Möhtəşəm quruculuq Azərbaycanın gücünün, iradəsinin və dövlətçilik potensialının təcəssümüdür
Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, hər iki iqtisadi rayonda mühüm infrastrukturlar inşa edilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, əzəli torpaqlarında layiqli şəkildə yaşamaları üçün genişmiqyaslı tədbirlər görülür.
Böyük qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər təzədən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşırlar.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Çünki infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq.
"Dəmir iradə"nin yaratdığı reallıqlar
Bu gün Qarabağ və Şərqi Zəngəzur yeni - bərpa, quruculuq, inkişaf, çiçəklənmə dövrünü yaşayır. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu bu yerlər indi geniş tikinti meydanına çevrilib. Artıq bu yerlərə ayaq basanda xarabalıqların yerində inşa edilmiş və öz sakinlərini qoynuna almış müasir, yaraşıqlı kəndlərin, şəhərlərin şahidi oluruq.
Hər həftə köç karvanlarının bu torpaqlara yol alması insanların ürəyini dağa döndərir. Əzəli torpaqlarımızı "dəmir yumruq"la düşməndən təmizləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev 5 ilə yaxındır ki, "dəmir iradə" ilə bu torpaqlarda möcüzələr yaradır.
Buna təkcə bizlər deyil, ölkəmizə gələn dost və qardaş dövlətlərin rəhbərləri, həmçinin xarici turistlər də şahidlik edirlər.
Elə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü üçün Azərbaycana təşrif buyuran Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Prezidenti Sadır Æaparovun iştirakları ilə Xankəndidə, Ağdamda açılışları olan yeni sosial-iqtisadi obyektlər də deyilənlərin təsdiqidir.
Prezident İlham Əliyev öncə ali qonaqları Şahbulaq qalası ilə tanış etdi. Şavkat Mirziyoyev, Sadır Æaparov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı "İmarət" Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının "Zəfər" şousunu izlədilər.
Həmin gün Prezident İlham Əliyevlə Qırğız Respublikasının Prezidenti Sadır Æaparov Ağdamın Xıdırlı kəndinin birinci mərhələsinin açılışında iştirak etdilər.
Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya birinci və ikinci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi, 1498 fərdi evin inşası nəzərdə tutulur.
Prezidentlər Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının binasında, klub-icma mərkəzində yaradılan şəraitlə də tanış oldular. Həmçinin Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər.
Yeni mənzillərə köçən sakinlərlə görüşən dövlət başçıları ürək sözlərini, arzularını sakinlərə çatdırdılar. İlham Əliyev bildirdi ki, Sadır Nurqojoyeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib: "Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz. Əlbəttə, bizim uğurla reallaşdırdığımız Böyük qayıdış proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir".
Xankəndidə Zəfər parkı, kanat yolu, konqres və biznes mərkəzləri, tikiş fabriki...
İyulun 3-də Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidəki "Businesstex ÆV" tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar. Dövlət başçıları Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıblar.
Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur. Layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasında mühüm rol oynayacaq.
Həmin gün Xankəndi Konqres Mərkəzinin və Biznes Mərkəzinin açılışları da reallaşıb. Müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir. Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb.
Dörd mərtəbədən ibarət "Xankəndi" Biznes Mərkəzi isə ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan "Zefir Cafe & Terrace" restoranı, həmçinin dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək.
Şəhərdəki Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi davam etdirilir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək. Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır.
Şuşaya gedən növbəti yol, Xankəndi dəmir yolu və avtovağzal kompleksi
Həyata keçirilən infrastruktur layihələri içərisində yolların yenidən qurulması xüsusi yer tutur. Böyük qayıdış planına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3040,1 kilometr təşkil edən 44 layihə icra edilir. Bunlardan 6 avtomobil yolunun tikintisi işləri ötən illərdə başa çatdırılıb. Tikintisi davam edən 38 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dəmiryol infrastrukturu da bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı layihə işləri bitib. Tikinti işləri davam etdirilir. Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatıb.
Qarabağ və Şərqi Zəngəzurda reallaşan infrastruktur layihələri arasında hava yolları da müstəsna əhəmiyyət daşıyır. Artıq Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanları tikilərək istifadəyə verilib. İşğaldan azad olunmuş ərazilərdə tikilən hava limanları bölgənin əhəmiyyətini artırmaqla yanaşı, gələcəkdə turizm potensialının artmasına da imkan yaradacaq.
Prezident İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam-Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025-2026-cı illəri əhatə edəcək.
Artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.
Prezident İlham Əliyev həmçinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. Mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.
Bu yol beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin də tərkibinə aid olmaqla çox mühüm rol oynayır. Yeni yol, eyni zamanda bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa böyük töhfə verəcək.
Xalq lideri ilə birləşib tarixini yenidən yazır
Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda böyük tikinti bumu yaşanır. Ermənilərin 30 ilə viran qoyduqları torpaqlarda Azərbaycan 5 ilə möcüzələr yaradır.
Artıq soydaşlarımız doğma torpaqlarında yeni, xoşbəxt həyat sürməyə başlayıblar. Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış, Həsənriz kəndlərində, Füzuli şəhərində, Şuşa şəhərində, Laçın şəhərində və rayonun Sus, Zabux kəndlərində, Cəbrayıl şəhərində, Xocalı şəhərində və rayonun Ballıca kəndində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən artıq insan yaşayır.
Bir sözlə, onu deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi təkcə iqtisadi və infrastruktur baxımından deyil, ideoloji, mədəni və siyasi baxımdan da mühüm hadisədir. Milli birlik və dövlət gücü bu inkişafın əsas hərəkətverici qüvvələridir.
"Qarabağ və Şərqi Zəngəzur möcüzəsi" ifadəsi, Azərbaycanın gücünün, iradəsinin və dövlətçilik potensialının təcəssümüdür. Bu bölgələrdə baş verənlər sadəcə fiziki quruculuq deyil, həm də bir xalqın öz tarixini və gələcəyini yenidən yazmasıdır.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"