ABŞ və Azərbaycan beynəlxalq əməkdaşlığı davam etdirəcək
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Trampa Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Dövlət başçısı vurğulayıb ki, Bakı Azərbaycan-ABŞ arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət verir. Ölkə rəhbəri qeyd edib ki, beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir: "Məmnunluqla qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımız hazırda da uğurla davam edir. Azərbaycanın enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndiririk". Prezident əlavə edib ki, bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var: "Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur. İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir".
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a deyib ki, Donald Trampın ikinci dəfə ABŞ prezidenti seçilməsindən sonra nisbətən gərginlik yaranmış münasibətlərdə istiləşmə baş verdi. Ekspert vurğulayıb ki, 2016-cı ildə, Trampın seçki kampaniyası ərəfəsində Azərbaycan Qarabağ zəfərinin ilk addımlarını atırdı:

"Lələtəpə zəfərimiz böyük qələbənin başlanğıcı idi. 2020-ci il böyük Zəfərimiz də Tramp hakimiyyəti dövrünə təsadüf etdi. Bu tarixləri ona görə vurğulayıram ki, hər iki uğurumuz Tramp administrasiyası dövrünə təsadüf edib. ABŞ-dən bizə qarşı sərt təzyiqlər olmayıb. Bütün bunların fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyev də D.Trampa qarşı müəyyən ümidlərin olduğu qənaətində idi. Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycan Prezidenti ilə qarşılıqlı isti münasibətlər formalaşmağa başlayıb. Bu əlaqələr şübhəsiz Azərbaycan-Amerika münasibətlərinə müsbət təsir göstərməyə bilməz. Eyni zamanda Trampın ailə, məişət və mənəvi dəyərlərə baxışında bizi qane edən məqamların olması çox əhəmiyyətlidir. Onun bu məsələdə baxışları Fransa Prezidenti E.Makronun mənəvi keyfiyyətləri ilə müqayisə olunmaz dərəcədə fərqlidir".
V.Əfəndiyev əlavə edib ki, Tramp müharibələrə qarşı çıxan lider imicini də qazanmağa çox yaxındır: "İranla müharibəni ildırım sürəti ilə bitirməsi təqdirəlayiqdir. Lap yaxınımızda genişmiqyaslı hərbi əməliyyatların davam etməsi region üçün çox pis nəticələr verə bilərdi. Fikrimcə, hər iki ölkə qarşılıqlı olaraq beynəlxalq əməkdaşlıqlarını davam etdirəcəyi, beynəlxalq sülh və tərəfdaşlıq istiqamətində daha yaxından iş birliyində olacaqları barədə öhdəliklərinə sadiq olacaqlar".