Səfər çərçivəsində Özbəkistanın Bakıdakı səfirliyinin yeni binasının açılışı, “Özbəkistan” parkının təməlinin qoyulması, həmçinin Prezident İlham Əliyev və Şavkat Mirziyoyevin “Sea Breeze” istirahət mərkəzinə birgə səfəri, ikitərəfli münasibətlərin siyasi, iqtisadi və mədəni ölçülərini əks etdirən mühüm hadisədi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri, hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpünün möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan, türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasını təşviq etmək məqsədi ilə birgə fəaliyyət göstərirlər. Səfər zamanı keçirilən Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının ikinci iclası, iki ölkə arasında institusional əməkdaşlığın yeni səviyyəyə qaldırıldığını göstərdi.

Bu iclas, 2023-cü ildə imzalanmış Ali Dövlətlərarası Şura haqqında sazişə əsaslanaraq, ikitərəfli münasibətlərin strateji xarakterini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistanla münasibətlər Azərbaycanın xarici siyasətində prioritetdir və bu, türk dünyasının birliyi ideologiyasının siyasi reallığa çevrilməsinin bariz nümunəsidir. Səfərin regional kontekstdəki əhəmiyyəti, Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını birləşdirən geosiyasi və iqtisadi layihələrdəki rolunu gücləndirməsindədir.
Bu barədə “turaninsesi.az” – a Milli Məclisin deputatı Nəsib Məhəməliyev fikir bildirib.
Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələr, iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığını dərinləşdirərək, regionun qlobal ticarət şəbəkəsindəki yerini möhkəmləndirir. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında saziş və niyyət protokolları imzalandı.İmzalanan sənədlərə gəldikdə isə, kənd təsərrüfatı və ərzaq təminatı , gəmiçilik və gəmiqayırma sahələri, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması,elm, peşə təhsili və ali təhsil ,sosial müdafiə, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq,
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol xəritəsi”di.İmzalanan sənədlər, ikitərəfli münasibətlərin iqtisadi, mədəni və siyasi sahələrdə inkişafına yönəlib.
Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı verdiyi bəyanat həm siyasi, həm iqtisadi, həm də ideoloji baxımdan mühüm strateji əhəmiyyətə malikdir. Bəyanatda Azərbaycanın regional və beynəlxalq əməkdaşlıq strategiyasının konturları, türk dövlətləri ilə müttəfiqlik siyasətinin ardıcıllığı və yeni geoiqtisadi reallıqlarda formalaşan çoxtərəfli tərəfdaşlıq nümunəsi aydın şəkildə əks olunur.

Siyasi baxımdan, bəyanat iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin dərinləşdiyini və bunun artıq rəsmi hüquqi çərçivəyə salındığını göstərir. Bəyanatda Qarabağın bərpası ilə bağlı göstərilən təşəbbüslər isə Özbəkistanın Azərbaycanla həmrəylik nümayiş etdirdiyini, bu həmrəyliyin konkret addımlarla möhkəmləndiyini sübut edir. 2024-cü ilin avqustunda Şavkat Mirziyoyevin erməni işğalından azad olunmuş Füzuli və Şuşa rayonlarına səfəri, Qarabağda bərpa-quruculuq işlərinə verdiyi dəstək liderlər arasında formalaşmış şəxsi və siyasi əlaqələrin nəticəsidir.

Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə çatması uzunmüddətli strateji baxışın nəticəsidir. Münasibətlərin dərinləşməsində liderlərin qarşılıqlı siyasi iradəsi ilə yanaşı, ortaq tarix, mədəni yaddaş və çağdaş dünyada eyni geosiyasi risklərə və imkanlara malik olmaları əsas rol oynayır. İqtisadi kontekstdə, Azərbaycanla Özbəkistan arasında qarşılıqlı investisiyalar, nəqliyyat-logistika dəhlizləri və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri strateji önəm daşıyır.
Birgə İnvestisiya Fondunun yaradılması və artıq 10-dan çox layihənin icra mərhələsinə çatması, iqtisadi əlaqələrin sadəcə niyyət bəyannaməsi ilə deyil, real iqtisadi mexanizmlərlə inkişaf etdirildiyini sübut edir. Xüsusilə Orta Dəhliz çərçivəsində daşımaların genişləndirilməsi və Azərbaycanın nəqliyyat infrastrukturunun bu yükü qəbul etməyə hazır olması, ölkəmizi bölgədə vacib tranzit və ticarət qovşağına çevirir. Bununla yanaşı, mehmanxana, kənd təsərrüfatı və sənaye sahələrində həyata keçirilən layihələr, iqtisadi əməkdaşlığın şaxələndirilməsi baxımından vacibdir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin bu bəyanatı, Azərbaycan-Özbəkistan münasibətlərinin strateji dərinliyini, türk dünyasında qarşılıqlı etimad və tərəfdaşlıq modelinin praktikaya keçdiyini və Azərbaycanın regional lider kimi formalaşan yeni Avrasiya düzənindəki rolunu bir daha təsdiq edir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri regional və qlobal miqyasda da əhəmiyyətli təsirlərə malikdir. Azərbaycan və Özbəkistan, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını birləşdirən strateji rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələr, iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığını gücləndirir.
Özbəkistanın bu layihələrdə fəal iştirakı, Çindən Avropaya uzanan Orta Dəhlizin potensialını artırır və regionun qlobal ticarətdəki rolunu möhkəmləndirir. Qlobal səviyyədə, Azərbaycan və Özbəkistanın BMT, TDT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda birgə fəaliyyəti, hər iki ölkənin beynəlxalq nüfuzunu artırır.