Bakıda sürətlə çoxalan Çin avtomobilləri ilə bağlı problemlər artmaqdadır.
AzPost xəbər verir ki, Bakıdakı rəsmi servislərin birindən özünə maşın alan şəxs 8000 km sürülmüş maşında starter problemi yaşayıb.
Təxminən 100-150 min km və ya 7-8 il ömrü olan starterin bu qədər tez sıradan çıxması bir yana müştərini narahat edən əsas məqam ehtiyat hissəsinin tapılmaması olub.
Belə ki, servisdən bildirilib ki, maşının ehtiyat hissəsi ancaq iki ay sonra Bakıda olacaq.
Qeyd edək ki, Bakıda Çin avtomobillərinin ehtiyat hissələri ilə bağlı ciddi çatışmazlıq müşahidə olunur. Satışda əsasən ümumi təyinatlı və tez sıradan çıxan hissələr tapılsa da, spesifik detallar, xüsusilə elektronikaya və mühərrik idarəetməsinə aid komponentlər ya ümumiyyətlə yoxdur, ya da sifarişlə, həftələrlə gözləməklə gəlir. Bu da avtomobil sahiblərini keyfiyyətsiz alternativlərə və ya ikinci əl hissələrə yönəltməyə məcbur edir. Üstəlik, Bakı bazarında bu hissələrin bəziləri saxta və ya uyğunsuz çıxır, bu isə nəinki problemi həll etmir, əksinə daha böyük nasazlıqlara yol açır. Rəsmi servis şəbəkəsinin zəifliyi və orijinal ehtiyat hissələrinin azlığı Çin markalı avtomobillərin Bakıda uzunömürlü istifadəsini çətinləşdirir.