AZ

“İmişli”ni seçməyimin xüsusi səbəbi var” – Azər Salahlı 

“Yeni mövsümə “İmişli” forması ilə başlayacam. Komandanın öz hədəfləri var. Uzun müddət sonra Premyer Liqaya vəsiqə qazanıb. Bilirsiniz ki, növbəti mövsüm çempionatda 12 komanda çıxış edəcək. Premyer Liqamız heç vaxt asan olmayıb. Gələn mövsüm də bütün komandalar üçün ağır keçəcək”.

Bu sözləri İdmanxeber.az saytına “İmişli”nin yeni transferi Azər Salahlı deyib. O, bölgə təmsilçisini seçməsinin səbəblərini açıqlayıb:

“Neftçi”dən ayrılandan sonra bir neçə klubdan təklif aldım. Ölkəxaricindən maraqlanan komandalar var idi. Qərar vermək elə də asan olmadı. “İmişli”ni seçməyimin xüsusi səbəbi var. Onlar israrla məni komandada görmək istədilər. Rəhbərliklə oturub danışdıq. Mənim üçün komandanın hədəfi, iddiası çox önəmlidir. Burada bunu gördüm. İnanıram ki, komanda məqsədinə çatacaq. Bunun üçün hamımız əlimizdən gələni edəcəyik”.

Təcrübəli futbolçu yeni klubunun onu maraqlı video ilə təqdim etməsindən də söz açıb. O, burada sabiq komandası olan “Neftçi”yə hər hansı bir atmaca olmadığını vurğulayıb:

“Təqdimatım çox maraqlı oldu. Kreativlik var idi. Amma burada heç kimə atmaca atılmayıb. Belə bir niyyətimiz də yoxdur. Sadəcə “Neftçi”nin əsas simbolu neftdir. Buna da “qara qızıl” deyirlər. “İmişli”nin təmsil etdiyi bölgə isə pambığı ilə məşhur olub. Belə ideya verildi ki, “qara qızıl”ı “ağ qızıl”a dəyişdim. Mənim üçün də maraqlı təqdimat idi”.

Millimizin sabiq üzvü yenidən yığmaya qayıtmaq istədiyini bildirib. O, “İmişli”dəki çıxışı ilə bunu bacaracağına inandığını qeyd edib:

“Həmişə iddialı olmuşam. Formasını geyindim bütün klublarda əlimdən gələni etmişəm. Yenə elə olacaq. Klubun da, mənim də məqsədimiz var. Yenidən milliyə qayıtmaq istəyirəm. Yığma komandanın formasını bir daha geyinmək əsas hədəflərin arasındadır. Bunu bacaraq gücdəyəm. Azarkeşlərimiz də bizdən çox şey gözləyir. Dünəndən “İmişli” fanatlarından onlarla mesaj gəlir. Hamısı bizdən yaxşı nəticə gözləyirlər. Bu bölgədə futbolu çox sevirlər. Ev oyunlarımızı İmişlidə keçirsək, hər oyun möhtəşəm atmosfer olar. Bunun üçün rəhbərlik əlindən gələni edir. Necə olacağını zaman göstərəcək”.

Həsən Quluzadə 

Seçilən
3
4
idmanxeber.az

10Mənbələr