Bakı, 4 iyul, AZƏRTAC
2024-2025-ci tədris ilində 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə tələbə qəbulu aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024–2025-ci tədris ilinə dair hesabatında yer alıb.
Məlumatda qeyd olunub ki, bu il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub.
2024-2025-ci tədris ilində peşə təhsili müəssisələrinə ümumilikdə 24 min 821 nəfər qəbul olunub. Onlardan 15 min 890 nəfəri kişi, 8931 nəfəri (36 faiz) qadındır. 21 min 179 nəfər (85 faiz) dövlət sifarişli, 3642 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub. Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub. Həmçinin 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21 faiz artıb.
Qəbul planında son 4 ildə dövlət sifarişli yerlərin sayı 64 faiz artıb. Bu, 2021-2022-ci tədris ilində 14 min 160, 2022-2023-cü tədris ilində 16 min 40, 2023-2024-cü tədris ilində 18 min 290, 2024-2025-cü tədris ilində isə 23 min 185 nəfər olub.