Son vaxtlar gündəlik həyatımızda, xüsusən sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan xəbərlər arasında tez-tez diqqət çəkən məsələlərdən biri də təhlükəsizlik kameralarının ya ümumiyyətlə olmaması, ya da olsa belə işləməməsi ilə bağlıdır. Bu cür halların tez-tez rast gəlinməsi valideynlərin narahatlığını artırır. Avtosfer.az xəbər verir ki, bu barədə redaktor.az şəhər sakinləri arasında bu məsələ ilə bağlı kiçik bir sorğu keçirdik. Rəylər müxtəlif olsa da, əksəriyyət məktəblərdə kameraların zəruri olduğunu düşünür. 10-cu sinif şagirdinin anası bildirir ki, "Kamera mütləqdir. Bəzən sinifdə münaqişə yaranır, hər kəs günahı bir-birinin üstünə atır. Belə hallarda nə müəllim, nə də valideyn məsələni tam anlaya bilmir. Amma kamera olsa, hər şey aydın olar".
İbtidai sinif şagirdinin anası isə deyir:
"Bəzən böyük sinif şagirdləri ibtidai siniflərin çantalarına girirlər. Bu yaxınlarda oğlumun sinfində belə bir hadisə oldu. Kamera görüntülərinə baxmaq istədik, dedilər ki, kamera işləmir. Bu, həm təhlükəsizlik, həm də nizam-intizam baxımından ciddi problemdir".
Başqa bir valideyn isə məsələyə fərqli aspektdən yanaşır:
"Kameralar həm uşaqların, həm də müəllimlərin davranışına təsir edir. Bilirlər ki, izlənirlər və bu, məsuliyyət hissini artırır. Həm də valideyn olaraq övladımızın harada və necə olduğunu bilmək bizə psixoloji rahatlıq verir".
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, məktəblərdə təhlükəsizlik tədris və təhsildən də önəmli məsələdir:
"Təhlükəsizlik mütləq mənada bütün müəssisələrdə təmin olunmalıdır. Kamera olduğu zaman insanlar biləcək ki, həmin məkan izlənilir hər hansısa bir problem yaranarsa, fiziki şiddət olarsa şagirdlər rahatlıqla şikayət edə biləcəklər, çünki çəkilən görüntülər sübutları olacaq".
Müsahibimizin sözlərinə görə, məktəblərimizdə bir çox məkan var ki, müəllimlərin nəzarətində olmur.
"Hər məkanda, otaqda növbətçi müəllim yoxdur. Ona görə də, şagirdlərin çoxu məktəbdə özlərini təhlükəsiz hiss etmirlər. Bu səbəbdən məktəblərdə mütləq mənada hər otaqda, dəhlizlərdə kamera olmalıdır. Bütün siniflərdə kamera olması müəllimlər üçün stres yarada bilər, amma düşünürəm ki, peşəkar müəllim üçün bunun heç bir fərqi olmamalıdır. Ancaq bir nüansda var ki, bu qeydlər hər bir valideynin özəl telefonunda birbaşa izlənməməlidir, məktəb rəhbərliyində olmalı və əgər ehtiyac yaranarsa, təhlükəsizlik məqsədilə valideynədə izlədilməlidir", - deyə Q.Məhərrəmov vurğuladı.