Azərbaycan milli komandasının sabiq futbolçusu Ruslan Qurbanov ikinci dəfə ata olub.
İdman.biz xəbər verir ki, bu barədə Teleqraf-a keçmiş hücumçunun özü məlumat verib.
Onun sözlərinə görə, Bakıda dünyaya gələn oğluna Adam adını verib.
Qurbanov 10 yaşlı qızından sonra oğlunun məhz Azərbaycanda doğulmasını özünün istədiyini bildirib.
O, eyni zamanda peşəkar futbolçu karyerasını başa vurmağa dair qəti qərar verdiyini də diqqətə çatdırıb: "Azərbaycanın sayəsində futbolçu oldum, onlar mənə inandılar. Arif Əsədova ömrüm boyu minnətdar olacağam. Buna görə də qərara aldım ki, oğlum Bakıda doğulsun. Bu, mənimlə burada olan insanlara hörmətimin göstəricisidir. Karyeramı isə başa vurdum. Düşünürəm ki, bu, yekun qərarımdır. Uşaqlar böyüyürlər, oynamaq çətindir. Bütün karyerama görə Azərbaycana minnətdaram. Oğluma isə məndən də yaxşı futbolçu olmasını arzulayıram".
Qeyd edək ki, əslən Rusiyanın Stavropol şəhərindən olan Ruslan Qurbanov 2015 - 2018-ci illərdə Azərbaycan millisində çıxış edib və 26 oyuna 1 qol vurub. O, ölkə klublarından "Sumqayıt", "Neftçi", "Qəbələ", "Keşlə", "Zirə"dəki çıxışları ilə tanınıb. Qurbanov son olaraq, II Liqada "Hypers Guba"nın (indiki "Quba") formasını geyinib.
İdman.biz