ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
İran parlamenti iyulun əvvəlində yeni və olduqca sərt bir qanun layihəsini qəbul edib. Layihəyə əsasən, casusluq və xarici düşmən ölkələrlə – xüsusilə İsrail və ABŞ-la – hər hansı əlaqə “yer üzündə fitnə-fəsad törətmək” kimi qiymətləndirilir. İran qanunvericiliyinə görə bu ittiham ölüm cəzası ilə nəticələnə bilər.
"AzPolitika" xəbər verir ki, yeni qanun hüquq müdafiəçiləri və siyasi ekspertlər arasında ciddi narahatlıq doğurub. Sənəddə “casusluq” anlayışı olduqca geniş və qeyri-müəyyən tərif olunduğundan, bu, hakimiyyətə istənilən fəalı, jurnalisti və ya sadəcə fərqli düşüncəli vətəndaşı casusluqda ittiham etməyə və edam etməyə hüquqi zəmin yaradır.
Qanun, İran–İsrail qarşıdurmasının gərginləşdiyi bir dövrdə qəbul olunub. İsrailin “Mossad” xidməti son aylarda İranda bir sıra əməliyyatlar həyata keçirib. Rəsmi Tehran buna cavab olaraq onlarla şəxsi casusluqda ittiham edib, bir neçəsini edam edib, yüzlərlə insanı isə həbsə atıb. Yeni qanun, bu prosesin daha sistematik və hüquqi müstəviyə daşınması kimi qiymətləndirilir.
Qanunda təkcə dövlət sirrini ötürmək deyil, xarici media ilə şəkil və video paylaşmaq, “yalan xəbər yaymaq” və ya “ictimai mənəviyyata zidd məzmun” paylaşmaq da cinayət sayılır. Cəzalar isə uzunmüddətli həbsdən edama qədər dəyişir.
Xüsusi diqqətçəkən məqam “Starlink” peyk internet sisteminə qarşı yönələn müddəalardır. Bu cihazların istifadəsi, saxlanması və satışına görə 6 aydan 2 ilədək həbs cəzası nəzərdə tutulur. Rəsmilər iddia edirlər ki, “Starlink” vasitəsilə İran vətəndaşları xarici kəşfiyyat orqanları ilə gizli əlaqə saxlaya bilərlər.
Tanınmış hüquqşünas Möhsün Borhani bu qanunu “çirkin zarafat” adlandıraraq onun nə hüquqi, nə də dini prinsiplərə uyğun olduğunu bildirib.
Hüquq müdafiəçilərindən ibarət “Dadban” qrupu isə vurğulayıb ki, bu qanun əvvəllər cinayət sayılmayan əməllərə – məsələn, “düşmən media ilə əməkdaşlıq” və “quruluş əleyhinə təbliğat”a görə belə ölüm cəzasını mümkün edir.
Siyasi analitik Babək Dorbeyki isə hesab edir ki, bu qanun xarici təhlükədən çox, daxildəki bütün fərqli səsləri susturmaq məqsədi daşıyır: “Bu layihə yalnız İslam Respublikasını tənqid edənlər üçün deyil, onu islah etmək istəyən tərəfdarlar üçün də təhlükəlidir”.
Hüquq eksperti Moin Xəzaeli də yeni qanunun cinayət hüququnun əsas prinsiplərinə, şiə hüququna və İran Konstitusiyasına zidd olduğunu qeyd edib.
Hazırda qanun layihəsi hələ İranın Konstitusiyaya nəzarət orqanı olan Keşikçilər Şurasının təsdiqini gözləyir. Lakin Şuranın bu tip layihələri nadir hallarda rədd etməsi nəzərə alınaraq, sənədin qüvvəyə minməsi ehtimalı yüksəkdir.
Hazırkı şəraitdə ölkədə edamların sayı artır və bu qanunun tətbiqi ilə senzura, kütləvi həbslər və repressiya dalğasının daha da güclənəcəyi proqnozlaşdırılır.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.