Əyyub Kərimli: “Bu istiqamətlərdə oynadığı mühüm rol, sözsüz ki, ECO ölkələri üçün Azərbaycanın əhəmiyyətini daha da artırır”
Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Belə bir mötəbər tədbirin azad Xankəndidə keçirilməsinin, sözsüz ki, dərin mənaları, uzağa hesablanmış hədəfləri var.
Qeyd edək ki, ölkəmiz ECO-nun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşlərinə də uğurla ev sahibliyi edib.
Dəfələrlə söylənildiyi kimi, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Onu da bilirik ki, ölkəmizin zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Azərbaycan yerləşdiyi geostrateji mövqe sayəsində həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Ölkəmiz bu marşrutların texniki və logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional tranzit imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır. Bu baxımdan, ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi təşəbbüslərin reallaşdırılmasında Azərbaycanın rolu danılmazdır.
ECO-nun indiyə qədər 2 sammiti - 2006 və 2012-ci il sammitləri Azərbaycanda keçirilib. İndi də ölkəmiz ECO-nun 17-ci sammitinə ev sahibliyi edir. 13 ildən sonra sammitin yenidən Azərbaycana qayıtmasının səbəbləri varmı?
“Azərbaycanın imkanları, bu sahəyə verdiyi töhfələr, belə ciddi məsələlərdə oynadığı mühüm rol İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin bilavasitə marağına cavab verir”
İqtisadçı ekspert Əyyub Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, ECO artıq üçüncü dəfədir Azərbaycanda keçirilir: “Əvvəlki iki tədbirdən fərqli olaraq, əlbəttə, Azərbaycanın yeni geostrateji və iqtisadi mövqeyi bu illər ərzində daha güclənib. Torpaqlarımız işğaldan azad olunub, bu da ölkəmizin qarşısındakı iqtisadi hədəflərin və iqtisadi siyasətin yenilənməsinə səbəb olub. Digər tərəfdən, sözsüz ki, ölkəmizin unikal coğrafi mövqeyi və xarici siyasi əlaqələrin möhkəmlənməsi, regionda mövqeyinin güclənməsi yeni imkanlar yaradır. Bu gün ölkəmizin logistika-nəqliyyat sahəsində böyük islahatlar və investisiyalar hesabına imkanları genişlənib, logistika imkanları artıb. Həm yeni beynəlxalq hava limanlarının sayının artması, həm bu gün beynəlxalq dəniz limanının yükdaşıma imkanlarının genişlənməsi, avtomobil yollarının uzunluğunun, müvafiq keyfiyyətinin artırılması, həmçinin dəmir yolunun inkişafı və ölkəmizin qonşularla həyata keçirdiyi iqtisadi və siyasi əlaqələr Azərbaycanın coğrafi və iqtisadi imkanlarını, əhəmiyyətini artırıb. Sözsüz ki, Azərbaycanın imkanları, bu sahəyə verdiyi töhfələr, belə ciddi məsələlərdə oynadığı mühüm rol İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin bilavasitə marağına cavab verir. Həmçinin ECO-nun elan etdiyi mövzular bu gün həm də ölkəmizin milli prioritetlərinə daha uyğundur. Bilirsiz ki, Azərbaycan 1002-ci ildən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olub, burda da müxtəlif istiqmətlər, o cümlədən də iqtisadiyyat sahəsi üzrə əməkdaşlıq həyata keçirilib”.
Ə.Kərimli qeyd etdi ki, Azərbaycan bu təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir.
Ekspert vurğuladı ki, burda əsasən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi layihələri, turizm istiqamətində nəqliyyat-logistika imklanlarını vurğulamaq olar. “Bunlar və Zəngəzur dəhlizi prespektivləri də daxil olmaqla bu gün prioritet olan Orta Dəhliz və Şərq-Qərb istiqaməti üzrə nəzərdə tutulan dəhlizin Azərbaycan əsas bir elementidir. Bu istiqamətlərdə oynadığı mühüm rol, sözsüz ki, ECO ölkələri üçün Azərbaycanın əhəmiyyətini daha da artırır. Azərbaycan bu ölkələrin aparıcı iqtisadi halqasıdır. Hesab edirəm ki, hazırkı sammit keyfiyyətcə, mahiyyətcə, miqyasca, daşıdığı missiya baxımından əvvəlkilərdən fərqlənir. Bu sammit qarşısında duran missiyalar, prioritetlər və başqa məsələlər baxımından daha geniş imkanlara malikdir”.
Ə.Kərimli qeyd etdi ki, bu sammitin üçüncü dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizə göstərilən etimadın, inamın bariz nümunəsidir.
İradə SARIYEVA