AZ

"Neftçi"nin baş məşqçisi: Transferlərə dair qərarı mən verirəm

BAKI. 5 iyul. TELEQRAF

"Neftçi" komandası Polşaya təlim-məşq toplanışına yollananadək və yoxlama oyunları keçirənədək daha bir neçə futbolçu transfer edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasına müsahibəsində bildirib.

47 yaşlı mütəxəssis hələ transferlərinin bitmədiyini açıqlayıb: "Ümumiyyətlə, transferlərimiz son deyil. Çalışacağıq ki, Polşa səfərinədək bir neçə oyunçunu bura gətirərək, keçidlərini bitirək".

Abasov yay hazırlıq dönəmində heyətə cəlb olunan futbolçuların xüsusiyyətlərini də sadalayıb. Onun sözlərinə görə, ilk transfer - Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D'Almeyda ilə danışıqlar uzun müddət davam edib: "Sessinin Kiprin “Apollon Limassol” klubu ilə müqaviləsi var idi. "Apollon"la danışıqlarımız çoxdan gedirdi. Futbolçu qış aylarından nəzarətimizdə idi. Sevinirik ki, ilk transferimiz gəlib bizə problemsiz qoşuldu. Sessi yığmanın düşərgəsində idi. Milli fasilədən sonra bizə qoşuldu. Dayaq yarımmüdafiəçisidir, həddindən artıq aqressiyası və mübarizliyi, döyüşkənliyi ilə seçilən futbolçudur. Hələ ötən mövsümdən sadaladığım istiqamətlərdə problemlərimiz var idi. İnanırıq ki, gördüyümüz üstün xüsusiyyətlərinin üzərinə daha da çoxunu qoyaraq, bizə yetərincə kömək edə biləcək".

Baş məşqçi Paraqvayın “Sportivo Ameliano” klubundan sol cinah yarımmüdafiəçisi Luis Ortisi rotasiya oyunçusu kimi icarəyə götürdüklərini diqqətə çatdırıb: "Burada özünü necə göstərəcəyi, nə qədər uyğun olacağı, necə kömək edəcəyindən asılı olaraq, gələcəkdə özü və klubu ilə danışıqlarımız davam edəcək. Paraqvayda oynadığı klubda bir neçə mövqedə - yarımmüdafiənin solunda və sağında, beşli sistemdə solda hücumameylli müdafiəçi kimi oynamışdı. Düşünürəm ki, bir futbolçu bir neçə mövqedə çıxış edə bilirsə, deməli, bizə də o xeyri verə biləcək. İrəlidə görəcəyik".

O, hələ "Sumqayıt"da işlədiyi vaxtdan tanıdığı Murad Xaçayev və Elvin Bədəlovun "Neftçi"yə transferini isə belə əsaslandırıb: "Premyer Liqada qayda-qanunlar dəyişilib, legioner limiti götürülüb. Lakin o demək deyil ki, biz bunun üzərində dayanacağıq və yerli futbolçular bizdə ümumiyyətlə olmayacaq. Bədəlov və Xaçayev çox yaxşı tanıdığım futbolçulardır. Üstəlik, Elvini "Neftçi" cameəsi çox yaxşı tanıyır. Buradan çıxıb, burada oynayıb. Sağ olsunlar, dəvətimizi, xüsusən də mənim istəyimi qəbul etdilər. Düşünürəm ki, yerli, ən əsası futbolçu olaraq, bizə kömək edəcəklər. Burada nə qədər uyğunlaşacaqlarsa, özləri hazır olaraq, "Neftçi"nin yükünü nə qədər daşıya biləcəklərsə, bizə daha da xeyirli olacaqlar. Amma bunu zaman göstərəcək".

Son transfer İqor Ribeyroya gəldikdə, Abasovun fikrincə, "Araz-Naxçıvan"dan transfer olunan braziliyalı mərkəz müdafiəçisinin əsas üstün cəhəti Azərbaycan çempionatını tanımasıdır: "Özünüz də diqqət yetirsəniz, son illərin tendensiyası belədir, bu yola bir çox klublar - Premyer Liqada yaxşı çıxış edən, digərlərindən imkanları ilə seçilənlər əl atırlar. O biri klublar da Azərbaycan çempionatında oynamış nə qədər futbolçu götürürlər. Çempionatımızın ən yaxşı müdafiəçilərindən birini götürmüşük. Əlbəttə, inanıram ki, bizə xeyir verəcək. Üstün cəhəti Premyer Liqanı tanımasıdır. Bildiyim qədərilə, özü də "Neftçi"yə keçməkdə israrlıdır. Çünki bəlli məsələdir: "Neftçi" flaqmandır. Əminliklə deyirəm ki, o, müdafiədə sonuncu transferimiz olmayacaq, ondan əlavə də olacaq. Amma ən azından, deyərdim ki, Ribeyronu götürə bildiyimiz üçün çox xoşbəxtəm".

Təcrübəli mütəxəssis transferlərin çətinliyindən də söz açıb: "Özünüz də bilirsiniz ki, illərdir transferlər etmək təkcə bizim üçün yox, hamıya çox çətindir. Futbolçunu razı salırsan, agentləri ortaya çıxır. Agentləri razı salmağa çalışırsan, klubları çıxır. Yəni, bu məsələlər daim "fırlanır". Sizə əminliklə demək istəyirəm ki, baxdığımız, danışdığımız və hazırda danışıqların getdiyi prosesdə adı keçən bir neçə futbolçu var. Onların keçidi sabah da, birisigün də alına bilər. Bunlardan əlavə, transfer elə bir şeydir ki, Azərbaycana gələrək, "Neftçi" və ya digər klubun müqaviləsinə imza atmayanadək transferin həyata keçdiyini demək həddindən artıq çətindir. Çünki 98 faiz əmin olduğun futbolçu üçün fikrini dəyişməsi baxımından qalan 2 faiz böyük rol oynayır. Bir də görürsən ki, əldən çıxır".

Abasovun sözlərinə görə, danışıqlar apardıqları futbolçuların aqibəti, bura gəlməmələri əsla klubla və rəhbərliklə bağlı deyil: "Dirəndiyimiz nöqtə futbolçuların agentləri, klubları kimi məsələlərdir. Bunlara baxmayaraq, istədiyim, bəyəndiyim futbolçu alınmasa belə, skaut departamentimiz var ki, daim işləyir. Bu departament sırf mənim nəzarətim altındadır. Bura gələn bütün transferlərə dair qərarı 100 faiz mən verirəm. Bəyəndiyim futbolçulardır ki, onlar bura gəlirlər. Yəni, sırf bizim nəzarətimiz altındadırlar".

Seçilən
10
38
teleqraf.com

10Mənbələr