AZ

Usta sənətinə hörmətlə yanaşarsa, özünü də ucaldar, peşəsini də

Hər sənətin öz peşəkarı, bilicisi olur. Hərdən sənətin seçilməsində, sevilməsində təsadüflər də  rol oynayır. Buna təəccüblənməyə dəyməz, çünki bəzən zərurətin təsadüfdən yaranması da olur. Görmüşük ki, hansısa sənətə təsadüfən gələn bir insan dünyanı heyrətə salan möcüzələr yaradır. 

Bəzən söz-söhbətlər dolaşır ki, inkişaf edən elm, texnika yavaş-yavaş el sənətini sıxışdırıb aradan çıxarır. Amma görünən odur ki, texnologiya nə qədər inkişaf etsə də, hələ də cəmiyyətdə, həyatda el sənətinə ehtiyac duyulur və yəqin, həmişə də duyulacaq. Sevindirici haldır ki, keçmişdə olduğu kimi, bu gün də el sənətinə böyük sevgi ilə yanaşanlar və onu yaşadanlar var. Bu sahəyə maraq, həvəs heç vaxt bitib-tükənmir. Ustalar üçün nə qədər çətin və ağır olsa da, el sənətinin ağırlıqlarını çiyinlərində daşıya-daşıya yaşadırlar.

Peşəkarlıq həmişə öz sözünü deyir

Belə ustalardan biri də uzun illərdir dəmirçi işləyən İlham İsmayılovdur. Yolun kənarında yerləşən emalatxanasına daxil olanda onu iş başında gördük. Usta yenicə qəbul etdiyi sifarişi yerinə yetirmək üçün əlindəki dəmir lövhəni xüsusi alətlərlə əyib istədiyi formaya salırdı. Bir anlıq dayanıb İlhamın əllərinə, gördüyü işə baxdıq. Usta çevik hərəkətlərlə dəmir lövhəni dəzgahın "dişləri" arasında sıxaraq alətlərin köməyi ilə onu  kəsib sağa-sola əyə-əyə gözünü üstündən çəkmədən işini diqqətlə görürdü. Hiss olunurdu ki, əlindəki sifarişi tez düzəltməyə çalışır. Nə qədər cəld işləsə də, ehtiyatı əldən vermirdi. Elə ilk baxışdan gördük ki, dəmirçilik elə də asan bir sənət deyil. Kiçik bir səhv, yanlış bir hərəkət barmağın kəsilməsi, əlin zədələnməsi ilə nəticələnə bilər. Amma peşəkarlıq, bacarıq həmişə öz sözünü deyir. Ustanın barmaqları saatın əqrəbləri kimi dəqiq işləyir. İşlərini səhvə yol vermədən, məqamında, anında görür. 

Ustanın emalatxanasına göz yetirdik. Divardan asılmış müxtəlif forma və ölçülərdə olan borular İlhamın sənətkarlığından, bacarığından xəbər verirdi. Usta bütün işlərini qarşısındakı geniş masanın üstündə görür. Masanın üstünə müxtəlif kiçik və bir az böyük ölçülü dəzgahlar quraşdırılıb. Bir neçə dəmirkəsən qayçı masanın bir tərəfində səliqə ilə düzülüb. Biz emalatxanada müşahidə apararkən İlham başladığı işi yekunlaşdırdı. Bayaqkı nazik dəmir lövhə gözlərimiz qarşısında ustanın əlində boruları bir-birinə birləşdirəcək əydiyə çevrildi. Artıq sifariş hazır idi, müştəri gəlib onu götürə bilərdi. 

Sifarişi yerinə yetirəndən, bir az nəfəsini dərəndən sonra usta ilə söhbət edə-edə yaşanmış, arxada qalmış ömür yolları ilə yaxından tanış olduq. Onun bu çətin el sənətinə gəlişindən, sevgisindən danışdıq. Öyrəndik ki, İlham İsmayılov 1968-ci ildə Laçın rayonunun Şam kənd sovetliyində dünyaya göz açıb. 23 yaşına qədər  gözəl bir diyarda yaşayıb. 1992-ci ilin mayında erməni qəsbkarlarının hücumları nəticəsində doğma ocaqlarından didərgin düşüblər. 

Dəmirçilik sənətinin sirlərini sevgi ilə öyrənib

İ.İsmayılov həmin dəhşətli günlərdən söz açdı:   

- Getsin o günlər bir də gəlməsin. 1988-ci ilin qışından başlayaraq, ermənilər Laçın rayonunun sərhəd kəndlərinə hücum etməyə başladılar. Hər gün atəş səsləri eşidilirdi. Əvvəlki illərdəki rahatlığımız, firavanlığımız pozulmuşdu. Atəş səsləri getdikcə daha yaxından eşidilirdi. Təəssüflər olsun ki, 1992-ci il may ayının ortalarında erməni hücumları nəticəsində doğma ocaqlarımızdan didərgin düşdük. Ata-baba yurdumuz, doğma ocaqlarımız düşmən əlinə keçdi. Həmin vaxtdan məcburi köçkünlük həyatının ağrı-acılarla dolu günlərini yaşamağa başladıq. Böyük çətinliklərlə üzləşə-üzləşə Bakı şəhərinə gəlib çıxdıq, burada məskunlaşdıq. Həmin günlər iş tapmaq çox çətin idi. Yaxın qohumlarımdan biri olan Əvəz uzun illər idi ki, dəmirçi işləyirdi. Xeyli təcrübəsi var idi, bu sənətin bütün sirlərini  xırdalıqlarına qədər bilirdi. İşsiz qaldığım günlərin birində o dedi ki, belə çətin vaxtda  evdə bekar oturmaq olmaz. İndi dolanışıq çətindir, ailəyə, evə kömək etmək lazımdır. Gəl, gedək emalatxanama, həm mənə kömək edərsən, həm də yavaş-yavaş dəmirçilik sənətinin sirlərini öyrənərsən. Əgər həvəsin, marağın olsa, bu peşəni tez bir zamanda mənimsəyəcəksən. Vallah, dünyanın harasında olsan belə, sənət ustaya həm hörmət, həm də pul qazandıracaq. 

Çətin zamanlar idi, fikirləşməyə, seçim etməyə vaxt yox idi. Ona görə də Əvəzin təklifi ilə razılaşdım, ertəsi gün onun emalatxanasına getdim. Elə ilk dəqiqələrdən dəmirçilik peşəsi məni özünə cəlb etdi. Ustanın əllərinə baxır, barmaq hərəkətlərinə diqqət yetirirdim. Baxdıqca yavaş-yavaş bu sənətə qarşı ürəyimdə sevgi və həvəs oyanırdı. Günlər, həftələr ötüb arxada qaldıqca, bu peşənin sirlərini öyrənirdim. 

İlham İsmayılov dedi ki, əvvəlki günlər mənə çətin görünən işlər tədricən gözümdə asanlaşdı. Ustam da yavaş-yavaş bəzi xırda və asan hesab etdiyi işləri mənə tapşırırdı. Öyrənməyin yolu həmişə belə olub. Dəmirçilik peşəsinin sirlərinə yiyələnərkən bir şeyi özüm üçün dəqiqləşdirdim ki, istənilən bir sənəti öyrənərkən başlıca amil gözün işdən qorxmamasıdır. Bundan sonra işlər öz axarı ilə gedir. Amma göz işdən qorxanda, onu öyrənmək bir az çətin olur, vaxt aparır. Düşünürəm ki, insanın ağlı, zəkası, düşüncəsi, fiziki gücü, bacarığı bütün çətin işlərin öhdəsindən gəlməyə qadirdir. 

Peşəni yaxşı öyrənməyin özü də sənətə hörmət və ehtiramdır 

         

Söhbətimiz zamanı usta dedi ki, dəmirçilik gözəl sənət olmaqla yanaşı, həm də böyük səbir və hövsələ tələb edən sahədir: "Çünki yeni tikilmiş evlərə yaraşığı dəmirçilər verirlər. Bunun üçün də hər şeydən əvvəl sənətkara səbir lazımdır. Bir anlıq göz önünə gətirin, əgər ev tikilib qurtarandan sonra ona dam örtüyü vurulmayınca, ətrafı düzəldilməyincə yaraşıqsız görünər. Deməli, evin gözəl görünməsi, zövqləri oxşaması dəmirçi əməyindən, dəmirçi işindən çox asılıdır. Yeni tikilən evə mütləq dəmirçi əli dəyməlidir. Ona görə də hamı yaxşı usta axtarır. Yaxşı usta olmalısan ki, səni axtarsınlar, səni soraqlasınlar. Düşünürəm ki, peşəni yaxşı öyrənməyin özü də sənətə hörmət və ehtiram göstərmək deməkdir. Usta sənətini yüksək tutduqca özünü də ucaldır, peşəsinə hörmət qazandırır". 

Elm, texnika inkişaf etdikcə başqa sənətlərlə yanaşı, dəmirçilik peşəsinə də ehtiyac azalır. Əgər belə demək mümkünsə, müasir texnologiyanın inkişafı dəmirçilik sənətini də sıxışdırıb aradan çıxarmağa çalışır. Buna münasibətini bildirən usta dedi ki, doğrudan da, elmi-texniki tərəqqi insanların əl işlərinə olan ehtiyacını azaldır. Həmçinin dəmirçilik sənətinə də: "Amma elm, texnika nə qədər inkişaf etsə də, el sənətini tamamilə sıxışdırıb aradan çıxara bilməz. Həyatımızın hər anında el sənətinə ehtiyac yaranır. Çünki bunun özünəməxsus gözəllikləri var. Elə götürək dəmirçilik sənətini. Texnologiya nə qədər inkişaf edib müasirləşsə də bu peşəyə insanların ehtiyacı həmişə olacaq. Elə müxtəlif fiqurlar, elə müxtəlif ölçülər var ki, onu yalnız və yalnız usta əlləri düzəldə bilər. Bu işləri müasir texnologiya, əgər belə demək mümkünsə, bacarmır. Ona görə də deyə bilərəm ki, nə qədər həyat varsa, bütün sənətlərə, peşələrə ehtiyac duyulacaq".

Doğma ocaqlar öz sakinlərini sevinclə qoynuna aldı

Söhbətimiz zamanı dediklərindən hiss etdim ki, İlham İsmayılovun  həyatında kədərli günlərlə yanaşı, əlamətdar, yaddaqalan anlar da çox olub. Onun üçün ən sevinc və fərəh dolu gün qoynunda dünyaya göz açdığı Laçın rayonunun, doğma yurdları Şam kəndinin erməni işğalçılarından azad olunması olub.  İlham həmin günləri xatırladıqca gözlərindən sevinc süzülür. Elə bu sevinc hissləri ilə də danışan usta deyir ki, insan üçün ən əziz, ən doğma yer qoynunda dünyaya göz açdığı torpaqdır, el-obadır: "Bir gün, bir an olsun belə, hər qarışında izim qaldığı evimizi, həyətimizi unutmadım. Şükürlər olsun ki, 2020-ci ilin payızında yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında uzun illər işğalda qalmış digər bölgələrimiz kimi, Laçın rayonunu da erməni qəsbindən azad etdi. Bu şad xəbəri eşidəndə gözlərimdən sevinc yaşları axdı. Artıq işğala son qoyulmuşdu. İllərdən bəri torpaq həsrəti ilə yaşayan məcburi köçkünlər üçün bundan böyük sevinc ola bilərdimi? Təbiidir ki, yox!  

Yurdumuz erməni işğalından azad olunandan bir müddət sonra doğma ocaqlarımıza getdik. Kəndimizə yaxınlaşdıqca ürəyimizdəki fərəh aşıb-daşırdı. Sanki gördüklərimiz reallıq deyil, xəyal, əlçatmaz zirvə idi. Şanlı Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri cəsarət və hünərləri ilə xəyallarımızı reallığa çevirdilər. Uzun yoldan sonra doğma Şam kəndinə gəlib çatdıq. Aman Allah, erməni qəsbkarları kənd-kəsəyi nə günə qoymuşdular. Uçurulmamış, dağıdılmamış bir ev, bir tikili qalmamışdı. Gözlərim ağlasa da, doğma ocaqlarımıza döndüyümə görə ürəyim sevinir, qəlbim fərəhlənirdi. Kəndimizin hər daşı, hər ağacı bizə ötənləri, keçənləri xatırladırdı. Həyətimizdəki daşın üstündə oturub ötənləri, keçənləri yada saldım. Xatırlanası o qədər hadisələr, əhvalatlar var idi ki! Doğma yurduma dəmirçi kimi qayıdacam, sənətimlə məşğul olacam. Ürəkdən sevdiyim bu peşəni ata-baba yurdunda da davam etdirəcəyəm. Çalışacam ki, bu sənəti gənclərə də öyrədim. Qoy insanlarla bərabər sənət də əbədi olaraq yaşasın. 

Danışığından hiss olunurdu ki, İlham ustalara xas olan hallı-qılıqlı adamdır. Ona görə də az vaxt ərzində müştərilərlə münasibət qurmağı, dil tapmağı bacarır, qapısını döyüb, sifariş vermək üçün gələnlərlə mehriban danışır. İşinə, bacarığına da ki, söz ola bilməz. Buna görə də müştərilər sifarişlərini verəndə də, alanda da onun emalatxanasından razılıqla, gülərüzlə çıxırlar. Təki elə həmişə insanların üzlərini, gözlərini gülərüz görək.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
13
50
azerbaijan-news.az

10Mənbələr