AZ

Şuşadakı biznez-forum dövlət-özəl tərəfdaşlığını daha da intensivləşdirəcək

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

İnvestorların ölkəmizə marağı böyükdür


 Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və ECO Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı ECO biznes-forumu keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil edilən “ECO Həftəsi” çərçivəsində baş tutub. Forumda hökumət nümayəndələri, ECO-nun və digər beynəlxalq qurumların təmsilçiləri, ECO-ya üzv ölkələrin ticarət və sənaye palatalarının rəhbərləri iştirak ediblər. Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın ECO çərçivəsində davamlı iqtisadi əməkdaşlığa sadiqliyini, təşkilatın məqsədlərinə nail olmaqda ölkəmizin dəstəyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın üzv ölkələrlə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin ilk beş ayında ECO ölkələri ilə ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur. Azərbaycanın regionda strateji rolu, iqtisadi potensialı və regional inteqrasiya məqsədilə atılan addımlar haqqında məlumat verilib. Üzv ölkələrlə investisiya, enerji keçidi, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. ECO-nun Baş katibi Əsəd Məcid Xan qurumun 2026-2035-ci illəri əhatə edən yeni inkişaf sənədində əksini tapan məsələlərə özəl sektorun baxışı, eləcə də ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat, “yaşıl” və “dairəvi” iqtisadiyyat sahələrində işbirliyinin gücləndirilməsi potensialı barədə danışıb. ECO Ticarət və Sənaye Palatasının prezidenti Atif İkram Şeyx regional ticarətin inkişafı, investisiyaların təşviqi ilə bağlı tətbiq edilən mexanizmlərin səmərəliliyinin artırılmasına dair fikirlərini bölüşüb. Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizin ECO üzvü olan dövlətlərlə ortaq biznes perspektivləri barədə məlumat veriblər. Forumda ECO-ya üzv ölkələrin ticarət və sənaye palatalarının nümayəndələri transsərhəd ticarət infrastrukturunun genişləndirilməsi və investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Regional dəyər zəncirlərinin inkişafı, nəqliyyat-logistika sistemlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi üçün vahid platformaların yaradılması kimi məsələlərə toxunulub. Qeyd edilib ki, özəl sektorun regional strategiyaların formalaşdırılmasında daha fəal iştirakı və dövlət-özəl tərəfdaşlığının institusional əsaslarla gücləndirilməsi önəm kəsb edir. Forum biznes-dövlət (B2G) və biznes-biznes (B2B) formatında görüşlərlə davam edib. Tədbir çərçivəsində sahibkarların Ağdam Sənaye Parkına səfəri təşkil olunub. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev agentliyin təşkilatçılığı ilə ECO ölkələri ilə həyata keçirilən ikitərəfli forumlar, investisiya layihələri barədə məlumat verərək forumun dövlət-özəl tərəfdaşlığını daha da intensivləşdirəcəyini bildirib. Y.Abdullayev qeyd edib ki, ECO regionu çərçivəsində əməkdaşlığı genişləndirmək və şaxələndirmək üçün bir neçə əsas istiqamətə diqqət yetirilməlidir. O qeyd edib ki, AZPROMO sektorlararası sinerjiləri müəyyən etməyə, bazarlarda istehsalçıları, təchizatçıları və alıcıları birləşdirməyə kömək etməyə hazırdır. “Biz bərpaolunan enerji, rəqəmsal texnologiyalar, infrastruktur və aqrobiznes sahələrində dayanıqlı transsərhəd investisiyaları artırmalıyıq. Son illər əlverişli investisiya mühiti və aparılan biznes islahatları sayəsində qeyri-neft sektorlarımıza bu axın artmaqda davam edib. İxracatçılarımızı dəstəkləmək yeni alətlər hazırlayır, xüsusən də ixrac coğrafiyasının şaxələndirilməsinə diqqət yetiririk. Biz dövlət-özəl dialoqunu dərinləşdirməliyik. Bugünkü kimi tədbirlər hökumətlərin, biznes assosiasiyalarının və sahibkarların birlikdə praktik məqsədləri formalaşdırdığı müntəzəm məkanlara çevrilməlidir”, - deyə Yusif Abdullayev qeyd edib. Y.Abdullayev bildirib ki, turizm sahəsi də İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələri arasında qarşılıqlı fəaliyyətin ən vacib və perspektivli istiqamətlərindən biridir. ECO-ya üzv dövlətlər arasında tekstil sektoru da əməkdaşlığın inkişafı üçün cəlbedici istiqamətlər sırasındadır. Çünki təşkilatın bütün ölkələri bu sahədə böyük təcrübəyə malikdir. İcraçı direktor ECO-nun Baş katibinin ölkələr arasında ticarətin təşviqi üçün strukturlar arasında mübadilə platformasının yaradılması təklifini yüksək qiymətləndirib: “Bu istiqamətdə tərəflər gələcək əməkdaşlıq üçün iş aparacaqlar. Bundan başqa, gələcəkdə birgə sərgilərin keçirilməsi də istisna deyil. Həmçinin növbəti görüşlərdə nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələsinə diqqət yetiriləcək”. ECO regionu böyük potensiala malikdir və bu potensialı reallaşdırmaq üçün ən əlverişli mövqedə məhz kiçik və orta sahibkarlıq subyektləri dayanır. Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib. “KOBİA olaraq biz innovasiyalara təkan verən, məşğulluq yaradan və regional ticarət əlaqələrini möhkəmləndirən bizneslərə dəstək göstərməyə fokuslanmışıq. Fəaliyyətimiz real ehtiyaclara və praktik dəstəyə əsaslanır. KOBİA ECO-ya üzv ölkələrinin ticarət-sənaye palataları və KOB inkişafı üzrə qurumları ilə sıx əməkdaşlıq münasibətləri saxlayır. Bu tərəfdaşlıqlar artıq uğurlu təcrübə mübadilələrinə, birgə təşəbbüslərə və ortaq layihələrə marağın artmasına səbəb olub”, - deyə Orxan Məmmədov vurğulayıb.

İqtisadçı Pərviz Heydərov Sherg.az-a açıqlamasında bildirdi ki, İƏT-nin işğaldan azad olunmuş ərazilərin mərkəzi şəhəri olan Şuşada keçirilməsinin xüsusi əhəmiyyəti vardır:

- Bu forum ötən illərdə paytaxt Bakıda keçirilib. Amma indi Qarabağın mərkəzi Şuşada keçirilir. Bunun özü dünyaya bir mesajdır. Əlbəttə ki, İƏT-in bir təşkilat olaraq çox böyük önəmi var. Təşkilat özündə iqtisadi əməkdaşlığı ehtiva edir. Təşkilata üzv ölkələr də qarşılıqlı ticarət əlaqələrinə malikdirlər. Üzv ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi bu ilin yanvar-may aylarında  3 milyard ABŞ dollarından yuxarı məbləğə gəlib çatıb. Bu, çox ciddi rəqəmdir. Təşkilata üzv ölkələrdən Türkiyə, İran Azərbaycanla sıx iqtisadi əlaqələrə malikdirlər və bizim ticarət əlaqələrimizdə bu ölkələr böyük yer tutur. Türkiyə Rusiyadan sonra ikinci ən böyük partnyorumuzdur. Azərbaycan şimal-cənub, şərq-qərb ticarət dəhlizinin mərkəzində yerləşir və bu özü də iqtisadi əməkdaşlıq təşkilatı ölkələrinə böyük imkanlar yaradır. Azərbaycanın ticarət dəhlizinin mərkəzində yerləşməsi İƏT ölkələri arasında qarşılıqlı ticari əlaqələrin daha da genişlənməsinə, ticarət dövriyyəsinin daha da yüksəlməsinə stimul yaradır. Əlaqələrin genişlənməsi yeni potensialların aşkarlanması baxımından da önəm kəsb edir. Bu, həm ölkə iqtisadiyyatının inkişafına xidmət edən, o cümlədən də sahibkarlığın inkişafına böyük dəstək olacaq amildir. Forumda da deyildiyi kimi iqtisadi sferada, sənayenin bir çox sahələrində sahibkarlıq subyektlərinin işə cəlb olunması vacibdir. Əvvəllər də demişik ki, ölkəmizə investorların marağı böyükdür. Biz çalışmalıyıq özəl sektor ölkə iqtisadiyyatının əsas lokomotivinə çevrilsin, iqtisadi kurs məhz bu istiqamətdə irəliləsin.
Seçilən
9
14
sherg.az

10Mənbələr