AZ

İƏT bir çox sahədə əməkdaşlıq üçün effektiv platformadır - MÜSİAD Azərbaycan rəhbəri

BAKI, TurkicWorld

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) nəqliyyat, enerji, ticarət və ətraf mühit sahələrində əməkdaşlıq üçün effektiv platforma rolunu oynayır.

TurkicWorld xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycan ictimai birliyinin rəhbəri Rəşad Cabirli bildirib.

"1985-ci ildə İran, Türkiyə və Pakistan tərəfindən təsis olunan ECO, 1992-ci ildən sonra Azərbaycan da daxil olmaqla postsovet məkanından altı yeni üzv ölkəni sıralarına qataraq genişləndi. Bu gün təşkilat 10 üzvü ilə nəqliyyat, enerji, ticarət və ətraf mühit sahələrində əməkdaşlıq üçün effektiv platforma rolunu oynayır" - deyə, o bildirib.

R.Cabirli həmçinin vurğulayıb ki, ECO-nun Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Toplantısı yeni siyasi və hüquqi reallıqların qəbul olunması baxımından mühüm əhəmiyyət daşıyır:

"3–4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Toplantısına ev sahibliyi edərək, regional tarixdə mühüm dönüş nöqtəsinə çevrildi. Bu tədbir həm iqtisadi tərəfdaşlıq baxımından, həm də bölgədə yaranmış yeni siyasi və hüquqi reallıqların qəbul olunması baxımından mühüm əhəmiyyət daşıyır."

Bununla yanaşı, o bildirib ki, təşkilatın əsas məqsədi region daxilində iqtisadi inteqrasiyanı gücləndirmək, dayanıqlı inkişafı təşviq etmək və ticarət yollarını daha səmərəli hala gətirməkdir.

Rəşad Cabirli, həmçinin, Xankəndi şəhərinin bu toplantıyakı roluna xüsusi vurğu edib.

"Zirvənin məhz Xankəndidə keçirilməsi təsadüfi deyil. Bu şəhər, yaxın keçmişdə münaqişə və böhranla yadda qalsa da, bu gün artıq bərpa, inkişaf və beynəlxalq əməkdaşlığın simvolu kimi çıxış edir. Azərbaycanın təşəbbüsü ilə burada keçirilən toplantı, həm ölkənin artan regional rolunu göstərir, həm də Qarabağ bölgəsinin regional inteqrasiyaya açıq və aktiv tərəf olduğunu sübut edir" - deyə, o qeyd edib.

Son olaraq o, bu toplantının dayanıqlı iqtisadi modelin formalaşdığı strateji başlanğıc nöqtəsi olduğunu bəyan edib.

"Xankəndidə keçirilən bu zirvə, yalnız yeni qərarların müzakirə edildiyi diplomatik platforma deyil, eyni zamanda dayanıqlı iqtisadi modelin formalaşdığı strateji başlanğıc nöqtəsidir.

Qarabağ bu gün artıq yalnız sülh simvolu deyil – o, bütün ECO regionu üçün iqtisadi tərəfdaşlıq, innovasiya və inteqrasiyanın mərkəzinə çevrilməkdədir. Xəritənin bu yeni mərhələsi Xankəndidən başlayır.

Yolumuz və bəxtimiz açıq olsun !" - deyə, o yekunlaşdırıb.

Seçilən
37
50
turkic.world

10Mənbələr