AZ

Nikahsız analar, sənədsiz uşaqlar: “Müasirlik və “azad seçim”, yoxsa...

2024-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 13 228 uşaq doğulub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub. Qeyd edilib ki, bu uşaqların 5 158-i şəhərdə, 8 070-i isə kəndlərdə dünyaya gəlib. Məlumata əsasən, bu rəqəm diri doğulan uşaqların ümumi sayının 12,9 faizini təşkil edib. Kənd yerlərində belə hallar daha çoxdur.

Ən yüksək göstərici 2022-ci ildə qeydə alınıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudovun sözlərinə görə, nikahdan kənar dünyaya gələn uşaqların sayında əvvəlki illər ilə müqayisədə 2024-cü ildə cüzi azalma müşahidə olunsa da, rəqəm yüksək olaraq qalmaqdadır. 2022-ci ildə bu rəqəm 18 min idi, 2023-cü ildə isə 15 minə kimi enib (15.622). Onun sözlərinə görə, komitənin fəaliyyəti nəticəsində erkən nikahların sayında xeyli azalma müşahidə olunub və tam olaraq qarşısının alınması üçün işlər davamlı olaraq aparılır: “Məsələn, 2024-cü ildə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycanda nikah yaşının bir il azaldılmasına yol verilən hal aradan qaldırılıb. Əgər əvvəllər vətəndaşlar (burada daha çox valideynləri qeyd etmək lazımdır) müvafiq icra hakimiyyəti orqanlarına müraciət edib nikah yaşını bir yaş azalmasına nail olurdularsa, 2024-ci ildə qanunvericilikdə aparılan dəyişikliklərdən sonra və 1 iyul 2025-ci ildən etibarən bunu etmək mümkün olmayacaq. Nikaha daxil olmaq istəyən hər bir şəxs üçün nikah yaşı minimum olaraq 18 yaş müəyyən edilib”.

Öncə rəsmi, sonra dini kəbin

R.Mahmudovun fikrincə, nikahdankənar dünyaya gələn uşaqların mövcudluğu bir neçə səbəblə bağlıdır: “Bu, 2024-cü ilin ortalarına kimi cəmiyyətdə yayılmış erkən nikah problemi və son dövrdə yayılmaqda olan qeyri-rəsmi münasibətlərin, nikahların mövcudluğudur. Nikaha daxil olan şəxslər və ya onların yaxınları (valideynləri) öncə rəsmi yox, dini kəbinin bağlanmasına üstünlük verirlər. Rəsmi nikah olmadan dini kəbinin bağlanması qeyri-qanunidir. Bu kimi nikahları bağlayan din xadimləri inzibati və cinayət məsuliyyətinə cəlb oluna və gələcəkdə onların fəaliyyətlərinə qadağa qoyula bilər. Bu kimi şəxslərin fəaliyyətinin aşkar edilməsi üçün müvafiq dövlət orqanları tərəfindən mütəmadi olaraq işlər aparılır”.

“Müasirlik və “azad seçim” kimi təqdim olunur”

Hüquqşünas bildirdi ki, digər səbəb son illərdə aparılan təbliğatdır: “Seriallar, sosial şəbəkələr və bəzi tanınmış simaların davranışları cəmiyyətdə nikahsız birlikdə yaşamağın getdikcə daha geniş şəkildə normal qəbuluna səbəb olur. Əvvəllər qınanan bu davranış bu gün müasirlik və “azad seçim” kimi təqdim olunur. Bu da ailə institutunun formalaşmasına mənfi təsir göstərir. Bu tendensiya və ya ailə modeli daha çox Avropa ölkələrində müşahidə olunur. Xüsusiyyəti ondan ibarətdir ki, ailə bir valideyndən ibarətdir və bu da ailədə dünyaya gələn uşağın həm psixoloji, həm də mədəni olaraq formalaşmasında müəyyən boşluqların yaranmasına gətirib çıxarır. Bu uşağın tənha qalma riskləri daha çoxdur. Hər bir uşağın tərbiyəsində hər iki valideynin iştirakı mütləqdir. Bu, uşağın şəxs kimi formalaşmasına, eyni zamanda onun psixoloji cəhətdən möhkəmlənməsinə kömək edir”.

“Həm qadının, həm də uşağın hüquqları pozulur”

R.Mahmudovun sözlərinə görə, bu nikahlar qeyri-rəsmi olduğundan nikahda olan şəxslərin, əsasən də qadınların və dünyaya gələn uşaqların hüquqlarının pozulması riskləri daha çoxdur: “Belə nikahların pozulması üçün müvafiq qurumlara və ya məhkəməyə müraciət etmək lazım deyil, nikahların pozulması qısa bir müddətdə aparılır. Ən əsası odur ki, digər ailə üzvlərinin fikri və istəyi nəzərə alınmır. Bu isə birgə nikah dövründə əldə olunmuş daşınan və daşınmaz əmlakın bölünməsi və ya vərəsəliyin müəyyən edilməsində problemlərin yaşanmasına, o cümlədə 18 yaşına çatmayan övladlarına məhkəmə yolu ilə təyin olunan alimentin alınmasında problemə çevrilə bilər. Əgər uşağın sənədlərində onun əsl atasının adı və kimliyi qeyd olunmayıbsa, bunu sübut etmə prosesi uzun və çətin olur. Vətəndaşlar rəsmi nikaha daxil olmaqla özünü və dünyaya gələcək uşağın hüquqlarını, maraqlarını qoruyurlar”.

Baş məsləhətçi bildirir ki, dövlət komitəsi ailə institutunun möhkəmləndirilməsində maraqlıdır. Çünki ailə institutu cəmiyyətin özəyi, bünövrəsidir.

“Gənclər qeyri-rəsmi yaşamağı daha üstün tuturlar”

Seçilən
23
39
publika.az

10Mənbələr