Çexiya Senatı hökumətin təklifinə əsasən məhbusların və təkrar cinayətlərin sayının azalmasına, eləcə də büdcə xərclərinə qənaət edilməsinə səbəb olacaq Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Qərar bəzi senatorların, hətta daha ciddi cinayət və hüquq pozuntularına görə sərbəst şəkildə pul cərimələrinin təyin olunmasının mümkünlüyünə dair narahatlıqlarına baxmayaraq qəbul edilib.
Dəyişikliklər alternativ cəza növlərinə üstünlük verir və bəzi əməlləri, məsələn, alimentin ödənilməməsini qismən cinayət məsuliyyətindən azad edir. Bundan əlavə, narkotik təsirli bitkilərin yetişdirilməsi və saxlanması ilə bağlı qaydalar da yumşaldılır. Prezidentin imzasına göndərilən qanun layihəsi həmçinin “uşaq sertifikatı”nın tətbiqini və nasist, kommunist fəaliyyətə görə birbaşa cinayət məsuliyyətinin müəyyənləşdirilməsini nəzərdə tutur.
Qəbul olunmuş dəyişikliklərə əsasən, məhkəmələr ağır cinayətlər və ailə zorakılığı halları istisna olmaqla, bir çox cinayətlərə görə sərbəst şəkildə pul cəriməsi təyin edə biləcək. Bəzi senatorlar bu müddəaya etiraz edərək, ciddi hüquq pozuntuları üçün də cərimə ilə kifayətlənmək imkanının narahatlıq doğurduğunu bildiriblər. (AZƏRTAC)