2025-ci il iyulun 4-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Azadkənd kəndində səyyar qəbul keçirilib. Vətəndaşların müraciətlərini yerində dinləmək və qaldırılan məsələlərin operativ həllinə nail olmaq məqsədilə təşkil olunan görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Qəbul zamanı çıxış edən icra başçısı, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı və əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji islahatlar nəticəsində Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyub, xüsusilə bölgələrdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. İcra başçısı çıxışında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirlərinin tarixi əhəmiyyətinə də toxunub. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qüdrəti sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, uzun illər işğal altında qalmış torpaqlarımız azad olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzurda mühüm sosial infrastruktur obyektləri sürətlə inşa olunur, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı təmin edilir.
Görüşdə Azərbaycanın beynəlxalq arenada artan nüfuzuna da geniş yer ayrılıb. Vurğulanıb ki, mürəkkəb və dəyişkən geosiyasi şəraitdə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan etibarlı tərəfdaş və prinsipial mövqeyə malik dövlət kimi tanınır. Bu kontekstdə Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşünün uğurla keçirilməsi, bir sıra dövlət başçıları və yüksək vəzifəli nümayəndələrin tədbirdə iştirakı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinin bariz nümunəsidir. Bu mötəbər tədbirin məhz Xankəndidə keçirilməsi Azərbaycanın suveren hüquqlarının tam təmin olunmasının və azad edilmiş ərazilərin regional və beynəlxalq inteqrasiyada fəal iştirak etdiyinin mühüm siyasi və diplomatik göstəricisidir.
Görüşdə, həmçinin, ölkəmizin Türk dünyası ilə əlaqələrinə xüsusi yer ayrılıb. Bildirilib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə böyük önəm verir və bu münasibətlər regionda sülhün, sabitliyin və inkişafın mühüm dayağına çevrilməkdədir. Prezident İlham Əliyevin “Bizim Türk dünyasından başqa ailəmiz yoxdur” bəyanatı Azərbaycanın bu inteqrasiya prosesinə verdiyi strateji dəyərin və sarsılmaz sadiqliyin bariz ifadəsidir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması isə təkcə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa nəqliyyat bağlantısının yaradılması deyil, eyni zamanda türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edən mühüm strateji layihə kimi qiymətləndirilir.
Qəbul zamanı “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçiriləcək layihələr barədə də məlumat verilib. Yol infrastrukturunun yenilənməsi, məşğulluq imkanlarının artırılması və digər istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan nəzərdə tutulan tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Proqram çərçivəsində həmçinin mədən sənayesinin dirçəldilməsi, turizmin inkişafı, ipəkçilik və konserv istehsalı müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində də mühüm layihələrin reallaşdırılmasının planlaşdırıldığı, əlavə olaraq rayon ərazisində ABAD (Ailə Biznesinə Asan Dəstək) layihəsi çərçivəsində müxtəlif sahələri əhatə edəcək kiçik və orta biznes subyektlərinin yaradılması və inkişafına dəstək göstərilməsinin nəzərdə tutulduğu qeyd olunub.
Daha sonra sakinlərin kəndin ümumi problemləri ilə bağlı müraciətləri dinlənilib. Səsləndirilən məsələlər – içməli və suvarma suyu problemi, çörək sexinin açılması, kənd dükanının yenidən fəaliyyətə başlaması üçün zəruri sənədləşmə işlərinin tezləşdirilməsinə dəstək göstərilməsi və digər məqamlarla bağlı müraciətlər aidiyyəti üzrə məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb, bir sıra məsələlərin həlli üçün konkret tapşırıqlar verilib. Həlli müəyyən vaxt tələb edən müraciətlər isə nəzarətə götürülərək müvafiq qurumlara yönləndirilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirərək ölkə rəhbərliyinə təşəkkür ediblər.





