AZ

Almaniyada məktəblərdə miqrant mənşəli uşaqlar üçün kvotanın tətbiqi təklifi müzakirələrə səbəb olub

Almaniyada məktəblərdə miqrasiya mənşəli şagirdlərin sayının məhdudlaşdırılması – kvotanın tətbiqi ilə bağlı təklif ictimai və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

AZƏRTAC “Tagesschau” xəbər xidmərinə istinadla bildirir ki, Xristian Demokratlar Partiyasından (CDU) olan təhsil naziri Karin Prien "Welt” televiziyasında yayımlanan proqramların birində məktəblərdə miqrasiya mənşəli uşaqlar üçün kvota ideyasını “mümkün model” kimi dəyərləndirib. Digər ölkələrin, xüsusilə Danimarkanın bu sahədəki təcrübəsinə baxılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

K.Prien uşaqların məktəbə başlamazdan əvvəl alman dilini bilmələrinin əsas şərt olduğunu bildirib. O, eyni zamanda, yalnız miqrasiya mənşəli ailələrin deyil, Almaniyada uzun illərdir yaşayan ailələrin də övladlarında təhsil və davranış problemlərinin müşahidə olunduğunu qeyd edərək, valideynləri övladlarının təhsilində daha aktiv rol oynamağa çağırıb: “Təhsil və tərbiyə həm valideynlərin, həm məktəbin, həm də uşaq bağçaları kimi digər qurumların ortaq vəzifəsidir”.

Almaniya hökumətinin inteqrasiya üzrə nümayəndəsi, Sosial Demokrat Partiyasının (SPD) üzvü Natali Pavlik isə təklifi tənqid edərək, ölkədə məktəblərdə kvotaya ehtiyac olmadığını bildirib. O, Almaniyanın mənşəyindən asılı olmayaraq, bütün uşaqlara keyfiyyətli təhsil imkanları yaratmalı olduğunu vurğulayıb və dil biliklərinin vacibliyini qeyd edib.

Almaniya Müəllimlər Birliyinin sədri Stefan Düll də bu fikrə ehtiyatla yanaşaraq, kvota ideyasının nəzəri baxımdan başadüşülən olduğunu, lakin praktikada həyata keçirilməsinin ciddi çətinliklər doğuracağını bildirib. O, bəzi bölgələrdə almanca ana dili olmayan uşaqların üstünlük təşkil etdiyini və bu şəraitdə onların alman dilini praktikada öyrənmək imkanlarının azaldığını diqqətə çatdırıb.

Qeyd edək ki, Almaniyada təhsil və uşaq bağçaları əyalətlərin səlahiyyətində olduğundan, federal hökumət istər miqrant kvotaları, istərsə də məcburi dil testləri məsələsində vahid qaydalar təyin edə bilmir. Bu tədbirlər yalnız əyalətlər tərəfindən ayrılıqda, yaxud da əyalətlər ortaq bir yanaşma üzərində razılığa gəldiyi təqdirdə həyata keçirilə bilər.

Seçilən
14
47
yeniazerbaycan.com

10Mənbələr