Ulu Öndərin adını daşıyan Akademiyanın məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimi qoyaraq hər zaman ayıq-sayıq olmalı, dahi rəhbər Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı peşəkarlıq irsini yaşatmalıdırlar.
News24.az xəbər verir ki, bunu iyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların buraxılışı ilə əlaqədar mərasimdə çıxışı zamanı DTX-nin rəisi general-polkovnik Əli Nağıyev deyib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev çıxış edərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları təbrik etmiş, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Xidmət rəisi bildirib ki, Ulu Öndərin adını daşıyan bu tədris müəssisəsinin məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimi qoyaraq hər zaman ayıq-sayıq olmalı, dahi rəhbər Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı peşəkarlıq irsini yaşatmalıdırlar.
Akademiyanın maddi-texniki bazasının və kadr potensialının ildən-ilə daha da təkmilləşdirildiyini vurğulayan general-polkovnik Əli Nağıyev burada təhsil səviyyəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, Akademiyadakı mövcud şəraitin davamlı yaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib, son illərdə bilik yarışlarında bu xüsusi təyinatlı ali təhsil müəssisənin kursantlarının qazandıqları uğurların sadalanan amillərin məntiqi nəticəsi olduğunu deyib.
Çıxışının sonunda Xidmət rəisi Əli Nağıyev Akademiyanı bitirən zabitlərin çalışacaqları DTX-nin struktur bölmələrində vəzifə borclarını vicdanla yerinə yetirəcəklərinə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edərək, təhlükəsizlik orqanlarının sıralarında öz layiqli yerlərini tutacaqlarına qətiyyətlə inandığını bildirib.