"Klublararası dünya çempionatı Ukrayna çempionatına bənzəyir: boş tribunalar və saatlarla sürən fasilələr".
Offsideplus.az xəbər verir ki, bu sözləri Ukraynanın "Şaxtyor" klubunun idman direktoru Dario Srna deyib.
Xorvatiyalı futbol mütəxəssisi ABŞ-da ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən yarışı bəyənmədiyini bildirib: "Sadəcə, Ukraynada oyunlar zamanı pauzalar raket və dron zərbələrinə görə yaranır, klublararası dünya çempionatında isə pis hava şəraitinə görə. Mən FIFA-nın bu ideyasını qətiyyən dəstəkləmirəm, klublarası dünya çempionatının indiki formatını bəyənmirəm".
Qeyd edək ki, klublarası dünya çempionatına marağın az olması ilk gündən müzakirə olunur. Bundan başqa, əlverişsiz hava şəraitinə, mümkün qasırğa təhlükəsinə görə yarışın 6 matçı bir neçə saatlığa təxirə salınıb, azarkeşlər tribunadan təxliyə edilib.