AZ

Sumqayıt şəhərində “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” mövzusunda tədbir keçirilib - FOTOLAR

Sumqayıt şəhərində Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” mövzusunda tədbir keçirilmişdir.

QHT.az xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xoşqədəm Alıyeva, Sumqayıt KOB dostu nümayəndələri Xəyal Məmmədzadə və Natiq Zərbi, Sumqayıt Qadın Resurs Mərkəzinin rəhbəri Günel Ələkbərova, eləcə də Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkün qadınlar, şəhid ailələrinin üzvləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova layihənin məqsədi, hədəfləri və donor təşkilat barədə iştirakçılara ətraflı məlumat vermişdir. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə işğaldan azad olunmuş ərazilərdə yaranan yeni sosial-iqtisadi reallıqlar, məşğulluq problemləri və qadınların iqtisadi iştirakının artırılması məsələləri geniş müzakirə olunmuşdur.

Layihənin eksperti Rəşad Həsənov çıxışında bildirmişdir ki, uzun illər davam edən işğal və məcburi köçkünlük insanların həyat şəraitini tamamilə dəyişmişdir. O qeyd etmişdir ki, yeni şəraitə uyğunlaşmaq, iş tapmaq və ailənin gəlir mənbəyini formalaşdırmaq çətin və ağrılı prosesdir:

"İşğaldan azad olunmuş ərazilərdə davamlı məşğulluğun təmin olunması ən vacib məsələlərdən biridir. Qadınların əmək bazarındakı rolu ildən-ilə artır və onların məşğulluq imkanlarının genişləndirilməsi üçün peşə bazarının inkişafı, yeni iş yerlərinin yaradılması vacibdir. Azad olunmuş ərazilərdə iqtisadi fəaliyyət əsasən kənd təsərrüfatı və xidmət sektorlarına yönələcək, qadınların bu sahələrdə peşə bacarıqlarının artırılması prioritet olmalıdır."

KOBİA-nın nümayəndəsi Natiq Zərbin sahibkarlığın dəstəklənməsi üçün dövlətin təqdim etdiyi mexanizmlər barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanda sahibkarlıqla məşğul olmaq istəyən şəxslərə hüquqi yardım, biznes planlarının hazırlanması və maarifləndirici tədbirlər təqdim olunur:

"İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı üçün infrastruktur işləri sürətlə davam edir və xüsusilə qadınların bu sahələrdə aktivliyi vacibdir. Dövlət proqramları çərçivəsində 2026-cı ilə qədər 12 min şəxsin peşə təlimlərinə cəlb olunması planlaşdırılır."

O əlavə etmişdir ki, KOBİA-nın qapıları hər kəsə açıqdır və istənilən şəxs müraciət edərək dəstək ala bilər.

Günel Ələkbərova qadınların sahibkarlıq sahəsində qazandıqları uğurlara diqqət çəkmişdir. O qeyd etmişdir ki, yerli xanımların istehsal etdikləri məhsullar artıq İngiltərə, Amerika və digər xarici ölkələrə ixrac edilir:

"Bizim xanımlarımızın hazırladıqları məhsullar həm ölkə daxilində, həm də xaricdə böyük tələbata malikdir. Peşə təlimləri qadınların özünəinamını bərpa etməyə, sosial izolasiya vəziyyətindən çıxmağa və iqtisadi müstəqilliyə çatmağa imkan verir."

Günel xanım əlavə etmişdir ki, bu təşəbbüslər nəticəsində qadınlar sosial-psixoloji dəstək alır, özlərini reallaşdırmaq üçün şərait əldə edir və artıq 15-dən çox rayonda uğurlu sahibkar qadın nümunələri mövcuddur.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov qadınların maariflənməsi və peşə yönümünün inkişafının cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir:

"Qadınlar nə qədər savadlı və məlumatlı olarsa, ümumi cəmiyyət də bir o qədər inkişaf etmiş sayılır. Müasir dövrdə artıq diplom təkcə işə qəbul üçün əsas deyil, peşə təhsili və sertifikatların rolu artır. Peşəkar sənətkarların qazancı ali təhsilli şəxslərin qazancından belə yüksək ola bilər."

Fərman müəllim əlavə etmişdir ki, məqsəd gənclərin real əmək bazarının tələblərinə uyğun peşələrə yönəldilməsi və işsizliyin qarşısının alınmasıdır.

Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xoşqədəm Alıyeva çıxışında azad olunmuş torpaqlara mərhələli qaydış və bərpa-quruculuq işləri barədə məlumat vermişdir:
"Bu ilin sonuna qədər Mağruzlu və Zilanlı kəndlərinə köç başlayacaq və rayon rəhbərliyi sakinlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün daim dəstək göstərir. Xanımların sahibkarlıq fəaliyyəti və peşə sahələrində iştirakı rayonun və ölkənin inkişafına mühüm töhfə verir."

Tədbirin sonunda iştirakçılarla geniş fikir mübadiləsi aparılmış, qadınların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində gələcək addımlar və əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Layihənin rəhbəri Elnarə Məhərrəmova layihənin donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilinə və həyata keçirilməsinə verdiyi dəstəyə görə Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova, Qubadlı İcra Hakimiyyətinin başçısı Malik İsaqova və tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.

Seçilən
2
15
qht.az

10Mənbələr