AZ

Pezeşkian bir ilə yaxındır türk dilində tədrislə bağlı bir qarış da addım atmayıb Politoloq

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranda yaşayan çoxmilyonlu Azərbaycan türkü ana dilində tədris almaqdan məhrumdur. Türk dilində məktəb tələbi müxtəlif hökumətlərin dövründə qaldırılsa da, bu məsələ indiyədək öz həllini tapmayıb.

İran Prezidenti Məsud Pezeşkian bir Azərbaycan türkü olaraq Güney Azərbaycanda türk dilində tədrisi mümkün edə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, İranda fars olmayan etnik qrupların ana dilində məktəblərin olması, bu dildə kitabların, qəzetlərin çap olunması, radioların fəaliyyət göstərməsi İran Konstitusiyasında təsbit olunub:

"İran Konstitusiyasına əsasən bu, ölkənin milli birliyinin güclənməsinə xidmət edən bir amildir. Amma təəssüflər olsun ki, Konstitusiya qəbul edildiyi 45 il ərzində bu müddəa icra olunmur və bu müddəanın icra olunmasına cəhd belə göstərilməyib. Onun həyata keçməsini tələb edənlər təqib olunub, təzyiqə məruz qalıb və s.

Azərbaycan türklərinin İranda sayı əhəmiyyətli dərəcədə çoxdur. Belə olmasına baxmayaraq, bu dildə bir ibtidai sinif belə yoxdur. İranda Ana dilinin tədrisini isə azərbaycanlılar yalnız özəl qruplar yaratmaqla öyrənir. Azərbaycan milli mədəniyyəti də eyni şəkildədir. Azərbaycan milli rəqslərini, musiqisini öyrənən, öyrədən, təbliğ edən müəllim və tələbələrə təzyiq edilir.

İllər öncə Təbriz Universitetində Azərbaycan dili ilə bağlı fakültativ qrup yaradılmışdı. Bu qrup əvvəl türklər idi, sonradan farslarla dəyişdirildi. Bununla bağlı etirazlar oldu, amma təsiri olmadı.

Ötən il Məsud Pezeşkian prezident seçkisi qabağı təbliğat kampaniyasında Azərbaycan türkcəsində məktəblərin olmasına dair bir öhdəlik götürdü. Amma bir ilə yaxındır bu istiqamətdə İran hökuməti bir qarış addım belə atmayıb. Heç bir fəaliyyət göstərilməyib. Nə kadrlar formalaşıb, nə də proqram yaradılmayıb".

Politoloq dedi ki, bu məsələ ilə bağlı bir qarış addım belə atılmayıb.

"Amma İran Konstitusiyasında yazılan maddələrin hamısını hökumət həyata keçirir. Daha doğrusu, hökumət onu icra etməyə borcludur. Əgər dövlət dili kimi sayılan fars dilinin təbliğatı, onu dünyada, regionda yayılmasıyla bağlı fəaliyyət göstərirsə, - bunu da əsaslandırırlar ki, dövlət dili fars dilinin təbliğatı onlar üçün vacibdir, - Konstitusiyada fars olmayan dillərin, o cümlədən Azərbaycan türkcəsində məktəblərin olması da nəzərdə tutulub. Amma niyə məhz Konstitusiyasının bu kimi maddələri həyata keçirilmir? Məsud Pezeşkian hökumət başçısı, prezident olaraq bu məsələni həyata keçirmək borcu, vəzifəsi və seçkiqabağı vədidir. Görünür ki, farslar türklərin bu kimi məsələlərini özlərinə, hakimiyyətə lazım olanda istifadə edir. Ötən ilki hadisələr, yəni seçkiqabağı baş verənlər bunu təsdiqlədi", - deyə Sədrəddin Soltan qeyd etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
17
redaktor.az

10Mənbələr