İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın iyun sayını təqdim edib. İcmala əsasən, cari ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq 1,4 milyard dollar təşkil edib.
Həmin dövrdə ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,9, şəkər 30,1, pambıq 14,5, meyvə-tərəvəz 19,1, qara metallar və onlardan hazırlanan məmulatlar 11,3 faiz artıb. Bu aylar ərzində aqrar məhsullar üzrə ixracın dəyəri 17,2 faiz artaraq 331,2 milyon, aqrar-sənaye məhsulları üzrə ixracın dəyəri isə 5,9 faiz artaraq 115,6 milyon dollara qədər yüksəlib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 14 faiz artaraq 446,7 milyon dollar olub.
5 ayda ixrac edilmiş qeyri-neft sektoruna aid mal və məhsulların ixrac siyahısında qızıl birinci, pomidor (tomat) ikinci, pambıq üçüncü sırada qərarlaşıb. May ayında isə ixrac edilmiş qeyri-neft sektoruna aid məhsulların siyahısında mövsümlə əlaqədar pomidor (tomat) birinci (pambıq ikinci, qızıl üçüncü) olub.
Cari ilin ilk beş ayında ən çox qeyri-neft sektoruna aid məhsullar Rusiya Federasiyasına, Türkiyəyə, İsveçrəyə, Gürcüstana, Ukraynaya ixrac edilib. Bu aylar üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqindəki ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Khan-El" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Green Tech" MMC təmsil olunublar.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib. Daha sonra bu siyahıda "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu MMC, "Azəripək" yer alıblar.
Hesabat dövründə Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 40 ölkəsinə 7 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. May ayında isə "Azərkosmos" dünyanın 33 ölkəsinə 1,4 milyon dollar dəyərində xidmət göstərib.
"Azərkosmos"un peyk telekommunikasiya xidmətlərindən istifadə edən ölkələrin ilk beşliyində 1,9 milyon dollarla Birləşmiş Krallıq, 1,5 milyon dollarla Lüksemburq, 345,6 min dollarla Nigeriya, 300,6 min dollarla Türkiyə, 298,2 min dollarla Misir qərarlaşıb.
"Azərbaycan"