, layihənin minimum müddətdə başa çatdırılması planlaşdırılırmışdır. Nəticədə, ona nəzarət ABŞ Ordusunun Sürətli imkanlar və kritik texnologiyalar ofisinə (US Army Rapid Capabilities and Critical Technologies OfficeRCCTO) həvalə edilib.

Raket 2022-ci ildə əsası qoyulmuş ABŞ-nin “Castelion Corporation” şirkəti tərəfindən inkişaf etdirilir. Bundan əvvəl, 2024-cü maliyyə ilində ABŞ Ordusunun büdcəsi bu raketin inkişafı üçün 118,734 milyon ABŞ dolları ayırıb. Şirkət 9 mart 2024-cü ildə “Blackbeard GL” raketinin prototipinin ilk uçuş sınağını keçirmiş və o vaxtdan bəri əhəmiyyətli sayda sınaq buraxılışlarının həyata keçirildiyini bildirmişdir.

Eyni zamanda, şirkət bəzi planlarını da açıqlayıb. O, 2025 və 2026-cı illərdə raketin yeni iterasiyalarını (iterasiya – ingiliscə “iteration” – “təkrar, təkrarlanan” sözündən olub, nəticə əldə etmək üçün eyni hərəkətlər ardıcıllığının təkrarlanması deməkdir) hazırlayıb sınaqdan keçirməyi planlaşdırır. Sifarişçinin bütün tələblərinə cavab verən tam hüquqlu “Blackbeard GL” layihəsinin 2027-ci ildə yaradılması planlaşdırılır.

2025-ci ilin əvvəlində şirkət layihənin inkişafında əldə etdiyi ən son uğurları haqqında məlumat verərək bildirib ki, o, investorlardan 100 milyon ABŞ dollar istiqraz və səhm kapitalı toplayıb, ABŞ Ordusu ilə müqavilələrə əlavə olaraq ABŞ Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələri (HDQ) ilə müqavilələr imzalayıb. Bundan əlavə, yaxın gələcəkdə o, Pentaqondan daha bir neçə on milyonları mənimsəməlidir. Lakin bu cür müqavilələrin təfərrüatları açıqlanmayıb.

Hazırda Pentaqon və ABŞ Konqresi 2026-cı maliyyə ili üçün hərbi büdcə layihəsi üzərində işləyir. Dərc edilmiş məlumatlara görə, Blackbeard GL layihəsi üzərində işlər gələn il də davam etdiriləcək. Onlara 25 milyon ABŞ dollarının xərclənməsi planlaşdırılır.

Mövcud məlumata görə, “Castelion Corporation” şirkəti ballistik uçuş trayektoriyasına malik birpilləli bərk yanacaqlı “Blackbeard GL” raketi təklif edib. Raketinin xüsusiyyətləri açıqlanmır, lakin yaradıcı bildirir ki, raket ABŞ-ın yeni “Precision Strike Missile” (PrSM) həssas zərbə raketinin qabaqcıl “Increment 4” versiyasında, xeyli aşağı qiymətə, guya, “imkanlarının 80%-ni” təmin etməlidir. “PrSM Increment 4” raketinin eyni “bacarıqları” hələ də çox sirr olaraq qalır, lakin onun 1000 km-dən çox atəş məsafəsinə sahib olacağına inanılır. Ən azı mənzil baxımından “PrSM Increment 4” raketinin imkanlarının 80%-nə sahib olan “Blackbeard GL” raketi 500 mildən (800 kilometr) bir qədər az məsafədəki hədəfləri vura biləcək.

Raketin dəqiq görünüşü hələlik məlum deyil. Yaradıcı prototip raketləri nümayiş etdirir, lakin tamhüquqlu döyüş sursatının nə qədər oxşar olacağını söyləmir. Ola bilsin ki, hələlik müzakirə yalnız döyüş raketinin hazırlanacağı texnologiyaların nümayişi və sınaqdan keçirilməsindən gedir.

“Blackbeard GL” raketinin dəqiq idarə olunan özütuşlama başlığına malik olduğu və həm hərəkət edən, həm də stasionar hədəfləri vurmaq üçün təyin edildiyi deyilir. “Blackbeard GL” raketi “Castelion Corporation” şirkəti tərəfindən hazırlanmış “All Up Round and Canister” (AUR+C) modul universal nəqletmə-buraxma konteynerində yerləşdirilib və ABŞ Ordusunun M142 HIMARS raket sistemini əvəz etmək üçün nəzərdə tutulan perspektiv universal yerüstü “Common Autonomous Multi-Domain Launcher” (CAML) raket sisteminin əsasını təşkil etmək üçün nəzərdə tutulub. Dərc edilmiş foto və videolara görə, istəyə bağlı olaraq pilotsuz CAML buraxma qurğusunun prototipi “Oshkosh” 10×10 avtomobil şassisi üzərində qurulub və dörd AUR+C konteynerinə malikdir, lakin bunun son layihə olub-olmadığı bəlli deyil.

“Blackbeard GL” raketinin prototipləri uzadılmış gövdə və quyruq aerodinamik sükanları olan ənənəvi raket quruluşuna malikdir. Eyni zamanda, onlar bir-birindən müəyyən detallara görə fərqlənirlər. Bəzi prototiplər “Standard Missile” seriyası zenit raketlərinin pillələrinə bənzəyir. Layihənin sonrakı mərhələlərində bu xüsusiyyətlərdən hansının saxlanacağı məlum deyil.

ABŞ Ordusu indi HX3 layihəsi çərçivəsində AUR+C nəqletmə-buraxma konteynerlərini hazırda silahlanmada olan və standart HIMARS və MLRS raketləri üçün MFOM (MLRS Family of Munitions) konteynerlərindən istifadə edən M142 HIMARS YARS-a inteqrasiya etməkdən ötrü 2026-cı maliyyə ilinin büdcəsində keçid maliyyəsi üçün 25 milyon ABŞ dollar tələb edir. M142 HIMARS YARS-ın tərkib hissəsi kimi “Blackbeard GL” raketlərinin sınaqlarına 2026-cı maliyyə ilində, seriyalı raketlərin tədarükünə isə 2028-ci maliyyə ilində başlanacağı gözlənilir.

“Castelion Corporation” şirkəti bildirir ki, 2023-cü ilin mayında və 2024-cü ilin oktyabrında ABŞ HHQ Tədqiqat Laboratoriyasından (Air Force Research Laboratory – AFRL) “az qiymətli zərbə silahlarının hazırlanmasına yeni yanaşmalar nümayiş etdirmək” üçün ilk müqavilələr alıb. 2023-cü ilin avqustunda şirkət qarışıq bərk raket yanacaqlarının yeni texnologiyalarına əsaslanan öz layihəsi olan 12 düymlük (305 mm) innovativ bərk yanacaq raket mühərrikinin ilk stend sınaqlarını həyata keçirmiş və 2023-cü ilin noyabrından 2024-cü ilin fevralına qədər bu mühərriklə beş sınaq raket buraxılışı həyata keçirmişdir. Çox güman ki, “Blackbeard” raketi ilkin olaraq “hava-yer” versiyası kimi hazırlanmış və onun əsasında yerüstü versiya olan “Blackbeard GL” yaradılmışdır.

İnkişaf etdirilən “Blackbeard GL2 raketi hipersəs olacaq. Bu o deməkdir ki, maksimal uçuş sürəti 5 Mach-ı keçəcək. Lakin şirkət planlaşdırılan uçuş profilini açıqlamır, hipersəs sürətinin hansı mərhələdə əldə olunacağını da bildirmir. Maksimal sürət yığmanın yalnız trayektoriyanın enən hissəsində baş verəcəyini istisna etmək olmaz.

“Blackbeard GL” layihəsinin məqsədi M270 MLRS və M142 HIMARS YARS üçün yeni raket yaratmaqdır. Bu döyüş sursatı M270 MLRS YARS-nin mövcud döyüş imkanlarını tamamlamalı və genişləndirməli, həmçinin döyüş tapşırıqlarının yerinə yetirilməsi prosesini optimallaşdırmalıdır. Onun görünüşünün ABŞ reaktiv artilleriyasının potensialına necə təsir edəcəyini anlamaq çətin deyil.

Qeyd edək ki, hazırda M270 MLRS və M142 HIMARS YARS döyüş dəsti üç ailədən olan döyüş sursatlarını özündə ehtiva edir. Beləliklə, təxminən 90 km məsafədəki hədəflərə hücum etmək üçün GMLRS seriyalı idarə olunan raketlərdən istifadə olunur. Bundan başqa, köhnə ATACMS əməliyyat-taktiki raketləri silahlanmada qalmaqdadır. Bu ailənin ən qabaqcıl məmulatları isə 300 km-ə qədər atəş məsafəsinə malikdir.

Bu yaxınlarda yeni “PrSM Increment 1” əməliyyat-taktiki raket silahlanmaya daxil olmağa başlayıb. O, 500 km-ə qədər məsafədəki hədəflərə hücum etmək üçün nəzərdə tutulub. Standart ölçülü nəqletmə-buraxma kaonteynerində iki raket yerləşdirilir. Bu raketin əsasında gəmi əleyhinə “PrSM Increment 2” və ya LBASM raketi hazırlanır. O, tam funksional özütuşlama başlığı ilə təchiz olunacaq və 1000 km məsafəyə uça biləcək. Növbəti layihə, “Increment 3”, bort elektronikasının təkmilləşdirilməsini, yeni döyüş başlıqlarının tətbiqini və s. nəzərdə tutur.

Raketin son “PrSM Increment 4” versiyası, ehtimal ki, sələfləri ilə eyni əsas xüsusiyyətləri nümayiş etdirəcək. Eyni zamanda o, hava-reaktiv mühərriki ilə təchiz olunacaq və ola bilsin ki, hipersəs olacaq. PrSM raketinin beşinci “Increment 5” modifikasiyası üzərində ilkin işlər də davam edir, lakin Pentaqon hələ öz istəkləri barədə qərar verməyib.

Yeni “Blackbeard GL” raketi müəyyən mənada “PrSM Increment 1/2/3” versiyalarına bənzəyəcək. Eyni zamanda, artan sürət və çox güman ki, azaldılmış məsafə ilə fərqlənməlidir. Bu məhsul həm də quruluş baxımından daha sadə və daha ucuz olacaq.

Beləliklə, gələcəkdə ABŞ-ın yaylım atəşli reaktiv sistemləri müxtəlif xüsusiyyətlərə malik üç sursat ailəsindən istifadə edəcək. Yeni “Blackbeard GL” raketi çox güman ki, hazırkı ATACMS raketinin yerini dolduracaq və hətta onu buraxılış məsafəsinin artırılması istiqamətində genişləndirəcək. Öz növbəsində, PrSM raketlər ailəsi 500 km və ya daha çox məsafə tələb edən daha mürəkkəb vəzifələrin həlli üçün istifadə olunacaq.

515496836

Əhəd Vahidoğlu

Seçilən
1
5
poliqon.az

5Mənbələr