Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təsis edilməsinin 30 illik yubileyi münasibətilə Laçın şəhərində təntənəli tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Ardınca YAP-ın fəaliyyəti barədə hazırlanan videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov partiyanın yaranma tarixindən və keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, YAP Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi əsasında formalaşıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ən güclü siyasi qüvvəsi olaraq fəaliyyətini davam etdirir.
Qeyd olunub ki, YAP Laçın rayon təşkilatı 1995-ci il iyulun 19-da yaradılıb və ötən müddətdə ictimai-siyasi proseslərdə fəal iştirak edib.
Tədbirdə çıxış edən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji uğurlara imza atdığını vurğulayıb. O, eyni zamanda laçınlı köçkünlərin doğma yurda qayıdışını xüsusi qeyd edib.